AZ

Cinayət və cəza: Vardanyanın DOSYESİ

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunub.

Hökmə əsasən, R.Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Modern.az Ruben Vardanyanın Azərbaycan əleyhinə cinayətlərini və maliyyə fırıldaqlarını analiz edib.

Ruben Vardanyan 2022-ci ilin payızında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə - Qarabağa Laçın yolu vasitəsilə daxil olub. Azərbaycan tərəfindən bu, təbii olaraq, dövlət sərhədinin qanunsuz keçilməsi kimi qiymətləndirildi. Onun Qarabağa gəlişi bir sıra suallar doğurdu. Azərbaycan rəsmilərinə görə, Vardanyan bölgədə separatizmin maliyyələşdirilməsi və onun siyasi baxımdan möhkəmləndirilməsi üçün gətirilmiş fiqur idi.

O 1 illik fəaliyyəti ərzində maliyyə şəbəklələri vasitəsilə separatizmin iqtisadi dayaqlarını möhkəmləndirməyə çalışıb. Belə ki, Vardanyan tərəfindən qanunsuz silahlı birləşmələrin saxlanılması üçün maliyyə axınları təşkil olunub, xaricdəki erməni diaspor strukturları ilə koordinasiyalı fəaliyyət qurulub. Eyni zamanda Qarabağdakı separatçı rejimin beynəlxalq səviyyədə legitimləşdirilməsi üçün PR və lobbiçilik mexanizmləri işə salınıb.

Məhz bütün bu addımlara əsasən ona qarşı “terrorçuluğun maliyyələşdirilməsi” maddəsi ilə ittiham irəli sürülüb. Hətta, Togarma erməni teleqram kanalının həmin dövrdəki paylaşımında Ruben Vardanyanın öz vəsaitindən "Artsax"a 50 milyon dollar bağışlamaq təşəbbüsü ilə çıxış etməsi qeyd edilmişdi. Hətta“Dövlət naziri” vəzifəsindən uzaqlaşdırılan Ruben Vardanyan Qarabağı tərk etmək istəmədi, əksinə “Bizim dağlar” adında fond təsis edərək işğal altındakı ərazilərimizdə fəaliyyətini genişləndirməyə çalışdı. O, Azərbaycana qarşı mübarizəsini davam etdirəcəyini bildirib. Qarabağda sosial sahəyə, təhsilə və mülki müdafiə sisteminin təkmilləşməsinə dəstək verəcəyini söyləyən Vardanyan bölgəyə gəldiyi gündən-haqqında danışdığı çalışmalara 4 milyon dollar xərcləyib. Məhz bu da beynəlxalq hüquq kontekstində ağır cinayət kimi qiymətləndirilir.

Silahlı müqavimətin və 2023-cü il hadisələri

2023-cü ilin sentyabrında Azərbaycan lokal antiterror tədbirləri keçirdi. Bu zaman, rəsmi Bakı bəyan etdi ki, bölgədə hələ də qeyri-qanuni silahlı dəstələr fəaliyyət göstərir və bu strukturların maliyyə-siyasi dayaqları mövcuddur. Vardanyanın adı həmin dayaqların mərkəzi fiqurlarından biri kimi hallandırıldı.Qeyd edilirdi ki, o, silahlı müqavimətin davam etdirilməsini təşviq edib, Azərbaycan suverenliyinə qarşı siyasi çağırışlar səsləndirib və separatçı strukturların fəaliyyətinin davamlılığı üçün iqtisadi təminat mexanizmi qurulub.

Saxlanılma və cinayət işi

2023-cü ilin sentyabrında Vardanyan Azərbaycan tərəfindən saxlanıldı.

Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olundu və təqsiri tam sübuta yetirildi.

Vardanyanın beynəlxalq maliyyə fırıldaqları

Son illər adı təkcə Qarabağdakı siyasi proseslərdə deyil, beynəlxalq maliyyə araşdırmalarında da hallanan Ruben Vardanyanın biznes keçmişi yenidən diqqət mərkəzinə gəlib. Xüsusilə 2019-cu ildə üzə çıxan “Troika Laundromat” araşdırması onun adını qlobal miqyaslı maliyyə sxemi ilə yanaşı çəkdi.

“Troika Laundromat” nədir?

Araşdırma OCCRP (Organized Crime and Corruption Reporting Project) tərəfindən tərəfdaş media qurumları ilə birlikdə 2019-cu ildə yayımlanıb. Qeyd edilib ki, Troika Dialog ilə əlaqəli ofşor şirkətlər şəbəkəsi yaradılıb. Bununla da 2006–2013-cü illər arasında təxminən 4,6 milyard ABŞ dolları müxtəlif ölkələr arasında köçürülüb və əməliyyatlarda əsasən Litva bank sistemindən istifadə olunub. Pul vəsaiti isə Avropa bankları tərəfindən dövr etdirilib.Formal olaraq müstəqil görünən şirkətlərin bir mərkəzdən idarə olunub və vəsaitlərin mənşəyi və son təyinatı bir çox hallarda qeyri-şəffaf olub. Araşdırmada göstərilir ki, həmin dövrdə Ruben Vardanyan "Troika Dialog"un rəhbərliyində təmsil olunub.

“Danske Bank” xətti

Araşdırmada əməliyyatların bir hissəsinin Estoniyadakı "Danske Bank" filialı vasitəsilə həyata keçirildiyi iddia olunurdu. Sonradan Danske Bank özü də Avropanın ən böyük çirkli pul qalmaqallarından biri ilə üzləşdi. Bank milyardlarla dollar həcmində şübhəli tranzaksiyalara görə beynəlxalq araşdırmaların mərkəzinə düşdü.

OCCRP materiallarında "Troika" ilə əlaqəli şirkətlərin bu bank üzərindən əməliyyatlar apardığı göstərilsə də, bu fakt Ruben Vardanyanın birbaşa cinayət məsuliyyəti daşıması barədə hüquqi qərarla nəticələnməyib.

Sanksiya məsələsi və reputasiya riski

2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən sonra Vardanyanın Rusiya biznes elitası ilə əlaqələri yenidən beynəlxalq medianın diqqətinə gəldi. Beləliklə, o, Rusiya vətəndaşlığından imtina etdiyini açıqladı. Bununla da o, sanksiyalardan yaxa qurtara bildi. Hazırda ona qarşı ABŞ və ya Avropa İttifaqı tərəfindən ona fərdi sanksiya qərarı tətbiq olunmayıb. Lakin beynəlxalq media mühitində onun adı “yüksək reputasiya riski” daşıyan fiqurlar sırasında çəkilir.

Seçilən
44
50
turkustan.az

6Mənbələr