Tel-Əviv Vaşinqtonun daxili siyasi risklər və qlobal iqtisadi təsirlər səbəbindən yeni hücuma getməyəcəyini düşünür...
Poliqon xəbər verir ki, Al-Monitor portalının İsrail rəsmilərinə istinadən yaydığı məlumata görə, İsrail hakimiyyəti ABŞ-ın İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları yenidən başlatmasını hazırkı mərhələdə az ehtimal olunan ssenari kimi qiymətləndirir. Mənbələrin sözlərinə görə, Vaşinqton mümkün əməliyyatın həm ABŞ daxilində siyasi nəticələrini, həm də dünya iqtisadiyyatına təsirini nəzərə alır.
Portalın məlumatına əsasən, İsrail ordusu regionda vəziyyətin müxtəlif istiqamətlərdə inkişaf edə biləcəyini nəzərə alaraq bir neçə hərbi ssenari üzərində hazırlıq aparır. Bildirilir ki, təhlükəsizlik strukturları İranla bağlı ehtimal olunan eskalasiya variantlarını davamlı şəkildə təhlil edir.
Mənbələr həmçinin qeyd ediblər ki, İsrailin Baş naziri Benyamin Netanyahu demək olar ki, hər gecə yüksək səviyyəli müşavirələr keçirərək gələcək addımları müzakirə edir. Bu toplantılarda həm hərbi, həm də diplomatik vəziyyətin qiymətləndirildiyi bildirilir.
Al-Monitor-un həmsöhbətləri diqqəti Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında təmasların azalmasına da yönəldiblər. Onların fikrincə, Vaşinqtonda bəzi dairələr Trampın İranla bağlı uzanan qarşıdurmaya görə Netanyahu hökumətini məsul hesab edə biləcəyini düşünür.
Analitiklər qeyd edirlər ki, ABŞ-İsrail münasibətlərində koordinasiya davam etsə də, tərəflər arasında İran məsələsində taktiki yanaşma fərqlərinin yaranması ehtimalı artır. Bu isə regiondakı gələcək proseslərə və diplomatik balanslara təsir göstərə bilər.
Poliqon.info