AZ

“DÇ-nın final matçının Azərbaycanda keçirilməsini istəyirik”

Gələn il Azərbaycanda və Özbəkistanda keçiriləcək dünya çempionatına hazırlaşan U-20 millimiz Ruy Jorjenin rəhbərliyi altında Qəbələdə ilk təlim-məşq toplanışına start verib.

30-a yaxın jurnalistin izlədiyi məşq prosesindən sonra AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərin suallarını cavablandırıb.

Assossiasiyanın məsul rəsmisi öncə toplanışla bağlı fikirlərini çatdırıb, daha sionra sualları cavablandırıb:

“U-20 yığma komandası aprelin 13-dən təlim-məşq toplanışına start verib. Hazırlıq prosesi başa çatır, sabah son gündür. Toplanış zamanı iki futbolçu zədələnib. Biri öncədən zədələnmişdi deyə, əvəzinə başqası dəvət edildi, digəri isə toplanış zamanı zədələndi. Düşünürük ki, bu toplanış gələcək hazırlıq üçün də faydalı olacaq.

- Növbəti təlim-məşq toplanışı ilə bağlı plan necədir?

- Mayın sonunda iki həftəlik toplanış olacaq. Onun da Qəbələdə keçirilməsi nəzərdə tutulub. Bu dəfə məşqçilər korpusunun istəyinə görə yoxlama görüşü keçirilmədi. Daha çox futbolçuları hiss etmək, tanışlıq xarakterli idi. İkinci təlim-məşq toplanışında isə yoldaşlıq görüşlərinin olması gözlənilir. Lakin rəqiblərin yerli, yoxsa xarici komandalar olacağı barədə dəqiq məlumat yoxdur.

- Təşkilatçılıq baxımından dünya çempionatına hazırlıq necə gedir?

- Bu mövzuda hazırlıqlar davam edir. Dövlət qurumları ilə də sıx əlaqədəyik. FİFA bütün proseslərə birbaşa nəzarət edir. Özbəkistanlı həmkarımızla mütəmadi əlaqə saxlayırıq. Hazırlıqlar həftəlik formatda davam edir. Sırf açılış-bağlanışla bağlı detallı məlumatlar hazırda yoxdur. Çempionatın tarixinə gəldikdə, təxminən 2027-ci il sentyabr ayının ortalarında başlayıb oktyabrın əvvəlinə qədər davam edəcək. Yaxın günlərdə dəqiq tarixlər, açılış-bağlanış oyunu, həm də püşkatma mərasimi ilə bağlı daha detallı məlumatlar əldə ediləcək.

- Futbolçuların oyun təcrübəsinin artırılması ilə bağlı hansısa addımlar atılacaq? I Liqada hansısa klubun yığmanın bazası kimi fəaliyyət göstərməsi gündəmdədir?

- Bu məsələ müzakirə olunsa da, qərar qəbul olunmadı. U-20 yığması bir ayda iki həftəlik hazırlıq keçəcək. Sual çempionatlarla bağlıdır, çünki futbolçuların bəziləri Əvəzedicilər Liqasında, bəziləri Gənclər Liqasında oynayırlar. Gördüyünüz kimi, həm PFL, həm də Gənclər Liqasını keçirən departamentlə danışdıq və çempionatları dayandırdıq. Bunun qarşısını almaq üçün gələcəkdə müəyyən istiqamətlər var. Əvəzedicilər Liqasının ləğvi müzakirə mövzusu olaraq qalmaqdadır. İcraiyyə Komitəsində də hazırda müzakirə gedir, Əvəzedicilər Liqası ləğv olunmasa belə, format dəyişikliyi ola bilər . U-20 yığmamızın məşqçilər korpusu bizə 17 aylıq məşq cədvəlini verib. Hansı tarixdə məşq edəcəklərini bildiriblər. Bu gün bilirik ki, U-20 yığması necə və harada məşq edəcək. Biz AFFA olaraq çalışacağıq ki, digər liqaları təlim-məşq toplanışına uyğunlaşdıraq. Əvəzedicilər Liqası ləğv olunmasa belə, çempionatın formatında dəyişiklik edilməsi mümkündür.

- Premyer Liqada oynayan futbolçularla bağlı məsələ necə olacaq?

- Bu məsələ hələ detallı müzakirə olunmayıb. Bu dəqiqə millinin heyətində “Qarabağ”da məşq edən futbolçu var. Premyer Liqada bu yaşda olan oyunçular demək olar ki, əsas heyət üzvü sayılmır. “Sumqayıt”da oyunçumuz var. Ona görə də bu klubdan oyunçu dəvət edə bilmədik. Mümkündür ki, gələcəkdə bununla bağlı hansısa klublarla danışıqlar olsun.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
65
27
sportinfo.az

10Mənbələr