AZ

Moskva–İrəvan dialoqunun siyasi şifrəsi: Ermənistan seçkiləri, geosiyasi savaş və Bakının diktə etdiyi yeni reallıq

Aprelin 1-də Kremlin divarları arasında baş tutan Vladimir Putin-Nikol Paşinyan görüşü zahirdə ikitərəfli münasibətlərin müzakirəsi kimi təqdim olunsa da, əslində bu dialoq Ermənistanın qarşıdakı seçkiləri fonunda hakimiyyət uğrunda geosiyasi savaşın açıq nümayişi idi.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputatın sözlərinə görə, Putinin “Ermənistanda rusiyapərəst çoxlu siyasi qüvvələr var və biz istərdik ki, onlar seçkilərdə iştirak edə bilsinlər” mesajı diplomatik nəzakət çərçivəsini aşan, Ermənistanın daxili siyasi proseslərinə ünvanlanmış açıq siqnal idi. “Xüsusən də bəzi siyasətçilərin həbsdə olduğunu qabartması Moskvanın İrəvandakı seçki arxitekturasına nə qədər həssas yanaşdığını göstərdi. 

Bu, faktiki olaraq bir həqiqəti üzə çıxarır: Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi ehtimalını gündəmdə saxlayır və seçkiləri öz təsir imkanlarını bərpa etmək üçün əsas platforma kimi görür”, - o vurğualyıb.

Deputat əlavə edib ki, Paşinyanın son illərdə Avropa Birliyi ilə yaxınlaşma kursu, KTMT-dən faktiki uzaqlaşması və Qərb strukturları ilə intensiv siyasi dialoqu Moskvanı açıq narahat edir: “Putin görüşdə Ermənistanın eyni anda həm Avropa Birliyi, həm də Avrasiya İqtisadi Birliyində ola bilməyəcəyini xüsusi vurğuladı. Bu, sadəcə iqtisadi inteqrasiya ilə bağlı xəbərdarlıq deyildi; bu, “ya Moskva, ya Brüssel” seçimi üçün verilən siyasi ultimatum idi. 

Digər tərəfdən, Qərbin Ermənistandakı proseslərə yanaşması da açıq şəkildə geosiyasi maraqlarla müəyyən olunur. İnsan haqları, seçki azadlığı və siyasi plüralizm barədə başqa ölkələrə qarşı sərt ritorika işlədən Qərb dairələrinin İrəvandakı daxili gərginliklərə daha yumşaq münasibəti təsadüfi deyil. Çünki Ermənistan bu gün təkcə regional dövlət deyil, Rusiya ilə Qərb arasında soyuq savaşın Cənubi Qafqaz cəbhəsinə çevrilib.

Əgər Rusiya ilə Qərb arasında qaynar müharibə Ukraynada gedirsə, onun siyasi və strateji soyuq müharibəsi məhz Ermənistanda aparılır”.

Deputat bildirib ki, belə bir vəziyyətdə ən diqqətçəkən və prinsipial fərq Azərbaycanın yürüdüyü xəttdir: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı nə Moskvanın, nə Brüsselin, nə də Vaşinqtonun forpost siyasətinə qoşulmadan tam müstəqil çoxvektorlu dövlət kursu qurdu. Bütün güc mərkəzləri ilə münasibət saxlayaraq yalnız milli maraqlara söykənən siyasət Azərbaycanın regionda əsas söz sahibinə çevrilməsinin başlıca səbəbi oldu.

Bu gün reallıq dəyişib: Cənubi Qafqazın siyasi masasını artıq Bakı və Ankara formalaşdırır. Ermənistanın qarşısında duran əsas seçim yeni revanşizm dalğasına qoşulmaq deyil, regionun yeni geosiyasi kodlarını düzgün oxumaqdır.

İrəvan anlamalıdır ki, bir dövlət kimi varlığını qorumaq, iqtisadi inkişafını təmin etmək və dünyaya daha sıx inteqrasiya etmək istəyirsə, yenidən hansısa güc mərkəzinin forpostuna çevrilməməlidir. Bunun yeganə rasional yolu Bakı ilə yekun sülh müqaviləsini imzalamaq və Ankara ilə normallaşma prosesini sürətləndirməkdir.

Çünki bu gün Ermənistanın kommunikasiya xətləri, regional iqtisadi nəfəsliyi, tranzit imkanları və təhlükəsizlik gələcəyi məhz Bakı–Ankara geosiyasi oxundan keçir.
Başqa sözlə, Ermənistanın dövlət kimi yaşaması artıq miflərdən, xarici patronajdan və seçki manipulyasiyalarından deyil, Azərbaycanın yaratdığı yeni regional reallığı qəbul etməsindən asılıdır.

Moskva görüşünün seçki kontekstində verdiyi əsas mesaj da budur: Ermənistan artıq başqalarının savaş meydanı olmaqla gələcək qazana bilməz. Ya yenidən geosiyasi alətə çevriləcək, ya da Bakı və Ankara ilə sülh üzərindən dövlətçiliyini möhkəmləndirəcək. Tarixin bu mərhələsində İrəvanın xilası revanşizmdə deyil, reallığı qəbul etməsindədir”.

Mürtəza

Seçilən
26
38
olke.az

10Mənbələr