AZ

Azərbaycan elminin strateji transformasiyası və yeni inkişaf paradiqması

Azərbaycan

Milli Elmlər Akademiyasının yaradılması 1945-ci ildə xalqımızın intellektual

tarixində mühüm dönüş nöqtəsi idi. Akademiyanın fəaliyyəti sovet dövründə

fundamental elmin inkişafına xidmət etmiş, müstəqillik dövründə isə yeni dövlət

quruculuğu prosesinin intellektual təminatçılarından birinə çevrilmişdir.

Müasir

dövrdə qlobal iqtisadiyyatın texnoloji əsaslara keçidi elmin rolunu keyfiyyətcə

dəyişmişdir. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il

noyabrın 3-də AMEA-nın 80 illik yubileyində etdiyi çıxış yalnız yubiley

xarakterli nitq deyildi, o, dövlətin elmi-texnoloji inkişaf strategiyasının

konseptual ifadəsi kimi qiymətləndirilməlidir. Bu çıxışda Azərbaycan elminin gələcək

inkişaf istiqamətləri, onun iqtisadiyyat, texnologiya, milli təhlükəsizlik və

dövlət quruculuğu ilə əlaqələri sistemli şəkildə təqdim edilmiş və vəzifələr müəyyən

olunmuşdur.

 

Elmin dövlətin

yeni inkişaf modelində yeri: postresurs paradiqması

 

Prezident

İlham Əliyev çıxışında müasir dövlətlərin inkişaf modelinin əsasını təşkil edən

amilləri belə müəyyən edir: "Hər bir ölkənin inkişafını təbii resurslar

yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı

müəyyən edir". Bu tezis dövlətin inkişaf fəlsəfəsinin klassik resurs

modelindən bilik və texnologiya modelinə keçdiyini göstərir. Amerikalı

iqtisadçı Paul Romer tərəfindən irəli sürülmüş endogen iqtisadi artım nəzəriyyəsinə

görə, iqtisadi inkişafın əsas mənbəyi məhz bilik və texnologiyadır. Bu nəzəriyyə

göstərir ki, bilik digər resurslardan fərqli olaraq tükənmir, əksinə, istifadə

olunduqca artır. Prezident bu yanaşmanı daha da konkretləşdirərək qeyd edir:

"Tükənməz sərvət isə intellektual potensialdır".

Elmin dövlət

siyasətində statusu fundamental şəkildə dəyişir və o, iqtisadi inkişafın əsas

strateji resursuna çevrilir. Tarixi təcrübə göstərir ki, Yaponiya və Cənubi

Koreya zəngin təbii resurslara malik olmasalar da, güclü elmi potensial sayəsində

inkişaf etmiş ölkələrə çevrilmişlər. Çünki innovasiya və texnologiyalar

iqtisadi artımın əsas mənbəyinə çevrilmiş və bu yanaşma beynəlxalq təşkilatların

hesabatlarında öz əksini tapmışdır.

 

Elmin

texnoloji transformasiyası və süni intellekt prioriteti

 

Prezident

çıxışında texnoloji inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri

kimi müəyyən edir: "Texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır

və burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür". Bu fikir Azərbaycan

elmi qarşısında konkret strateji vəzifələr qoyur. Xüsusi diqqətçəkən məqam süni

intellektlə bağlı verilən siyasi mesajdır: "Süni intellekt… ölkələrin gələcək

inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq". Bu yanaşma

Azərbaycan elminin texnoloji modernləşmə mərhələsinə daxil olduğunu açıq göstərməklə

"Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt

strategiyası"nda irəli sürülən vəzifələri bir daha təsdiq edir.

Strategiyada

süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün dövlət

və özəl sektor arasında əməkdaşlıq, akademik və elmi tədqiqatların gücləndirilməsi,

startap və innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət

yetirilir. Beynəlxalq təcrübəyə baxsaq görərik ki, Kanada dünyada süni

intellekt üzrə strategiyanı ilk hazırlayan ölkələrdən biri olaraq

"Pan-Canadian AI Strategy" ilə bu sahədə innovasiyaları artırmaq və

süni intellektin cəmiyyətə müsbət təsirlərini təşviq etməyi, Amerika Birləşmiş

Ştatları "American AI Initiative" strategiyası vasitəsilə müvafiq sahədə

tədqiqat və innovasiyaları maliyyələşdirməyi, Çin "Next Generation AI

Development Plan" çərçivəsində qlobal liderliyi hədəfləməyi, "AI

City" kimi layihələr vasitəsilə şəhərlərin idarə olunmasında süni

intellekt texnologiyalarından istifadə etməyi, Yaponiya "Cəmiyyət

5.0" konsepsiyası çərçivəsində texnologiyanın insan rifahına xidmət etməsini

prioritet götürməyi, "Avropa Süni İntellekt Strategiyası"nda süni

intellektin tətbiqi zamanı etik prinsipləri və sosial dəyərləri ön plana

çıxarmağı hədəfləyir.

