AZ

“Keyfiyyətsiz oyun alındı” – Saşa İliç 

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə “Karvan-Yevlax”la 1:1 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Bu gün akademiyanın yetirmələrinə şans verməyə çalışdıq. Bu heyətlə də çempionatı davam etdirəcəyik.

– İndiki durumda daha çox təcrübəli futbolçulara şans vermək doğru olmaz?

– Rəhbərlikdən gələn tapşırıqdır. Bizə deyiblər ki, daha çox akademiyanın yetirmələrinə şans verin. Kifayət qədər səhvlərə yol verdik. Keyfiyyətsiz oyun alındı. Penaltini də dəyərləndirə bilmədik. Oyundan narazıyam.

– Dediz ki, bu heyətlə davam edəcəyik. Amma bu heyət autsayderlə bacarmır. Sizin üçün çətin olmayacaq?

– Baxacağıq. Gənc futbolçular oyun təcrübəsi qazanandan sonra dəyişikliklər olacaq.

– Klub strategiyanı dəyişir?

– Verilən qərara hörmətlə yanaşıram. Mövcud heyətlə işləməliyəm. 

– İctimaiyyətdə belə fikirlər var ki, mövsümün sonunda sizinlə yollar ayrılacaq. Bu iddialar nə dərəcədə doğrudur?

– Mövsümün sonuna hələ vaxt var. Hələ ki davam edirəm. Nə qərar qəbul olunsa, razılaşacam. Mənim müqaviləm onsuz da mövsümün sonuna kimidir. Transferlə bağlı məsələlər məndən asılı deyil.

– Akademiyanın yetirmələrinə şans verilməsi klubun gələcəklə bağlı uzunmüddətli planlarının olmasından xəbər verir?

– Bizim güclü akademiyamız var. Nəticə üçün müəyyən vaxt lazımdır. Klubun qərarını başa düşürəm. Avrokuboklara vəsiqə qazanmaq şansımız azaldığı üçün gənc futbolçulara şans verməklə növbəti mövsümlər üçün strateji yollar axtarırıq.

– Komandanın çətin günlərində rəhbərliyin dəstəyini hiss edirsiz?

– Biz hamımız komanda üçün çalışırıq. Mövsümə yaxşı start verdik, kifayət qədər xal topladıq. Qış fasiləsində müəyyən tələblərim oldu, onlar da alınmadı. Uğursuz nəticələr bununla bağlı ola bilər. 

– İkinci penaltini niyə Səbuhi Abdullazadə yox, Rüstəm Əhmədzadə vurdu?

– Bu, oyunçuların öz aralarında verdiyi qərar idi. Onların qərarına mən qarışmıram.

– Axşamkı “Beşiktaş” – “Qalatasaray” oyununu izləyəcəksiniz?

– Əlbəttə, baxacağam. İki mövsüm “Qalatasaray”da oynamışam. Onların azarkeşiyəm.

 

Seçilən
99
4
idmanxeber.az

6Mənbələr