AZ

Apreldə sülh müqaviləsi imzalana bilər: Paşinyanın susqunluğunun pərdəarxası

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan konstitusiyanın yeni mətnindən Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan preambula hissəsinin çıxarılmasının mümkünlüyü barədə açıqlama verib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Qalyan bununla bağlı jurnalistlərə danışıb: 

“Mətn mart ayında hazır olacaq, demək olar ki, hazırdır. Bundan sonra rəy və düzəlişlər üçün təkliflərin alınması məqsədilə onun dərc olunması barədə qərar veriləcək. Başqa sözlə, biz istənilən təklifə açığıq. Bu, ictimaiyyətin və peşəkar dairələrin öz fikirlərini bildirməsi və müzakirə üçün nəzərdə tutulan ilkin ciddi mətn olacaq”.

Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad hissəsinin, yəni preambulanın mətndən çıxarılması ilə bağlı nazir qeyd edib ki, bu məsələ uzun müddətdir müzakirə olunsa da, hələlik qərar yoxdur.

“Mətn dərc olunanda onu görəcəksiniz”, - deyə Srbuhi Qalyan əlavə edib.

Bunun nazirliyin artıq qərar qəbul etdiyi anlamına gəlib-gəlmədiyi soruşulduqda, Qalyan belə cavab verib: 

“Nazirlik həmişə Ermənistan Respublikasının təhlükəsizliyinin, sülhünün və ərazi bütövlüyünün heç vaxt təhdid edilməməsini təmin etməyin tərəfdardır. İntriqa olmadığı yerdə intriqa axtarmayın”. 

Qeyd edək ki, ədliyyə nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əsas şərti hesab edilən preambulanın ləğvi məsələsinin hazırda maksimum gizli saxlanıldığını göstərir. 

Söhbət keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair Ermənistan Ali Sovetinin və DQMV Milli Şurasının 1989-cu il 1 dekabr tarixli qanunsuz qərarına istinaddan gedir. 

1991-ci ildə Ermənistan Müstəqillik Bəyannaməsi qəbul edilərkən həmin qeyri-hüquqi qərar yeni qurulan dövlətçiliyin əsas prinsiplərindən biri kimi götürülüb. 1995-ci ildə Ermənistan konstitusiyası qəbul edilən zaman ali qanunun preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilib. 

Nəticədə, Azərbaycana qarşı ərazi iddiaları Ermənistan konstitusiyasında yer alıb. Rəsmi Bakı preambula konstitusiyadan çıxarılmayana qədər Ermənistanla sülh müqaviləsinin imzalanmasını qeyri-mümkün hesab edir. İndi isə Ermənistanın yeni konstitusiyası hazırlanır. 

Sentyabr-oktyabr aylarına qədər Ermənistanda referendumunun keçiriləcəyi gözlənilir. Bu baxımdan, konstitusiyanın mətnindən preambulanın çıxarılması üçün əlverişli imkan yaranıb. Lakin Srbuhi Qalyanın sözləri Ermənistan bu məsələdə ictimiyyətə açıqlama verməyə tələsmədiyini göstərir. 

Ancaq bu məxfilik uzun davam edə bilməz. Mart ayı ərzində və hətta ola bilsin ki, yaxın günlərdə yeni konstitusiyanın mətni dərc olunduqda, preambula ilə bağlı suallara aydınlıq gələcək. Srbuhi Qalyanın açıqlaması Ermənistan hökumətinin bu mövzuya ehtiyatla yanaşdığını deməyə əsas verir. 

Bu da ilk növbədə iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Nikol Paşinyan hakimiyyəti preambulaya hüquqi xitam verərsə, seçki prosesində revanşist müxalifətin bu faktdan istifadə edəcəyindən narahatdır. Ona görə də bu barədə açıq danışmamağa üstünlük verir. 

Digər ehtimal preambula hissəsinin birinci redaksiyada, yəni seçkilərə qədər mətndə saxlanılması ilə bağlıdır. Səsvermə gününə qədər təzyiqlərdən yayınan hakimiyyət son oxunuşda konstitusiya layihəsindən preambulanı çıxara bilər. Ancaq bu üsul sülh müqaviləsinin imzalanmasını ləngidər. 

Əgər mart ayı ərzində preambulanın mətndən çıxarıldığı məlum olarsa, o zaman aprel ayında Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanacağı istisna edilmir. 

Fevral ayında Münxen Təhlükəsizlik Konsfransında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərə açıqlamasında Ermənistan konstitusiyasına dəyişikliklər edilməsinin ertəsi günü sülh müqaviləsinin imzalana biləcəyini demişdi. 

Bu kontekstdə aprel-may aylarında yekun sazişin imzalanması seçkilərə “Sülh” şüarı ilə gedən Nikol Paşinyanın əlini gücləndirə bilər. 

Hər halda, konstitusiyanın yeni mətni dərc olunmazdan əvvəl yekun müzakirələrdən keçiriləcək və yəqin ki, son qərarı Nikol Paşinyan verəcək. 

Seçilən
89
50
cebheinfo.az

10Mənbələr