Ukrayna müharibəsi artıq yalnız savaş meydanında deyil, həm də qarşıduran tərəflərin paytaxtları üzərində, iqtisadi sistemlər daxilində və hətta ictimai şüurun dərinliklərində də davam edir... Bütün bunlar isə Ukrayna savaşının qarşıdakı mərhələsinin daha təhlükəli, eyni zamanda, inkişaf istiqamətləri ilə bağlı proqnozlaşdırılmanın olduqca qəliz xarakter daşıyacağını da göstərir...
Ukrayna savaşının yeni mərhələyə keçdiyi müşahidə olunur. Belə ki, hazırda münaqişənin iştirakçıları qarşılıqlı olaraq, bir-birinə iqtisadi xarakterli zərbələr endirirlər, siyasi-psixoloji təzyiq məqsədi güdən hücumlar edirlər. Bu isə o deməkdir ki, Rusiya və Ukrayna arasındakı hərbi münaqişə artıq getdikcə, daha mürəkkəb və çoxvektorlu xarakter alır.
Onu da qeyd etmək lazımdır ki, son günlərdə həm rəsmi Kiyevin, həm də Kremlin açıqlamaları onu göstərir ki, qarşıduran tərəflər yalnız savaş meydanında deyil, eyni zamanda, iqtisadi, texnoloji və psixoloji müstəvilərdə də qarşıdurmanı dərinləşdirirlər. Və bu baxımdan, Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putin tərəfindən verilən sərt mesajlar davam etməkdə olan müharibənin yeni mərhələsinin inkişaf istiqamətlərini daha açıq şəkildə göstərir.

Maraqlıdır ki, Ukrayna liderinin açıqlamalarına görə, rəsmi Kiyev son vaxtlar uzaqmənzilli zərbə strategiyasını əhəmiyyətli dərəcədə genişləndirib və bu strategiya artıq Rusiyanın iqtisadi dayaqlarına ciddi şəkildə sarsıtmağa başlayıb. Xüsusilə də, neft sənayesi və emal infrastrukturu hədəf seçilərək, endirilən zərbələr nəticəsində bu ilin əvvəlindən bəri Rusiyanın ən azı 7 milyard dollara yaxın maliyyə-iqtisadi itkiyə məruz qaldığı iddia olunur. Və bu, Ukraynanın taktiki müdafiədən artıq tamamilə strateji hücum modelinə keçdiyini də göstərir.
Təbii ki, bu modeli reallaşdırmaqda rəsmi Kiyevin əsas məqsədi yalnız konkret sənaye obyektlərinin sıradan çıxarılması ilə məhdudlaşmır. Belə ki, Ukrayna həm də Rusiyanın iqtisadi infrastrukturunun fəaliyyətinin uzun müddətə iflic edilməsinə, logistikanın pozulmasına və ixrac imkanlarının zəiflədilməsinə çalışır. Və bununla da enerji sektoru üzərindən Rusiyanın maliyyə-iqtisadi dayanıqlığına sistemli dağıdıcı təsirin göstərilməsi hədəflənir.
Digər tərəfdən, prezident Volodimir Zelenskinin Kremlin keçirməyə hazırlaşdığı 9 May – Qələbə Günü paradı ilə bağlı təhdidkar mesajları bu müharibənin artıq siyasi-psixoloji istiqamətini də qabarıq şəkildə ön plana çıxarır. Onun sözlərinə görə, Ukrayna PUA-ları məhz həmin gün Moskva üzərində görünə bilər. Bu xəbərdarlıq hərbi baxımdan mümkün ssenari olmaqla yanaşı, həm də daha çox siyasi-psixoloji təzyiq yaratmağa hesablanmış mesaj kimi qiymətləndirilir. Çünki 9 May Rusiyada yalnız hərbi parad deyil, həm də qlobal məkana yönəldilmiş dövlət ideologiyasının əsas elementlərindən biridir. Və belə bir gündə paytaxt Moskva üzərində potensial hərbi təhlükənin mövcudluğu Rusiyanın qlobal məkana güc nümayişinə ciddi kölgə sala bilər.

