Milli Məclis Prezident İlham Əliyevi “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi münasibətilə təbrik edib. Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında bu təkliflə çıxış edib.
Spiker xatırladıb ki, Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatına” layiq görülüv. Prezident İlham Əliyev aprelin 26-da mükafatın təqdimolunma mərasiminin iştirakçılarına müraciət ünvanlayıb və bu mötəbər mükafata layiq görülməyinə görə öz minnətdarlığını bildirib.
“Bu mükafat bütün çətinliklərə baxmayaraq, regionumuzda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olunması naminə Prezident İlham Əliyevin göstərdiyi böyük səylərin beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilməsi və yüksək qiymətləndirilməsi deməkdir.
Və 30 il ərzində torpaqlarının işğalı ilə üzləşmiş və münaqişə şəraitində yaşamış xalqın nümayəndələri olaraq biz Prezident İlham Əliyevi bu mötəbər mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, Prezident İlham Əliyevə sülh və qarşılıqlı anlaşma naminə yorulmaz fəaliyyətində davamlı uğurlar arzulayırıq”, - deyə o qeyd edib.