AZ

"Mina təhlükəsi aradan qaldırılması vacib problemdir" - HƏRBİ EKSPERT

"Bu gün mina təhlükəsi dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycan üçün də ən aktual problemlərdən biridir".

Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın təxminən 12 faiz ərazisi minalarla çirkləndirilib: "Bununla yanaşı, ərazilərimizə atılmış sursatların təxminən 30 faizi partlamamış vəziyyətdə qalıb ki, onların zərərsizləşdirilməsi həyati əhəmiyyət daşıyır.

Ümumilikdə, ölkə ərazisində mina və partlamamış hərbi sursatların sayının təxminən 5 milyon olduğu ehtimal edilir. Bu isə mina təmizləmə prosesinin həm böyük maliyyə vəsaiti, həm də uzun zaman tələb etdiyini göstərir. Üstəlik, müasir mina təmizləmə texnika və texnologiyaları olduqca bahalıdır.

Bu problemin yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Təəssüf ki, bu günə qədər təqdim edilən mina xəritələrinin dəqiqliyi cəmi 25 faiz ətrafındadır ki, bu da təmizləmə işlərini daha da çətinləşdirir.

İkinci Qarabağ müharibəsindən sonra 421 nəfər hərbi və mülki şəxs mina qurbanı olub. Ümumilikdə isə 1991-ci ildən bu günə qədər mina qurbanlarının sayı 3400 nəfəri keçib, onlardan 362-si uşaqlardır. Bu fakt bir daha göstərir ki, mina təhlükəsindən ən çox zərər çəkənlər günahsız mülki şəxslər, xüsusilə uşaqlardır.

Baxmayaraq ki, Azərbaycan beynəlxalq problemlərin həllində fəal iştirak edən ölkələrdəndir, mina təmizləmə məsələsində beynəlxalq dəstək hələ də kifayət qədər deyil və çox məhdud xarakter daşıyır.

Bu baxımdan, aidiyyəti qurumlar tərəfindən beynəlxalq əməkdaşlıq daha da genişləndirilməli, tərəfdaş və dost ölkələrin bu prosesə cəlb olunması istiqamətində işlər gücləndirilməlidir".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
27
42
sia.az

10Mənbələr