Lerik rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə geniş konsert proqramı təşkil edilib.
Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin nümayəndələri, eləcə də ictimaiyyət iştirak edib.
Doğru.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Lerik şəhərində Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra dahi liderin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov çıxışında Heydər Əliyevin Azərbaycanın xilası və inkişafı naminə göstərdiyi misilsiz xidmətlərdən bəhs edib, müstəqil dövlətimizin onun ən böyük siyasi mirası olduğunu vurğulayıb. Bildirilib ki, Ulu Öndərin zəngin və çoxşaxəli irsi bu gün də ölkənin tərəqqisinin əsas ideoloji dayaqlarından biridir.
Milli Məclisin deputatı Vasif Qafarov və YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev çıxışlarında dahi liderin dövlətçilik məktəbinin nəsillər üçün örnək olduğunu qeyd ediblər.
Tədbir respublikanın tanınmış incəsənət xadimlərinin ifasında Ulu Öndərə və Vətənə həsr olunmuş mahnılarla davam edib və iştirakçılara unudulmaz anlar yaşadıb.
DOĞRU.AZ
