AZ

Vasif Qafarov: İlham Əliyevin Zəngilandan verdiyi mesajlar dövlətçilik strategiyasının ifadəsidir

BAKI, 11 may. TELEQRAF

Prezident İlham Əliyevin Zəngilana növbəti səfəri bir daha göstərdi ki, Azərbaycan postmüharibə mərhələsində yalnız işğaldan azad edilmiş əraziləri bərpa etmir, eyni zamanda regionun yeni siyasi və geosiyasi reallıqlarını formalaşdırır. Dövlət başçısının çıxışlarında səsləndirdiyi mesajlar həm Azərbaycanın milli maraqlarını, həm də beynəlxalq münasibətlər sistemində illərlə tətbiq olunan ikili standartların mahiyyətini açıq şəkildə ortaya qoyur. Bu baxımdan Prezidentin çıxışlarında xüsusi yer alan məsələlərdən biri də ATƏT-in Minsk qrupunun fəaliyyəti və onun tarixdə uğursuz vasitəçilik institutu kimi qalması oldu.

Bu barədə Teleqraf-a açıqlanmasında Milli Məclisin deputatı Vasif Qafarov bildirilib.

Deputatın sözlərinə görə, ATƏT-in Minsk qrupu 30 ilə yaxın müddətdə münaqişənin həllindən daha çox status-kvonun qorunmasına xidmət edib: "ABŞ, Rusiya və Fransa kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələr beynəlxalq hüququn qarantı kimi çıxış etməli olduqları halda, Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən qətnamələrin icrasına selektiv yanaşdılar. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, həmin dövlətlər lazım gələndə beynəlxalq hüququ müdafiə edir, maraqları toqquşanda isə onun işləməsinə mane olurlar. Məhz buna görə də Azərbaycan 44 günlük Vətən müharibəsində öz gücü hesabına BMT qətnamələrinin icrasını təmin etdi və faktiki olaraq Minsk qrupunu siyasi tarixin arxivinə göndərdi.

Bu proses ərzində həmsədrlərin fəaliyyəti də ciddi tənqid olundu. İllərlə bölgəyə nəticəsiz səfərlər edən həmsədrlər işğal altındakı şəhər və kəndlərimizin dağıdılmasına, mədəni irsimizin məhv edilməsinə, qanunsuz məskunlaşmaya və sərvətlərimizin talan edilməsinə göz yumdular. Hətta o dərəcədə reallıq hissini itirmişdilər ki, “Şimali Qarabağ” kimi uydurma terminlər ortaya ataraq Azərbaycanın öz torpaqlarından imtina etməsini dolayısı ilə təşviq edirdilər. Prezident İlham Əliyevin müharibədən sonra həmsədrlərə “sizi dəvət etməmişik” mesajını verməsi Azərbaycanın artıq vasitəçilərin deyil, qalib dövlətin dili ilə danışdığını göstərirdi".

Deputat qeyd edib ki, Minsk qrupunun iflası fonunda Ermənistanın dövlətçilik problemi daha aydın görünməyə başladı: "Tarix boyu xarici himayədarlara söykənən bu ölkə heç vaxt müstəqil siyasi iradə nümayiş etdirə bilməyib. Uzun zaman ərzində Rusiyanın himayəsinə sığınan Ermənistan bu gün Fransanın regiondakı alətinə çevrilməyə çalışır. Parisin Ermənistana verdiyi siyasi dəstək əslində Fransanın Cənubi Qafqazda neokolonial təsir imkanlarını genişləndirmək niyyətindən irəli gəlir. Halbuki Fransanın özünün Afrika və okean hövzəsindəki müstəmləkə siyasəti bu gün beynəlxalq təşkilatların tənqid obyektidir. Bakı Təşəbbüs Qrupunun Fransanın neokolonial siyasətinə qarşı çıxışları da məhz bu kontekstdə xüsusi aktuallıq qazanır.

Prezident İlham Əliyevin çıxışında toxunduğu digər mühüm məqam Fransa prezidenti Emmanuel Makronun bölgə ilə bağlı siyasəti idi. Dövlət başçısının “özünü saxta qəhrəman kimi göstərən bəzi liderlər” ifadəsi ilk növbədə Makrona ünvanlanmış mesaj kimi qiymətləndirilir. Çünki 2020-ci ildə Ermənistan ağır məğlubiyyətə uğrayanda həmin liderlər hakimiyyətdə olsalar da, İrəvana real dəstək göstərə bilmədilər. Bu gün isə regionun siyasi gündəliyini Bakı və Ankara müəyyən edir. Makronun Ermənistana səfər planlarını Türkiyə üzərindən reallaşdırmaq istəməsi də nəticəsiz qaldı və Azərbaycan-Türkiyə tandeminin bölgədə əsas söz sahibi olduğunu bir daha nümayiş etdirdi.

