AZ

“ResearchEx” platforması Azərbaycan Universitetinin rəhbərliyinə təqdim olunub

Tədqiqatçılar üçün nəzərdə tutulan “ResearchEx” platformasının ideya müəllifi və təsisçiləri İbrahim Həsənov və Timuçin Əsədzadə Azərbaycan Universitetinin rektoru filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva ilə görüşüblər.

Universitetdən XQ-yə bildirilib ki, görüşün keçirilməsində məqsəd rektora layihə haqqında məlumat vermək və əməkdaşlıq imkanlarını müzakirə etmək olub.

Diqqətə çatdırılıb ki, “ResearchEx” dünyanın tədqiqatçılar üçün “hamısı bir yerdə” (all-in-one) konseptində ilk platforması olaraq nəzərdə tutulub. Layihənin əsas məqsədi tədqiqatçılara bütün zəruri alətləri vahid platformada təqdim etməkdir. Bu ay istifadəyə verilməsi nəzərdə tutulan “ResearchEx” istifadəçilərə digər tədqiqatçılarla birbaşa ünsiyyət və əməkdaşlıq, ekspertlərlə onlayn müsahibələrin təşkili, sorğuların hazırlanması və aparılması, süni intellekt əsaslı tədqiqat köməkçisindən istifadə, tədqiqat üçün maliyyə mənbələrinin axtarılması, forumlarda iştirak və bu kimi imkanlar yaradacaq.

Layihə ilə tanış olan rektor qeyd edib ki, ölkənin bütün ali məktəblərində təhsil alan tələbələrin innovativ ideyaları Azərbaycan Universiteti üçün eyni dərəcədə dəyərlidir. Elm və innovasiya rəqabət deyil, əməkdaşlıq mühiti tələb edir. Məhz buna görə də Azərbaycan Universiteti istedadlı gənclərin təşəbbüslərinə və onların inkişafına dəstəyi öz missiyasının tərkib hissəsi hesab edir. Səadət Əliyeva layihə komandasına uğurlar arzulayıb və “ResearchEx” platformasının milli innovasiya ekosisteminə böyük töhfə olacağını vurğulayıb.

Görüş layihə ətrafında fikir mübadiləsi ilə davam edib.

Qeyd edək ki, layihənin ideya müəllifi və təsisçiləri ADA Universitetində təhsil alırlar. İbrahim Həsənov beynəlxalq münasibətlər ixtisası üzrə II kurs, Timuçin Əsədzadə isə şəhərsalma ixtisası üzrə I kurs tələbəsidir.

Seçilən
8
5
xalqqazeti.az

6Mənbələr