AZ

“Qarabağ hərəkatı”na son: Paşinyan Moskvada niyə bu bəyanatı verdi? AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirdiyi görüşündə çox önəmli bir fikir səsləndirdi. O bəyan etdi ki, Ermənistanda artıq "Qarabağ hərəkatı"nın davam etdirilməməsi barədə açıq mövqe ortaya qoyulub. Çünki Azərbaycan və Ermənistan sülh əldə edərək bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıyıblar".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi.

Millət vəkili hesab edir ki, Ermənistanda artıq "Qarabağ hərəkatı"nın davam etdirilməməsi barədə səsləndirilən bəyanatın məhz Rusiya lideri ilə Moskvada keçirilən görüşdə qeyd edilməsi çox əhəmiyyətli idi:

"Çünki Putin görüş zamanı həm Ermənistan, həm də Rusiya pasportu olan Rusiyayönümlü qüvvələrin, yəni Rusiyadan dəstək alan dairələrin  Ermənistanda iyunun 7-də keçiriləcək seçkilərdə iştirakı məsələsinə toxundu. Bu qüvvələrin də Ermənistandakı revanşist qruplarla əlaqəli olduğu göz qabağındadır".

Gəncəliyev əlavə etdi ki, Rusiyayönümlü qüvvələr olan istər Samvel Karapetyan, istər Robert Köçəryan və Serj Sarkisyan cütlüyü, istərsə də Erməni kilsəsi olsun, onlar hər zaman Rusiyaya bağlı olublar, onun əlində manipulyasiya alətinə çevriliblər və revanşist ideyalara əsaslanıblar:

"Rusiya tərəfi bunu açıq şəkildə bildirməsə də, ikili vətəndaşlığı olan insanların seçki hüquqlarının tanınması fikrini səsləndirməsinə qarşılıq olaraq, Paşinyanın məhz "biz Qarabağ hərəkatına yol verməyəcəyik, bu bizim üçün təhlükəlidir" deməsi həqiqətən də çox önəmli bir bəyanatdır. Aydın məsələdir ki, "Qarabağ hərəkatı"nın Ermənistan xalqının başına gətirdiyi bəlalar elə onların öz təqsiridir. Bu hərəkat Ermənistanı qara günlərə saldı, bütün regionu 30 ildən çox müharibəyə sürüklədi və bölgəni darmadağın etdi".

Müsahibimizin fikrincə, Paşinyanın bu bəyanatı həm Rusiyadakı müvafiq dairələrə, həm də revanşist qüvvələrə ünvanlanmış bir mesaj idi. 

"Bununla Paşinyan bildirmək istəyirdi ki, o, revanşistlərin və "Qarabağ hərəkatı" tərəfdarlarının əlində manipulyasiya aləti olmaq istəmir. Paşinyan özü də yaxşı bilir ki, "Qarabağ hərəkatı" yenidən güclənib hakimiyyətə gələrsə, bu, Azərbaycan üçün təhlükə yaradar ki, biz buna heç vaxt yol verə bilmərik. Digər tərəfdən, bu, Paşinyanın özü üçün də böyük təhlükədir. Çünki sözügedən hərəkat ideoloji cəhətdən çox aqressivdir və "daşnak təfəkkürü"nə sıx bağlıdır. Bu ideologiya bir-biri ilə təbii olaraq uyğun gəlməyən müxtəlif qütbləri sanki bir yerə yığır. Bura həm Karapetyan və Ruben Vardanyan kimi çirkli pulların yuyulması ilə məşğul olan prototiplər, həm əlləri qana batmış cinayətkarlar – Köçəryan və Sarkisyan - həm də daxilində terrorçu ideyalar bəsləyən kilsə daxildir. Buna "dünya erməniçiliyi"ni və diasporunu da əlavə etmək lazımdır. Amerikada və Avropada fəaliyyət göstərən, bu işin başında duran ANCA və onun filialları da bu sistemin bir hissəsidir. Bütün bunlar "Qarabağ hərəkatı" deməkdir, revanşizmdir və yeni müharibədir. Ona görə də Paşinyan bu fikirləri Moskvada səsləndirməklə həm seçki kampaniyasına bu hərəkatın əleyhinə bəyanatla başladı, həm də Rusiyadakı həmin qüvvələrə ciddi bir mesaj göndərdi", - deyə Tural Gəncəliyev vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
37
redaktor.az

10Mənbələr