Hazırkı

qlobal geosiyasi və iqtisadi mühitdə digər dövlətlərin transmilli texnoloji

şirkətlər tərəfindən süni intellekt texnologiyaları vasitəsilə Azərbaycanın

milli strateji prioritetlərinə təsir göstərilməsi istisna olunmur. Bununla

yanaşı, terrorçu təşkilatlar və beynəlxalq kriminal qruplaşmalar tərəfindən bu

texnologiyalardan istifadə meyilləri hüquq-mühafizə orqanları üçün yeni

çağırışlar yaradır. Süni intellektin tətbiqi ilə ölkəmizə qarşı dezinformasiya

hücumlarının həyata keçirilməsi cəhdlərinin, saxta kontent, o cümlədən

"deepfake" audio-video materiallardan istifadənin artması da istisna

deyil. Göstərilən təhdidlərin qarşısının alınması və onlara qarşı əks-tədbirlərin

həyata keçirilməsi üçün süni intellekt alətlərindən istifadə genişləndirilməlidir.

Müasir tədqiqatlar

göstərir ki, süni intellekt texnologiyaları həm də iqtisadiyyatın bütün sahələrini

transformasiya edən əsas texnoloji faktordur. Prezidentin bu çağırışı Azərbaycan

elminin fundamental tədqiqat modelindən innovasiya və texnologiya modelinə

keçidini zəruri edir.

 

Elmin

iqtisadi sistemə inteqrasiyası: innovasiyayönümlü model

 

Amerikalı

iqtisadçı Joseph Schumpeter innovasiyanı iqtisadi inkişafın əsas faktoru kimi

qiymətləndirmiş və onu "yaradıcı dağıdıcılıq" prosesi adlandırmışdır.

İnnovasiyayönümlü model elmi biliklərin yeni texnologiyalara, məhsullara və

xidmətlərə çevrilməsi prosesini əhatə edir. XXI əsrdə iqtisadi inkişafın əsas hərəkətverici

qüvvəsi təbii resurslar deyil, elm, texnologiya və innovasiyadır. Bu səbəbdən

müasir dövlətlər elmi fəaliyyətin iqtisadi sistemə inteqrasiyasını strateji

prioritet kimi müəyyən edirlər. İnnovasiyayönümlü model elmi biliklərin

iqtisadi dəyərə çevrilməsini təmin edən inkişaf modelidir. Bu modeldə elm

yalnız nəzəri bilik istehsal edən sahə deyil, həm də iqtisadi artımın əsas mənbəyi

kimi çıxış edir.

Prezident

İlham Əliyev beynəlxalq təcrübəyə əsaslanaraq çıxışında elmin praktik nəticələrinin

vacibliyini xüsusi vurğulayır: "Bizim elmimizin praktik nəticələri

olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatda". Bu tezis

Azərbaycan elminin institusional transformasiyasının əsas istiqamətini müəyyən

etməklə dünya təcrübəsi ilə uyğunluq təşkil edir. Məsələn, ABŞ, Almaniya, Cənubi

Koreya kimi ölkələrdə elmi fəaliyyət iqtisadiyyatın əsas komponentinə çevrilib.

Bu modeldə universitetlər və elmi institutlar innovasiya mərkəzlərinə çevrilir,

elmi nəticələr kommersiyalaşdırılır və texnologiya transferi mexanizmləri

yaradılır. Azərbaycan üçün də bu model strateji əhəmiyyət kəsb edir. Elmin

iqtisadi sistemə inteqrasiyası universitet-sənaye əməkdaşlığı, texnoparklar və

innovasiya mərkəzləri, startap ekosistemləri, texnologiya transferi sistemlərinin

yaradılmasını zərurətə çevirir ki, bu da elmi nəticələrin iqtisadi tətbiqini təmin

edir. Buna misal kimi Stanford University ilə texnologiya şirkətləri arasında əməkdaşlıq

nəticəsində formalan Silikon Vadisini nümunə göstərmək olar.

