AZ

Prezident İlham Əliyevin Xocalıdakı nitqi tarixi yaddaş, güclü dövlət, ədalətli sülhü ehtiva edir Rəy

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 2 mart, AZƏRTAC

Tarixi faciələrin unudulması onların təkrarlanması riskini artırır. Bu kontekstdə yanaşsaq görərik ki, Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılış mərasimində səsləndirdiyi fikirlər təkcə Xocalı faciəsinin ağrı-acılarını əks etdirən emosional çağırış deyil, həm də dövlətin strateji xəttini ifadə edən konseptual mövqedir. Dövlətimizin başçısının səsləndirdiyi “Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq” tezisi tarixi yaddaşın qorunması ilə milli təhlükəsizlik, siyasi suverenlik və sülhün təminatı arasında əlaqə qurur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O deyib: “Təcrübə göstərir ki, xalqların güclü ordu quruculuğu, müdafiə qabiliyyətinin artırılması, təhlükəsizliyin qüvvətləndirilməsi təşəbbüsləri bu cür faciələr, tarixi dərslər nəticəsində formalaşır. Bu baxımdan Xocalı Soyqırımı Memorialı 1992-ci il fevralın 26-da düşmən tərəfindən Azərbaycan vətəndaşlarına qarşı törədimiş faciəni acı xatirə formatından çıxarıb dövlət səviyyəsində ictimai yaddaşa çevirir. Abidənin qurulması Xocalı faciəsi ətrafında aparılan tədqiqat işlərinin sənədləşdirilməsi, faktların sistemləşdirilməsi və beynəlxalq müstəvidə tanıdılmasıdır. Bu cür memoriallar vasitəsilə “tarix dərsi” həm də gənc nəslə ötürülür, konkret faktlar üzərindən təqdim olunur. Faciələrin xatırlanması xalqı ideoloji baxımdan birləşdirir, dövlətin davamlı inkişafı yolunda səfərbər edir”.

Ekspert qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində sülhün təminatı çox vaxt balanslaşdırılmış güc və strateji çəkindirmə siyasəti ilə şərtlənir. Bu mənada Azərbaycan uzun illərdir ki, Xocalı hadisələrini beynəlxalq müstəvidə hüquqi-siyasi müzakirə predmeti kimi saxlayır. Dost və qardaş ölkələrin parlamentlərinin, müxtəlif beynəlxalq qurumların bu faciəyə siyasi qiymət verməsini təmin edir. Heydər Əliyev Fondunun sistemli təşəbbüslərinin nəticəsi olaraq, artıq 20-yə yaxın dövlət və bir neçə beynəlxalq təşkilat Xocalı hadisələrini soyqırımı faktı kimi tanıyıb. Proses davam edir və memorialın yaradılması həmin prosesin institusional əsasını daha da möhkəmləndirir. “Xocalıya ədalət” kampaniyasının davam etdirilməsi regionda davamlı sülh üçün zəmin yaradır. Çünki real və ədalətli sülh yalnız həqiqətin tanınması, tarixi ədalətin qəbul olunması üzərində qurula bilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
50
azertag.az

10Mənbələr