AZ

“Bakı Gəmiqayırma Zavodu” və “KTZ Express Shipping” müqavilə imzaladı -2 ədəd quru yük gəmisi inşa ediləcək

AZCON Holding şirkətlərindən olan “Bakı Gəmiqayırma Zavodu” MMC ilə “Samruk-Kazına” ASC-nin şirkətlər qrupuna daxil olan “KTZ Express Shipping” şirkəti arasında gəmiqayırma sahəsində əməkdaşlıq üzrə müqavilə imzalanıb.

AZCON Holding-dən verilən məlumata görə, müqaviləyə əsasən müasir beynəlxalq standartlara uyğun 2 ədəd quru yük gəmisinin inşası həyata keçiriləcək.

AZCON Holding-in icraçı direktoru Şahin Babayev qeyd edib: “AZCON Holding olaraq beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini prioritet istiqamətlərimizdən biri hesab edirik. Bu layihə həm texnoloji imkanlarımızın nümayişi, həm də ölkəmizin gəmiqayırma sənayesinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Əminik ki, bu əməkdaşlıq yeni uğurlu layihələr üçün də möhkəm zəmin yaradacaq”.

“Samruk-Kazına” ASC-nin İdarə heyətinin sədri Nurlan Jakupov bildirib: “Dəniz infrastrukturunun inkişafı Qazaxıstanın tranzit potensialının açılması istiqamətində aparılan sistemli işin məntiqi davamıdır. “Qazaxıstan Temir Yolu” SC-nin şəxsi donanmasının formalaşdırılması Transxəzər marşrutunun dayanıqlığını gücləndirir və yükdaşıma bazasının artırılması və beynəlxalq tərəfdaşların cəlb edilməsi üçün əlavə imkanlar yaradır”.

Bu əməkdaşlıq Orta dəhliz üzrə yük axınının artdığı bir dövrdə xüsusi aktuallıq kəsb edir. Beynəlxalq sifarişlərin çoxalması fonunda layihə yerli gəmiqayırma sənayesinin inkişafını sürətləndirməklə yanaşı, Zavodun istehsal gücünün artırılmasına və rəqabət qabiliyyətinin möhkəmlənməsinə də xidmət edəcək.

Beləliklə, beynəlxalq sifarişlər üzrə tikilən gəmilərin sayı artıq 4-ə çataraq Zavodun beynəlxalq bazarda artan nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin bariz göstəricisinə çevrilib.

Seçilən
1
7
marja.az

10Mənbələr