 

Hərbi sənaye

və elm: yeni elmi sənaye kompleksinin formalaşdırılması

 

Müasir

dövrdə hərbi sənaye yalnız istehsal sahəsi deyil, həm də yüksək

texnologiyaların yaradıldığı kompleks elmi-texnoloji sistemdir. Bu sistemin əsas

hərəkətverici qüvvəsi alimlər, mühəndislər və tədqiqatçılardır. XX və XXI əsrin

təcrübəsi göstərir ki, dövlətin hərbi üstünlüyü ilk növbədə elmi üstünlükdən

qaynaqlanır. Məsələn, ABŞ-də DARPA, Türkiyədə ASELSAN və ROKETSAN, İsraildə isə

dövlətin müdafiə sənayesi institutları alimlərin iştirakı ilə yaradılıb və bu

ölkələrin texnoloji gücünün əsasını təşkil edir.

Prezident

çıxışında hərbi sənayenin inkişafında alimlərin rolunu xüsusi vurğulayır:

"Biz… Azərbaycan alimlərini bu istiqamətə dəvət edirik." Bu çağırış

Azərbaycan elminin müdafiə sənayesində iştirakının prioritet elan edildiyini

göstərir ki, bu da  raket

texnologiyaları, pilotsuz uçuş aparatlarının yaradılması (PUA), radar sistemləri,

süni intellekt əsaslı müdafiə sistemləri, elektron müdafiə texnologiyaları və hərbi

innovasiyanın inkişafını zəruri edir. Eyni zamanda bu dəvət Azərbaycanda hərbi-elmi

kompleksin formalaşması prosesinin tərkib hissəsi kimi təqdim olunur. Hərbi sənayenin

əsas məhsulu olan silah və müdafiə sistemlərinin yaradılması fundamental və tətbiqi

elmi tədqiqatların nəticəsidir. Məsələn, pilotsuz uçuş aparatlarının

yaradılması aerodinamika, proqramlaşdırma, materialşünaslıq və elektronika sahəsində

çalışan alimlərin birgə fəaliyyətinin nəticəsidir. 

Müasir

dövrdə hərbi texnologiyaların idxalından asılılıq dövlət üçün risk yaradır. Bu

səbəbdən ölkələr öz milli elmi potensialına əsaslanan müdafiə sənayesi

yaratmağa çalışırlar. Çünki bu proses yerli texnologiyalar yaradır, xarici

asılılığı azaldır və milli təhlükəsizliyi gücləndirir ki, bu da texnoloji

suverenliyin əsasını təşkil edir.

 

Elmin milli

təhlükəsizlik sistemində rolu

 

XXI əsrdə

milli təhlükəsizlik anlayışı klassik hərbi təhlükəsizlik çərçivəsindən çıxaraq

texnoloji, informasiya, bioloji və kibertəhlükəsizlik komponentlərini də əhatə

edən kompleks sistemə çevrilmişdir. Bu sistemin əsasını isə elmi biliklər və

texnoloji innovasiyalar təşkil edir. Müasir dövrdə dövlətlərin təhlükəsizliyi

yalnız ordunun gücü ilə deyil, elmi potensialı ilə də müəyyən olunur. Məsələn,

NATO və digər beynəlxalq təhlükəsizlik qurumları təhlükəsizlik

strategiyalarında elmi tədqiqatları prioritet istiqamətlərdən biri kimi müəyyən

etmişdir.

Prezident

çıxışında elmi milli təhlükəsizlik kontekstində qiymətləndirir: "Kibertəhlükəsizlik…

hər bir ölkənin fiziki təhlükəsizliyidir". Bu tezis elmin funksional

rolunun genişləndiyini göstərir. Müasir dövrdə texnologiya dövlət təhlükəsizliyinin

əsas elementinə çevrilib. Bu kontekstdən yanaşdıqda Azərbaycan elmi qarşısında

kibertəhlükəsizlik texnologiyalarının yaradılması, müdafiə texnologiyalarının

inkişafı və informasiya təhlükəsizliyinin təmin edilməsi kimi vəzifələr

yaranır.

Milli təhlükəsizlik

baxımından texnoloji asılılıq ciddi risk hesab olunur. Əgər dövlət, müdafiə texnologiyalarını

idxal edirsə, xarici texnologiyalardan asılıdırsa, bu, onun təhlükəsizlik

imkanlarını məhdudlaşdırır. Bu səbəbdən elmi potensial yerli texnologiyaların

yaradılmasını təmin edir, texnoloji müstəqilliyi gücləndirir və milli

suverenliyi qoruyur.

