AZ

Avropa Parlamenti 10 il əvvəlki təcrübədən dərs çıxarmadığı üçün indi ikinci dərsə ehtiyac var - Azər Qarayev

Son günlər Azərbaycan ilə Avropa Parlamenti arasında münasibətlərdə növbəti gərginlik mərhələsi yaşanır. Aprelin 30-da qəbul edilən qətnamə, ardınca Azərbaycanın kəskin reaksiyası və 1 may tarixində atılan siyasi addımlar bir daha göstərdi ki, tərəflər arasında mövcud olan fikir ayrılıqları epizodik deyil, sistemli xarakter daşıyır.

Day.Az xəbər verir ki, bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"Hadisələrin başlanğıcı kimi Azərbaycanın Xarici İşlər Nazirliyinə Avropa İttifaqının ölkəmizdəki səfirinin çağırılması çıxış edir. Rəsmi Bakı qəbul edilən qətnaməni "əsassız və qərəzli" adlandıraraq etiraz notası təqdim etdi. Qətnamədə yer alan müddəaların reallığı təhrif etdiyi, dövlətlərin suverenliyi və ərazi bütövlüyü kimi fundamental prinsiplərə zidd olduğu vurğulandı. Xüsusilə Qarabağ məsələsi ilə bağlı iddiaların Azərbaycan tərəfindən tamamilə əsassız sayılması diqqət çəkir. Rəsmi mövqeyə görə, bölgədə yaşayan erməni sakinlərin köçü könüllü xarakter daşıyıb və bunun əksi ilə bağlı iddialar siyasi manipulyasiyadır. Eyni zamanda, "müharibə əsirləri" kimi təqdim edilən şəxslərin əslində ağır cinayətlər törətmiş şəxslər olduğu bildirildi. Bu diplomatik addım təkcə konkret sənədə cavab deyil, həm də uzun müddətdir yığılan narazılığın açıq ifadəsi idi", - o bildirib.

A.Qarayev qeyd edib ki, diplomatik reaksiyanı siyasi qərar izlədi. Milli Məclis Avropa Parlamentinin fəaliyyətinə cavab olaraq radikal addım atdı və bu qurumla bütün istiqamətlər üzrə əməkdaşlığı dayandırdı.

"Qərara əsasən Avropa Parlamenti ilə bütün əlaqələr kəsildi, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində iştirak dayandırıldı və Avronest Parlament Assambleyası çərçivəsində üzvlüyə xitam verilməsi proseduruna başlanıldı. Bu addım Azərbaycanın Avropa parlament platformalarından faktiki uzaqlaşması deməkdir. Xüsusilə Avronestdən çıxış prosesi diqqət çəkir. Bu platforma Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa İttifaqı arasında parlament dialoqu üçün yaradılmışdı. Lakin rəsmi Bakı hesab edir ki, bu struktur artıq dialoq yox, təzyiq alətinə çevrilib", - o bildirib.

Onun sözlərinə görə, hazırkı vəziyyət Azərbaycan-Avropa Parlamenti münasibətlərində ilk böhran deyil. Tarixi kontekst göstərir ki, oxşar proses artıq bir dəfə yaşanıb.

"Avropa Parlamentinin 2015-ci il sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi ədalətsiz və qeyri-obyektiv qətnamə bu parlament təşkilatı ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi zərbə vurub. Bununla bağlı Milli Məclis Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılmasını və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmamasını qərara almışdı. Eyni zamanda, həmin qərarla Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində Milli Məclisin iştirakına son qoyulmuşdu. Lakin sonradan qarşı tərəfin təşəbbüsləri və verdiyi vədlər əsasında əməkdaşlıq yenidən bərpa olundu. 2016-cı ildə münasibətlərin bərpası konstruktiv addım kimi qiymətləndirilsə də, sonrakı illər göstərdi ki, bu, gözlənilən nəticəni vermədi. Avropa Parlamenti öz öhdəliklərinə əməl etmədi və anti-Azərbaycan ritorikasını davam etdirdi. Bu baxımdan hazırkı qərar əvvəlki təcrübənin nəticəsi kimi də qiymətləndirilə bilər. Yəni Bakı artıq bir dəfə sınanmış modeli - əlaqələri dayandırmaq taktikasını yenidən tətbiq edir", - o bildirib.