Məhz bu reallıqlar fonunda Azərbaycan sülh prosesinin əsas təşəbbüskarı kimi çıxış edir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, regionda davamlı sülhün təmin olunması üçün bütün imkanlar mövcuddur. Buna baxmayaraq, Ermənistanda yerləşdirilən Aİ missiyasının fəaliyyəti ciddi suallar doğurur. Əgər tərəflər sülh danışıqları aparırsa və qarşılıqlı bəyanatlar verirsə, o halda xarici müşahidə missiyasının sərhəddə yerləşməsi nə məqsədə xidmət edir? Xüsusilə Fransanın bu missiyanın əsas dəstəkçisi olması onu göstərir ki, bəzi dairələr bölgədə gərginliyin tam aradan qalxmasında maraqlı deyil. Azərbaycan isə açıq şəkildə bildirir ki, Ermənistanda revanşist qüvvələr yenidən təhlükə yaratmağa çalışarsa, ölkəmiz öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atacaq".

Vasif Qafarovun sözlərinə görə, bununla yanaşı, Prezident İlham Əliyevin Zəngilan səfəri Azərbaycanın əsas prioritetinin müharibə deyil, sülh və quruculuq olduğunu bir daha nümayiş etdirdi: "İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr artıq yeni həyatın simvoluna çevrilib. Yeni yaşayış kompleksləri, məktəblər, yollar, hava limanları və sosial obyektlər Böyük Qayıdış proqramının real nəticələridir. Şəhid ailələri və doğma torpaqlarına qayıdan sakinlərlə səmimi görüşlər isə bu siyasətin mərkəzində insan faktorunun dayandığını göstərir.

Lakin Azərbaycan quruculuqla yanaşı, işğal dövründə törədilən cinayətləri də unutmur və bunları daim gündəmdə saxlayır. Qarabağ və Şərqi Zəngəzurda törədilən urbisid, ekosid və kultursid faktları beynəlxalq ictimaiyyətə ardıcıl şəkildə təqdim olunur. Dağıdılmış məscidlər, viran qoyulmuş şəhərlər, məhv edilmiş qəbiristanlıqlar və talan olunmuş təbiət Ermənistanın işğal siyasətinin əsl mahiyyətini ortaya qoyur. Bu məsələlərin gündəmdə saxlanması həm tarixi ədalətin təmin olunması, həm də gələcək nəsillərin həqiqətləri bilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın beynəlxalq nüfuzu yalnız regiondakı siyasi proseslərlə məhdudlaşmır. Bakıda keçiriləcək WUF13 — Dünya Şəhər Forumu ölkəmizin qlobal şəhərsalma və dayanıqlı inkişaf gündəliyində oynadığı rolu nümayiş etdirəcək. Qarabağda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri dünyanın diqqətinə təqdim olunacaq və Azərbaycan postmünaqişə bərpasının uğurlu modeli kimi çıxış edəcək.

Bütün bunlar dünyada artan geosiyasi gərginlik fonunda daha böyük əhəmiyyət qazanır. İran-İsrail-ABŞ qarşıdurması, Hörmüz boğazı ətrafındakı risklər və enerji bazarlarında qeyri-sabitlik qlobal iqtisadiyyata ciddi təsir göstərir. Belə bir mürəkkəb dövrdə Azərbaycandakı sabitlik, təhlükəsizlik və inkişaf xüsusi diqqət çəkir. Azərbaycan həm enerji təhlükəsizliyinin təminatçısı, həm də regionda sülh və əməkdaşlığın əsas təşəbbüskarı kimi çıxış edir.

Ümumilikdə, Prezident İlham Əliyevin Zəngilandan verdiyi mesajlar yalnız bir bölgəyə aid çağırış deyil, bütövlükdə Azərbaycanın dövlətçilik strategiyasının ifadəsidir. Bu strategiyanın əsasını suverenlik, milli maraqlar, güclü siyasi iradə və quruculuq fəlsəfəsi təşkil edir. Azərbaycanın yaratdığı yeni reallıq artıq beynəlxalq münasibətlər sistemində qəbul olunan siyasi həqiqətə çevrilib".

Seçilən
52
50
teleqraf.com

10Mənbələr