AZ

İslam İnkişaf Bankı Azərbaycanda kənd təsərrüfatının inkişafına iri həcmli kredit ayırıb

İslam İnkişaf Bankı (IsDB) "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinə uyğun olaraq, suvarma suyunun itkilərinin əhəmiyyətli dərəcədə azaldılması və kənd ərazilərinin dayanıqlı inkişafına dəstək vasitəsilə kənd təsərrüfatı məhsuldarlığının artırılması məqsədilə Azərbaycana 436,67 milyon ABŞ dolları həcmində maliyyə vəsaiti ayırıb.

Day.Az bu barədə banka istinadən xəbər verir.

Qeyd olunur ki, layihə həmçinin "yaşıl" iqtisadi artımın təşviqinə, iqlim dayanıqlığının gücləndirilməsinə və uzunmüddətli ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək.

"Təsdiqlənmiş layihələr İslam İnkişaf Bankının üzv ölkələrdə dayanıqlı və inklüziv iqtisadi artımın təşviqinə yönəlmiş strateji yanaşmasını əks etdirir. İnfrastruktur, energetika, su ehtiyatları, nəqliyyat və sənaye inkişafı sahələrində əsas problemlərin həlli bu təşəbbüslərin uzunmüddətli təsirini təmin edəcək və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasına mühüm töhfə verəcək", -deyə məlumatda bildirilir.

Həmçinin vurğulanır ki, IsDB İcraçı Direktorlar Şurasının (BED) bankın prezidenti Məhəmməd Əl-Cəssirin sədrliyi ilə keçirilmiş 364-cü iclasında bir sıra transformasiya xarakterli layihələr üçün ümumilikdə 2,41 milyard ABŞ dolları məbləğində maliyyələşmənin təsdiq olunduğunu elan edib.

Məlumata əsasən, bu qərar Bankın regional əməkdaşlığın gücləndirilməsinə, iqtisadi inkişafın təşviqinə, o cümlədən iqlimyönümlü və ətraf mühitin qorunmasına yönəlmiş investisiyaların artırılmasına, eləcə də üzv ölkələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə sadiqliyini əks etdirir.

Seçilən
5
1
day.az

2Mənbələr