Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Kimlərin istefa qışqıracağı önəmli deyil" - Azər Bağırov
"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 30-cu turunda "Sumqayıt"a qalib gəldikləri matç (2:1) haqda danışıb.
QOL.az xəbər verir ki, baş məşqçi əldə edilən əzmkar qələbəni şərh edərək geri dönüş edən futbolçularına və komandanı sonadək dəstəkləyən azarkeşlərə təşəkkürünü bildirib:
"Mənim üçün maraqlı oyun oldu. Qarşılaşma bizim üçün daha yaxşı başlaya bilərdi, lakin yenə də yaratdığımız epizodlardan yararlana bilmədik. Buraxdığımız qollar da kuryoz alınır. Uşaqlara təşəkkür edirəm ki, tez toparlandılar və oyunun sonunda əsl geri dönüş etməyi bacardılar. Xüsusi təşəkkürüm isə bizi dəstəkləyən əsl azarkeşlərimizədir. Dırnaqarası bəzi azarkeşlər də var ki, komanda qalib gələndə belə nəsə bir bəhanə axtarır, çəkilən əziyyətə qiymət vermirlər".
Mütəxəssis oyundan öncə məğlub olacaqları halda ünvanına səsləndiriləcək istefa şüarları ilə bağlı sualı belə cavablandırıb:
"Xeyr, belə bir söhbət eşitməmişəm. Futbolu anlayan azarkeşlər bilirlər ki, mən bura gələndə komanda hansı durumda idi. Heyətə böyük ölçüdə yeni oyunçular cəlb edə bilmədim. Cəmi 6 futbolçu transfer etmişik ki, onların da içində yeganə legioner Mate Abuladzedir. Gətirdiyim oyunçuların bəziləri 1-ci Liqa və Əvəzedicilər Liqasından gəlib. Onlara da təşəkkür edirəm ki, meydanda var gücləri ilə vuruşurlar. İnşallah, hər şey onlar üçün yaxşı olacaq. Kimlərin istefa qışqıracağı mənim üçün o qədər də önəmli deyil".
O, bundan əvvəlki ardıcıl məğlubiyyətlərin əsas səbəbini heyətin məhdudluğu və ehtiyat oyunçular skamyasının yetərsizliyi ilə əlaqələndirib:
"Komandamızda geniş ehtiyat oyunçular skamyası yoxdur. Bir futbolçu zədələnəndə məcburiyyətdən üç mövqeni birdən dəyişməli oluruq. Bunu yalnız əsl azarkeş görür və başa düşür. Məsələn, Dioqo Verdaska meydanda olmayanda 3-4 mövqedə axsama yaranır. Bunu anlamaq üçün Mendeleyev olmaq lazım deyil. Sadəcə, "Kəpəz"i qəlbən sevmək və vəziyyəti düzgün qiymətləndirmək lazımdır".
Azər Bağırov komandanın rəqiblər üçün asan təslim olmadığını və buraxılan fərdi səhvlərin nəticəyə təsirini belə vurğulayıb:
"Bütün rəqiblər üçün əsl başağrısına çevrilmişik. Futbolçularıma daim tapşırıram ki, xırda səhvlərə yol verməsək, qələbələr öz-özünə gələcək. Çünki bizim kimi komandaların etdiyi ən xırda səhv belə dərhal qolla nəticələnir. İnanıram ki, qarşıdakı matçlarda hər şey daha yaxşı olacaq".
Baş məşqçi qapılarına vurulan kuryoz qolu və qapıçı Yusif İmanovun fəaliyyətini şərh edərək ona dəstək olub:
"Bunu kuryoz və bəxtsiz bir qol adlandırmaq olar. Yusif İmanovun qapıda olması ümumilikdə futbolçularımıza böyük inam verir. Komanda məhz onun üçündür ki, meydanda bir-birinin səhvlərini sığortalasın. Futbolda belə qollar da olur".
Sonda mütəxəssis rəqib məşqçinin "Kəpəz"in lehinə verilən ilk penaltiyə dair narazılığına münasibət bildirib:
"Həmkarımın doğru demədiyini iddia etsəm, bu, yaxşı səslənməz. Amma Çempionlar Liqasındakı oxşar penalti epizodlarını dəyərləndirsək, bir çox suallara elə özümüz cavab tapmış olarıq".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.