 

Qarabağ və

Şərqi Zəngəzur: elmi inkişafın yeni məkanı

 

Postmünaqişə

mərhələsində azad edilmiş ərazilərin bərpası yalnız fiziki infrastrukturun

qurulması ilə məhdudlaşmır, eyni zamanda bu ərazilərin elmi-texnoloji və

innovasiya məkanına çevrilməsi strateji prioritet kimi müəyyən edilir. Bu

baxımdan Qarabağ və Şərqi Zəngəzur regionları Azərbaycan üçün yeni elmi inkişaf

platforması kimi formalaşmaqdadır.

Regionun

elmi potensialının formalaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən

biridir. İlham Əliyev azad edilmiş ərazilərin gələcək inkişaf modelini

xarakterizə edərkən bu ərazilərin "ağıllı idarəetmə, innovasiya və yüksək

texnologiyalar məkanı" olacağını vurğulamışdır. Bu yanaşma elmin regional

inkişaf strategiyasına sistemli şəkildə inteqrasiya olunduğunu göstərir.

Bu

kontekstdə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Qarabağ və Şərqi Zəngəzurun

təbii resurslarının, biomüxtəlifliyinin, tarixi-mədəni irsinin və iqtisadi

potensialının öyrənilməsi istiqamətində elmi proqramların hazırlanması xüsusi əhəmiyyət

kəsb edir. Həmin tədqiqatlar regionun elmi əsaslarla bərpasına xidmət edəcək.

Bu səbəbdən Prezident alimlər qarşısında konkret regional vəzifələr qoyur:

"Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır. Azərbaycan

alimlərini bu işlərə dəvət edirəm". Bu çağırış elmin dövlət quruculuğu

prosesinə birbaşa inteqrasiyasını göstərir. Bu regionlar geologiya, ekologiya,

energetika, urbanistika kimi sahələr üçün strateji əhəmiyyət kəsb edir.

Qeyd edək

ki, Qarabağ və Şərqi Zəngəzur regionları bir sıra fundamental və tətbiqi elmi

istiqamətlər üçün unikal laboratoriya funksiyası daşıyır. Müharibədən sonrakı

ekosistemlərin bərpası, biomüxtəlifliyin tədqiqi və ekoloji monitorinq yeni

elmi istiqamətlər yaranmasına səbəb olur. Regionun faydalı qazıntı

ehtiyatlarının öyrənilməsi də milli iqtisadiyyat və sənaye üçün mühüm əhəmiyyət

daşıyır. Azad edilmiş şəhərlər, xüsusilə Şuşa yalnız mədəniyyət paytaxtı deyil,

həm də humanitar və sosial elmlərin inkişafı üçün mühüm elmi mərkəzə çevrilmək

potensialına malikdir. Qarabağın digər şəhərlərində də  elmi-tədqiqat mərkəzlərinin yaradılması,

universitetlərin filiallarının açılması, beynəlxalq elmi konfransların təşkili

regionun intellektual mühitinin formalaşmasına xidmət məqsədi daşıyır. Digər tərəfdən

Füzuli və digər şəhərlərdə yaradılan yeni infrastruktur, o cümlədən

"ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası  tətbiqi elmi-texnoloji innovasiyalar üçün

real təcrübə platforması rolunu oynayır.

Qarabağ və

Şərqi Zəngəzur yalnız fiziki bərpa məkanı deyil, həm də elmi və innovasiya

inkişafının yeni coğrafiyasıdır. Bu regionlarda elmi infrastrukturun

yaradılması, tədqiqat fəaliyyətinin genişləndirilməsi və innovasiya mühitinin

formalaşdırılması Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm

komponentidir. Beləliklə, bu istiqamətdə atılan addımlar Qarabağ və Şərqi Zəngəzurun

gələcəkdə ölkənin elmi potensialının əsas dayaqlarından birinə çevrilməsinə

xidmət edir.

 

Milli

identikliyin formalaşdırılmasında humanitar elmlərin rolu

 

Amerikalı

politoloq Joseph Nye tərəfindən irəli sürülmüş "yumşaq güc"

konsepsiyası göstərir ki, dövlətlərin beynəlxalq mövqeyi yalnız hərbi güclə

deyil, həm də onların mədəniyyəti, ideologiyası və elmi potensialı ilə müəyyən

olunur. Qloballaşma və informasiya texnologiyalarının sürətli inkişafı ideoloji

təhlükəsizlik məsələsini dövlətlərin təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən

birinə çevirmişdir. Bu kontekstdə humanitar elmlər - tarix, fəlsəfə,

politologiya, sosiologiya və filologiya - milli ideoloji təhlükəsizliyin təmin

edilməsində mühüm rol oynayır. Prezident də çıxışında humanitar elmlərin rolunu

xüsusi vurğulayır və  "Biz öz

tariximizi tədqiq və təbliğ etməliyik" mesajı verir.

