AZ

Prezidentin rektor təyin etdiyi Yusifbəyli kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nurəli Adil oğlu Yusifbəylini Sumqayıt Dövlət Universitetinin rektoru təyin edib.

Ölkə.Az yeni rektorun dosyesini təqdim edir:

28 mart 1963-cü ildə doğulub. 

1980-ci ildə Kiyev Politexnik Institutunun (hazırda Kiyev Texniki Akademiyasının) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1986-cı ildə həmin institutu "Elektrik Sistemlərinin Kibernetikası" ixtisası üzrə bitirib.

1986–1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi vəzifələrində, 1989–1993-cü illərdə "Azərenerji" Dövlət Şirkətində Dispetçer, Böyük Dispetçer vəzifələrində çalışmışdır. 1993–2001-ci illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, Baş dispetçer, Baş mühəndisin müavini vəzifələrində, 2001–2002-ci illərdə "Azərenerji" ASC "Enerjinin ötürülməsi" İstehsalat Birliyinin Baş Direktorunun müavini vəzifəsində çalışıb.

2002–2009-cu illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə "Azərenerji" ASC "Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu"nun direktoru vəzifələrində işləyib.

Bu müddət ərzində Prezident yanında AAK-ın "05.14.02 – Elektrik stansiyaları və elektroenergetika sistemləri" ixtisası üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının Sədri olub.
2012-ci ildən İqtisadiyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, 2014-cü ildən həmin qurumun Strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışıb.
2015-2020-ci illərdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsini daşıyıb.

Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə 2021-ci ilin 18 yanvar tarixindən AzTU-nun Tədris işləri üzrə prorektoru təyin olunub.

MDB üzv ölkələri Elektroenergetika Şurası Prezidentinin 2004-cü il tarixli Sərəncamı ilə "MDB-nin Əməkdar energetiki" fəxri adına layiq görülüb.

2005-ci ildə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adına, fəaliyyətinə görə 2011-ci ildə "Qızıl Buta" mükafatına, 2014-cü ildə "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

Texnika elmləri doktoru, professordur, 8 kitab, 4 müəlliflik şəhadətnaməsi, 1 dərs vəsaiti, 3 patent, 3 Azərbaycan Standartı və 170-dan çox elmi əsərin müəllifidir. "ELECTRO-energetics-tecnnics-mechanics+control" Beynəlxalq Elmi-İstesalat jurnalının Baş redaktorudur.
Beynəlxalq "IEEE" (Institute of Electrical and Electronics Engineers) Cəmiyyətinin, "Проблемы энергетики" və "Applied Mathematics" jurnallarının redaksiya heyətinin və bir sıra elmi tədqiqat institutları elmi şuralarının üzvüdür.

1998-ci ildən pedoqoji fəaliyyətlə məşğuldur, AzTU-da "İdarəetmə və Avtomatika" kafedrasının professoru kimi fəaliyyət göstərib.

Ailəlidir, iki övladı var.

Billurə

Seçilən
2
25
olke.az

10Mənbələr