AZ

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın parlaq gələcəyinin əsasını qoydu

"Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır", - deyən Ulu Öndər Heydər Əliyev mənalı ömrünü xalqına, dövlətinə xidmətə həsr etdi. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası, dahi liderin idarəetmə fəlsəfəsi, strateji qərarları müstəqil Azərbaycanın parlaq gələcəyinin əsasını qoydu. 

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci mərhələsində - 1969-1982-ci illərdə respublikanın sosial, iqtisadi və mədəni həyatında böyük inkişafa yol açan quruculuq işləri həyata keçirdi. Məhz həmin illər respublikanın ən parlaq tərəqqi dövrü kimi tarixə yazılıb. Qeyd edək ki, 1960-cı illərin iqtisadi göstəricilərinə görə, Azərbaycan digər ittifaq üzvləri arasında geridə qalan respublika idi. Bununla yanaşı, idarəetmə mexanizmi də qeyri-effektivliyi ilə səciyyələnirdi və bu, ciddi problemlərə yol açırdı. 

Ümummilli Lider Heydər Əliyev institusional idarəetmə mexanizmlərini yenidən formalaşdırdı, iri sənaye müəssisələri yaradıldı, milli kadrların irəli çəkilməsi siyasəti yürüdüldü. Məhz bütün bu uğurlara görə 1969-cu il Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafının başlanğıc tarixi hesab olunur.

Həmin illərdə Ulu Öndərin rəhbərliyi ilə qısa müddət ərzində görülən işlər respublikada sənayeləşmə prosesini sürətləndirdi, bu istiqamətdə sürətli inkişafa nail olundu: kimya sənayesi kompleksinin genişləndirilməsi, maşınqayırma, elektrotexnika sahələrinin yaradılması təmin olundu, energetika infrastrukturu daha da təkmilləşdirildi. Azərbaycanı SSRİ-nin mühüm sənaye regionlarından birinə çevirən bu nəhəng işlər, eyni zamanda gələcək müstəqil dövlətin iqtisadi bazasının formalaşdırılmasında mühüm rol oynadı.

"Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir", - deyən Ulu Öndər mənalı ömrünün son illərini də müasir müstəqil Azərbaycanın gələcəyinə, xalqımızın firavanlığının təmin olunmasına həsr etdi.

1990-cı illərin əvvəllərində əvvəlcə Vəzirov-Mütəllibov rejimi, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyünün yarıtmaz siyasəti nəticəsində Azərbaycan ağır fəlakətlərlə üz-üzə qaldı. Sonda isə bu dırnaqarası siyasətçilər ölkəni uçurumun kənarında qoyub qaçmaq yolunu seçdilər.

Bu qeyri-peşəkar idarəetmə və siyasi böhran dövlətçiliyin kövrək əsaslarını daha da sarsıtdı. Məhz belə bir mürəkkəb şəraitdə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi bərpa etməyə nail oldu. Qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişlərinin qarşısı qətiyyətlə alındı və vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Beləliklə, dahi liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan siyasi, hərbi və iqtisadi tənəzzüldən xilas oldu, inkişaf və tərəqqi yoluna qədəm qoydu. Ölkədə idarəetmə institutları formalaşdırıldı, milli ordu quruculuğu prosesinə başlanıldı, bütün istiqamətlərdə ardıcıl islahatlar reallaşdırıldı. Ötən il 30-cu ildönümünü qeyd etdiyimiz Konstitusiyamız qəbul olundu, qanunvericilik bazası formalaşdırıldı, xarici siyasət kursu, enerji strategiyası müəyyənləşdirildi. 

Parlamentin, qlobal standartlara uyğun dövlət institutlarının formalaşdırılması, məhkəmə-hüquq sistemində islahatların aparılması, idarəetmədə şəffaflıq və hüquqi mexanizmlərin gücləndirilməsi məhz Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasının tərkib hissəsi idi. Beləliklə, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin uzunmüddətli və dayanıqlı inkişaf istiqamətlərini müəyyənləşdirdi. Olduqca mürəkkəb geosiyasi mühitdə Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq sistemə uğurlu inteqrasiyasına əsaslı zəmin yaratdı. Beynəlxalq təsisatlarla əməkdaşlıq, region dövlətləri ilə balanslı münasibətlər və enerji diplomatiyası Azərbaycanın mövqeyini dünyada gücləndirdi. 

Bu gün Azərbaycanın qlobal enerji təhlükəsizliyinin mühüm aktoruna çevrilməsi məhz Ümummilli Liderin müəyyənləşdirdiyi enerji strategiyasının uğurlu icrası nəticəsində reallığa çevrilib. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın müstəqil enerji siyasətinin əsasını qoydu. Ölkəmizin müasir neft salnaməsinin başlanğıcı hesab olunan bu sənəd hərtərəfli inkişafa, o cümlədən enerji sektorunun tərəqqisinə geniş imkanlar açdı. 

Enerji resurslarından əldə olunan gəlirlərin digər sahələrin inkişafına yatırılması ölkəmizin davamlı inkişafının əsasını təşkil etdi, milli iqtisadiyyatımızın tərəqqisi istiqamətində zəruri addımlar atıldı. Sonrakı dövrdə görülən işlər, kəşf olunan yataqlar Azərbaycanın enerji potensialını daha da artırdı. Bu sənəd Azərbaycanın geosiyasi çəkisini artırdı, icra olunan nəhəng  enerji layihələri üçün əlverişli zəmin yaratdı.

2003-cü ildə Azərbaycan xalqı növbəti dəfə müdrik seçim edərək Azərbaycanda Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə səs verdi. Prezident İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirərək Azərbaycanı möhkəm iqtisadi dayaqlara, güclü orduya, böyük nüfuza malik qüdrətli dövlətə çevirdi. Ulu Öndərin qurduğu idarəetmə modeli, milli maraqlara söykənən xarici siyasət kursu, iqtisadi müstəqilliyin təmin olunması və güclü ordu konsepsiyası Prezident İlham Əliyevin müdrik liderliyi ilə keyfiyyətcə yeni mərhələyə yüksəldi, daim inkişaf etdirildi və parlaq qələbələrimizə yol açdı.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin fəlakətlərdən xilas edərək davamlı inkişaf yoluna çıxardığı Azərbaycan möhtərəm Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə bu gün qloballaşan dünyada böyük nüfuza malik dövlətə çevrilib. Dünyanın ən güclü dövlətləri ilə strateji tərəfdaşlıq əlaqələrinə malik Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir və qəbul olunur. Məhz Azərbaycanın təşəbbüsü ilə regionda yeni perspektivlər vəd edən əməkdaşlıqlar qurulur. 

Bir sözlə, qüdrətli Azərbaycan müstəqil dövlət kimi öz taleyinin, torpaqlarının, hüquqlarının sahibidir və Prezident İlham Əliyevin rəhbərliyi ilə firavan gələcəyini qurur.

Şahin İSMAYILOV,

Milli Məclisin Gənclər və idman komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü

Seçilən
28
50
azerbaijan-news.az

10Mənbələr