AZ

“Heydər Əliyevin Azərbaycan memarlığında izi” adlı tədbir keçirildi - FOTOLAR

Pirallahı rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyevin Azərbaycan memarlığında izi” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Heydər Əliyevin Azərbaycan memarlığında izi” mövzusunda videoçarx nümayiş etdirilib.

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahəyə verilən yüksək əhəmiyyətin göstəricisidir. O qeyd edib ki, bu qərar şəhərsalma siyasətinin təkmilləşdirilməsi, müasir memarlıq tendensiyalarının tətbiqi, dayanıqlı şəhər inkişafı, ekoloji balansın qorunması və “ağıllı şəhər” konsepsiyalarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Emil Abasov çıxışında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə şəhərsalma və memarlıq sahəsində əldə olunmuş nailiyyətlərə də toxunaraq bildirib ki, həmin dövrdə urbanistik inkişafın əsas prinsipləri formalaşdırılıb, iri şəhərlərin baş planları hazırlanaraq həyata keçirilib, milli memarlıq üslubunun qorunması istiqamətində mühüm addımlar atılıb. Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərsalma sahəsi yeni inkişaf mərhələsinə qədəm qoyub, xüsusilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri uğurla icra olunur.

Daha sonra çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi, memar-tədqiqatçı Aysel Hüseynova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan memarlığında rolundan bəhs edərək bildirib ki, onun fəaliyyəti milli memarlıq ənənələrinin qorunması ilə yanaşı, müasir memarlıq düşüncəsinin formalaşmasına da mühüm təsir göstərib. Qeyd olunub ki, həmin dövrdə həyata keçirilən layihələr Bakının və regionların simasının yenilənməsinə, memarlıq irsinin qorunmasına və inkişafına mühüm töhfə verib.

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlər Azərbaycan şəhərsalma və memarlığının inkişafında mühüm mərhələ təşkil edir. Onun sözlərinə görə, bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işləri aparılır, müasir yaşayış məntəqələri yaradılır və tarixi irs bərpa olunur.

Vurğulanıb ki, Pirallahı rayonunda da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq abadlıq-quruculuq işləri genişləndirilib, infrastruktur yenilənib və ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Qeyd edək ki, YAP Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Pirallahı Sənaye Parkının yaxınlığında ağacəkmə aksiyası da keçirilib. Aksiya çərçivəsində Eldar şamı, zeytun və sərv olmaqla ümumilikdə 300-dən çox ağac əkilib.

Seçilən
21
1
unikal.az

10Mənbələr