Politoloq hesab edir ki, Azərbaycan tərəfinin əsas arqumenti Avropa Parlamentinin yanaşmasının birtərəfli və selektiv olmasıdır.

"Azərbaycanın ərazi bütövlüyü məsələsində obyektivlik nümayiş etdirilməyib, işğal dövründə baş verən dağıntılara adekvat reaksiya verilməyib, Qarabağdan sonrakı reallıqlar təhrif olunub və sair. Bundan əlavə, Avropa Parlament qərarlarında Azərbaycana qarşı tez-tez "ikili standartlar" tətbiq edib. Bu qurum regiondakı proseslərə balanslı yanaşmaq əvəzinə müəyyən lobbi qruplarının təsiri altında qərarlar qəbul edir. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə münasibətlər daha da gərginləşdi. Azərbaycan torpaqlarının işğaldan azad olunması və suverenliyin bərpası Avropa Parlamentində fərqli reaksiyalar doğurdu. Bu mərhələdən sonra qəbul edilən qətnamələr daha da intensivləşdi və siyasi xarakter aldı. Eyni zamanda, Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq səviyyədə dəstək qazanması fonunda Avropa Parlamentində anti-Azərbaycan ritorikasının güclənməsi də nəzərçarpır. 30 ilə yaxın Azərbaycanın 20 faiz torpaqları işğal altında olan zaman səsi çıxmayan Avropa Parlamenti, Azərbaycan öz torpaqlarını beynəlxalq hüquq çərçivəsində azad etdikdən sonra çıxmağa başladı. Bu da bu qurumun nə qədər qərəzli olduğunun açıq nümunəsidir", - o bildirib.

A.Qarayev həmçinin qeyd edib ki, Avronest Parlament Assambleyasından çıxmaq qərarı ayrıca diqqətə layiqdir.

"Bu qurum Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələri arasında parlament dialoqunun əsas platformalarından biri idi. Lakin Azərbaycan tərəfi hesab edir ki, platforma funksional rolunu itirib, siyasi təzyiq vasitəsinə çevrilib və real əməkdaşlıq üçün effektiv mexanizm deyil. Bu səbəbdən Avronestdən çıxış yalnız simvolik deyil, həm də institusional dəyişiklikdir. Bu addım Azərbaycanın Avropa strukturları ilə münasibətlərində yeni yanaşma formalaşdırdığını göstərir", - A.Qarayev bildirib.

Politoloq vurğulayıb ki, bütün bu proseslər onu göstərir ki, Azərbaycan ilə Avropa Parlamenti arasında münasibətlər artıq əvvəlki formatda davam edə bilməz.

"Qarşılıqlı etimadın ciddi şəkildə zədələndiyi açıq görünür. Azərbaycanın mövqeyi aydındır: ölkə suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama prinsiplərinə hörmət tələb edir. Bu prinsiplərin pozulduğu hallarda isə sərt addımlar atmağa hazır olduğunu nümayiş etdirir. Eyni zamanda, bu qərar Avropa İttifaqı ilə ümumi münasibətlərin tam kəsilməsi anlamına gəlmir. Söhbət konkret olaraq Avropa Parlamenti ilə əməkdaşlıqdan gedir. Bu isə o deməkdir ki, Bakı Brüssellə dialoqu davam etdirmək niyyətində olsa da, bunu daha seçici və prinsipial şəkildə etməyə üstünlük verir. Beləliklə, baş verənlər təkcə növbəti siyasi gərginlik deyil, həm də uzun illər davam edən fikir ayrılıqlarının kulminasiya nöqtəsidir. 2015-2016-cı illərdə baş verənlərində təkrarlanması isə göstərir ki, Avropa Parlamenti ilk təcrübədən dərs çıxarmayıb və ikinci dərsə ehtiyacı var", - o bildirib.

Seçilən
106
50
day.az

10Mənbələr