AZ

Kayl Uoker milli karyerasını bitirdi – ARENA.AZ

“Börnli”nin 35 yaşlı sağ cinah müdafiəçisi Kayl Uoker İngiltərə millisindəki karyerasını başa vurduğunu bəyan edib.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu bu qərarını növbəti dünya çempionatına 3 ay qalmış açıqlayıb.

Bu mövsüm “Börnli”nin heyətində Premyer Liqada 27 oyuna çıxmış müdafiəçi son vaxtlar Tomas Tuxelin rəhbərlik etdiyi milli komandaya dəvət almırdı. O, sosial şəbəkə hesabında etdiyi paylaşımda bunları qeyd edib:

“Ölkəmi 10 ildən artıq təmsil etdikdən sonra milli karyeramı sonlandırmağa qərar verdim. İngiltərə millisinin formasını geyinmək karyeramın ən böyük şərəfi idi və bununla hər zaman qürur duyacağam. Bütün komanda yoldaşlarıma, məşqçilərə və azarkeşlərə bu səyahətdə yanımda olduqları üçün təşəkkür edirəm. İndi mən də azarkeşlərə qoşulub dünya çempionatında uşaqları dəstəkləyəcəyəm”.

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel də Uoker haqqında xoş sözlər deyib:

“Onunla az müddət işləməyimə baxmayaraq, Kaylın İngiltərə futbolunun əfsanələrindən biri olduğunu bilirdim. 14 illik beynəlxalq karyera və 5 böyük turnir onun fədakarlığının sübutudur”.

2011-ci ildə debüt etdiyi İngiltərə millisinin heyətində 14 il çıxış etmiş Uoker 100 oyunluq yubiley həddinə cəmi 4 matç qalmış millidən getmək qərarı verib. O, yığmanın heyətində 96 oyun keçirib, 1 qol vurub və 10 məhsuldar ötürmə verib. Karyerası ərzində 5 böyük turnirdə iştirak etmiş futbolçu iki dəfə Avropa çempionatının gümüş medalını qazanıb (AÇ-2021 və AÇ-2024).

Uoker məzunu olduğu “Şeffild Yunayted”, həmçinin “Northempton Taun”, “Tottenhem”, “Kuinz Park Reyncers”, “Aston Villa” və “Milan”da çıxış edib. Kayl karyerasının ən parla dövrünü isə “Mançester Siti”də keçirib. O, “şəhərlilər”in heyətində 319 oyuna çıxıb, 6 qol və 23 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 35 yaşlı müdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
68
11
arena.az

10Mənbələr