Eyni zamanda, prezident Volodimir Zelenski həmçinin qeyd edib ki, Kremlin keçirtməyə hazırlaşdığı hərbi paradı xüsusi diqqətlə izləyəcək. Onun fikrincə, əgər, bu il Moskvadakı paradda hərbi texnikanın nümayiş olunmayacağı ilə bağlı məlumatlar təsdiqlənərsə, bu, Rusiyanın hərbi resurslarının tükənməsi və ya ən azından, onların sayının ciddi şəkildə məhdudlaşması anlamı daşımış olacaq. Və bu isə öz növbəsində həm daxili auditoriya, həm də beynəlxalq ictimaiyyət üçün ciddi mesaj anlamına gəlir.
Bütün bunlara paralel olaraq, Rusiyanın atdığı son addım da xüsusilə diqqəti çəkir. Belə ki, Rusiya Müdafiə Nazirliyi 8-9 may tarixlərində savaş meydanında atəşkəs elan olunduğunu açıqlayıb. Kremlin rəsmi izahında bu qərarın bayram tədbirlərinin təhlükəsiz keçirilməsi ilə bağlı olduğu bildirilsə də, müşahidəçilər bunu daha çox taktiki manevr kimi qiymətləndirirlər. Belə ki, atəşkəs qərarı Kremlin mümkün riskləri minimuma endirmək, paytaxt və digər strateji məkanları qorumaq, eləcə də, 9 May tədbirlərini insidentsiz keçirmək niyyəti ilə izah oluna bilər.
Ancaq prezident Volodimir Zelenskinin təhdidkar PUA xəbərdarlığından sonra Rusiya tərəfi də Ukraynanı açıq şəkildə hədələyib. Kremldən bildirilib ki, əgər, paradın keçirildiyi müddətdə hər hansı hərbi təxribat törədilərsə, Rusiya Ukrayna paytaxtı Kiyevin mərkəzinə cavab zərbələri endirə bilər. Bu isə onu göstərir ki, elan olunan atəşkəs əslində, kifayət qədər şərti xarakter daşıyır və istənilən an pozula biləcək həssas balans üzərində qurulub.

Ona görə də, bütün bu faktorlar onu deməyə əsas verir ki, Rusiya-Ukrayna müharibəsi artıq klassik hərbi qarşıdurma çərçivəsindən çıxaraq, daha genişmiqyaslı və hibrid xarakter alıb. Belə ki, son vaxtlar bu savaş çərçivəsində iqtisadi infrastruktur hədəfləri, simvolik tarixlər və siyasi-psixoloji təsir elementləri də artıq ön plana çıxmağa başlayıb. Çünki enerji sektoruna yönəlmiş zərbələr Rusiyanın maliyyə imkanlarını zəiflətmək məqsədi güdsə də, 9 May kimi simvolik hadisələr ətrafında formalaşan gərginlik, hazırda informasiya və siyasi-psixoloji müharibənin tədricən yeni mərhələsini müəyyən edir.
Göründüyü kimi yaxın günlərdə, xüsusilə də, 9 May paradı ətrafında baş verə biləcək hadisələr bu münaqişənin növbəti inkişaf istiqamətlərini müəyyən edəcək. Çünki belə anlaşılır ki, Ukrayna müharibəsi artıq yalnız savaş meydanında deyil, eyni zamanda, qarşıduran tərəflərin paytaxtları üzərində, iqtisadi sistemlər daxilində və hətta ictimai şüurun dərinliklərində də davam edir. Və bu isə Ukrayna savaşının qarşıdakı mərhələsinin daha təhlükəli, eyni zamanda, inkişaf istiqamətləri ilə bağlı proqnozlaşdırılmanın olduqca qəliz xarakter daşıyacağını da göstərir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
