AZ

"Aprel döyüşləri Böyük Zəfərimizin hərbi-siyasi manifesti oldu"

Yazını böyüt
Yazını kiçilt

"2016-cı ilin Aprel döyüşləri müasir Azərbaycan tarixində qısa müddətli hərbi əməliyyat kimi deyil, həm də milli iradənin, dövlət qətiyyətinin və ordunun peşəkarlığının təntənəsi kimi dəyərləndirilir".

Hafta.az xəbər verir ki, bu fikirləri Aprel döyüşlərinin onuncu ildönümü ərəfəsində açıqlamasına Azərbaycan, Türkiyə, Özbəkistan Yazıçılar Birliklərinin fəxri üzvü, Türk Dünyası Qadın Şairlər Birliyinin başqanı, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru Xuraman Muradova bildirib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin cəbhə boyu yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutması ilə başlanan bu qarşıdurma, əslində, illər boyu aparılan məqsədyönlü hərbi quruculuq siyasətinin real döyüş meydanında təsdiqi oldu: Azərbaycan Ordusu düşmənin təxribatına dərhal və adekvat cavab verərək yüksək peşəkarlıqla əks-hücuma keçdi. Cəmi dörd gün davam edən intensiv döyüşlər zamanı əldə edilən uğurlar, xüsusilə strateji mövqelərin azad olunması, əməliyyatın hərbi-siyasi əhəmiyyətini daha da artırdı. Lələtəpə yüksəkliyinin azad edilməsi bu baxımdan xüsusi qeyd olunmalıdır. Həmin mövqeyə nəzarətin bərpası ordumuza geniş əraziləri müşahidə etmək, düşmənin hərəkətlərini qabaqlamaq və gələcək əməliyyatlar üçün möhkəm dayaq nöqtəsi yaratmaq imkanı verdi.

Aprel döyüşləri həm də uzun illər davam edən hazırlıq prosesinin sınaq mərhələsi idi. Bu əməliyyatlar zamanı şəxsi heyətin döyüş hazırlığı, komanda idarəetməsi, texniki təminat və operativ qərarvermə bacarığı real şəraitdə uğurla yoxlanıldı. Nəticə etibarilə, Azərbaycan Ordusu yalnız mövqelərini möhkəmləndirmədi, həm də psixoloji üstünlüyü tam şəkildə ələ aldı”.

Bu qələbənin xalq-ordu birliyinin sarsılmaz olduğunu bir daha nümayiş etdirdiyini vurğulayan Xuraman Muradova diqqətə çatdırıb ki, Aprel döyüşlərindən sonra cəmiyyətdə formalaşan yüksək ruh, milli həmrəylik və qələbəyə inam sonrakı illərdə əldə edilən möhtəşəm Zəfərin ideoloji və mənəvi təməlini təşkil etdi. Məhz bu baxımdan Aprel döyüşləri Böyük Qələbəyə aparan yolun başlanğıcı, onun hərbi-siyasi manifesti kimi tarixə həkk olundu.

Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru deyib ki, Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra Cocuq Mərcanlı qəsəbəsinin bərpasına başlanılması isə yalnız hərbi deyil, həm də humanitar və sosial baxımdan mühüm hadisə idi. Bu qayıdış uzun illər doğma yurd həsrəti ilə yaşayan məcburi köçkünlər üçün ümid çırağına çevrildi və sonradan həyata keçirilən genişmiqyaslı “Böyük Qayıdış” prosesinin ilk real təzahürü kimi tarixə düşdü.

“Bu gün Aprel döyüşləri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən biri kimi böyük ehtiramla xatırlanır. Bu şanlı tarix bizə göstərdi ki, güclü dövlət, peşəkar ordu və bir amal ətrafında birləşmiş xalq qarşısında heç bir maneə dayana bilməz. Aprel döyüşlərinin ildönümündə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıqla yad edir, onların əziz xatirəsi qarşısında baş əyirik. Qazilərimizə möhkəm cansağlığı, şəhid ailələrinə səbir diləyirik. Bu müqəddəs Zəfər yolu xalqımızın yaddaşında əbədi yaşayacaq", - deyə Xuraman Muradova fikirlərini yekunlaşdırıb./azertag/

Seçilən
34
50
hafta.az

10Mənbələr