Humanitar

elmlərin əsas funksiyalarından biri milli kimliyin elmi əsaslarla

formalaşdırılmasıdır. Xüsusilə tarix elmi xalqın tarixi keçmişini araşdırır,

milli yaddaşı formalaşdırır, saxta və təhrif olunmuş məlumatların qarşısını

alır. Milli tarix obyektiv şəkildə tədqiq edilmədikdə bu sahədə yaranan

boşluqlar xarici ideoloji təsirlərə şərait yaradır. Bu baxımdan tarix elmi

ideoloji təhlükəsizliyin əsas sütunlarından biri hesab olunur.

XXI əsrdə

informasiya müharibəsi ölkələrarası mübarizənin əsas formalarından birinə

çevrilib. Politologiya, beynəlxalq münasibətlər və jurnalistika sahəsində

çalışan alimlər beynəlxalq prosesləri təhlil etməklə, dövlətin informasiya

siyasətinin formalaşmasına töhfə verir və milli maraqları elmi əsaslarla müdafiə

edirlər. Bu fəaliyyət dövlətin informasiya təhlükəsizliyini gücləndirir.

Humanitar

elmlər ideoloji təhlükəsizliyin təmin edilməsində də mühüm rol oynayır. Çünki

humanitar elmlər milli identikliyin formalaşdırılması, informasiya təhlükəsizliyinin

təmin edilməsi, ideoloji sabitliyin qorunması və dövlət siyasətinin elmi əsaslandırılmasında

birbaşa rol oynayır. Beləliklə, humanitar elmlər yalnız akademik sahə deyil, həm

də milli təhlükəsizlik sisteminin mühüm komponentidir. Müasir dövrdə ideoloji təhlükəsizliyin

təmin edilməsi güclü humanitar elmi potensialdan birbaşa asılıdır.

 

Elmi institutların

institusional transformasiyası

 

Beləliklə,

aparılmış təhlil göstərir ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik

yubileyindəki çıxışı Azərbaycan elminin inkişafının yeni strateji modelini müəyyən

edən fundamental siyasi sənəddir. Bu model elmi dövlət inkişafının əsas

resursuna çevirməklə texnoloji inkişaf və süni intellektin prioriteti, elmin

iqtisadiyyatla inteqrasiyası, elmin milli təhlükəsizlik sisteminə daxil edilməsi,

elmin dövlət quruculuğunda fəal iştirakı kimi prinsiplərə əsaslanır və inkişaf

edir. "Hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin

intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir"

fikri Azərbaycan dövlətinin inkişaf fəlsəfəsində baş verən konseptual dəyişikliyi

göstərməklə bir neçə strateji nəticəyə gəlməyə əsas verir:

Birincisi,

Azərbaycan postneft inkişaf modelinə keçidi rəsmi şəkildə prioritet elan edir.

Prezident təbii resursların yalnız vasitə olduğunu vurğulayaraq onların əsas məqsədinin

insan kapitalının inkişafına yönəldilməsini qeyd edir.

İkincisi,

elm artıq yalnız akademik fəaliyyət sahəsi deyil, həm də milli inkişafın əsas

resursu kimi qiymətləndirilir.

Üçüncüsü,

bu yanaşma elmi fəaliyyətin dövlət təhlükəsizliyi və iqtisadi müstəqilliklə

birbaşa əlaqələndirildiyini göstərir.

Bu çıxış Azərbaycan

elminin XXI əsrdə inkişaf istiqamətlərini müəyyən etməklə onun klassik akademik

modeldən çıxaraq dövlətin inkişafının və milli təhlükəsizliyinin əsas strateji

komponentinə çevrildiyinin zəruri olmasını ifadə edir və Azərbaycan alimlərinin

gələcək fəaliyyət istiqamətlərinin yol xəritəsini göstərir.

 

Surə SEYİD,

filologiya

üzrə fəlsəfə doktoru, dosent, araşdırmaçı-jurnalist

Seçilən
41
50
azerbaijan-news.az

10Mənbələr