AZ

Nazir Məcnun Məmmədov Latviyanın nümayəndə heyəti ilə görüşüb



Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Kənd Təsərrüfatı Nazirliyində ölkəmizdə səfərdə olan Latviya Respublikasının kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Latviya tərəfindən həmsədri Armands Krauzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə iki ölkə arasında əməkdaşlıq imkanları geniş müzakirə olunub.

Qonaqları salamlayan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri Məcnun Məmmədov bildirib ki, ölkəmiz Latviya ilə dostluq, qarşılıqlı hörmət və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Nazir işğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonası elan edildiyini, bu ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını xatırladıb. O, Azərbaycan Respublikasının bu prosesdə mütərəqqi texnologiyaların tətbiqi və təcrübə mübadiləsi sahəsində Latviya ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Latviya Respublikasının kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Latviya tərəfindən həmsədri Armands Krauze isə öz növbəsində ölkəsinin Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O, iki ölkə arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Görüş zamanı iki ölkə arasında ticarət, enerji, nəqliyyat, informasiya kommunikasiya texnologiyaları, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıq imkanları, Latviyanın milli aviaşirkətinin Azərbaycana birbaşa uçuşların bərpa edilməsi, turizm potensialından səmərəli istifadə olunması, kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq, Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti, komissiyanın cari ilin 15 aprel tarixində Şuşada keçiriləcək 9-cu iclası, kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması, beynəlxalq platformalarda ölkələrimizin mövqe və təşəbbüslərinin qarşılıqlı dəstəklənməsi və müdafiə olunması, qarşılıqlı regional əlaqələrin gücləndirilməsi, ixrac potensialı yüksək olan məhsullar barədə informasiya mübadiləsinin təşkili, ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı sahəsində müasir texnologiyaların transferi, elmi-tədqiqat işlərinin aparılması, aqrar sahədə mütəxəssis hazırlığı ilə bağlı məsələlər müzakirə olunub.

Görüş iştirakçıları iki ölkə arasında əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, imzalanmış və razılaşdırılma mərhələsində olan müqavilələr, gələcək əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparıb, Azərbaycan və Latviya arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.



Seçilən
15
3
aia.az

7Mənbələr