“44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atan Azərbaycan postmüharibə mərhələsində həyata keçirdiyi layihələr, təşəbbüslər və uğurlu dövlət siyasəti ilə beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə davam edir. Azərbaycanın qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə yeni yaşayış məntəqələri salması, sosial obyektlər, müasir infrastruktur və məktəblər inşa etməsi, eləcə də digər mühüm layihələri reallaşdırması dünya miqyasında maraq və rəğbətlə qarşılanır. Həyata keçirilən bu işlər bir çox ölkələr üçün nümunə kimi dəyərləndirilir”.

O bildirib ki, əldə olunan uğurlar bir tərəfdən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və strateji siyasətin nəticəsidirsə, digər tərəfdən Azərbaycan xalqının öz torpağına və vətəninə bağlılığının göstəricisidir:
“Azərbaycan xalqı tarix boyu torpağa sahib çıxmağı özünün ən ali dəyərlərindən biri hesab edib və bu ənənə bu gün də davam etdirilir. Artıq Azərbaycan işğaldan azad edilmiş ərazilərdə, xüsusilə də Zəngilanda həyata keçirdiyi layihələr və atdığı addımlarla yeni inkişaf modeli ortaya qoyur. Burada icra olunan “ağıllı kənd” və “ağıllı şəhər” layihələri, müasir infrastruktur proqramları, “yaşıl enerji” təşəbbüsləri və geniş quruculuq işləri ölkənin postmüharibə dövründə nümayiş etdirdiyi güclü siyasi iradəni və gələcəyə hesablanmış yanaşmanı açıq şəkildə göstərir. Prezident İlham Əliyevin Zəngilana səfəri zamanı verdiyi mesajlar da Azərbaycanın postmüharibə mərhələsində müəyyən etdiyi strateji xəttin mahiyyətini bir daha ortaya qoydu”.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısının çıxışında yalnız hərbi qələbədən sonra yaranmış siyasi reallıqlar deyil, həmçinin regionun gələcək inkişaf perspektivləri, beynəlxalq münasibətlər sistemində müşahidə olunan fərqli yanaşmalar və Azərbaycanın qarşıdakı dövr üçün müəyyən etdiyi prioritetlər də geniş şəkildə əks olunurdu:
“Səfər çərçivəsində diqqət çəkən əsas məqamlardan biri azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri oldu. Uzun illər işğal altında dağıdılmış Qarabağ və Şərqi Zəngəzur artıq tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə Zəngilanda həyata keçirilən layihələr göstərir ki, Azərbaycan həmin əraziləri yalnız əvvəlki vəziyyətinə qaytarmaq deyil, onları müasir şəhərsalma və dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə yenidən qurmaq niyyətindədir. Yeni yaşayış məntəqələrinin salınması, nəqliyyat-kommunikasiya xətlərinin yaradılması, enerji təminatının müasir model əsasında təşkili və “ağıllı kənd” konsepsiyasının tətbiqi postmüharibə dövründə ortaya qoyulan ən uğurlu idarəçilik nümunələrindən biri hesab oluna bilər”.

Millət vəkili vurğulayıb ki, vaxtilə viran qoyulmuş ərazilərdə həyatın yenidən bərpa olunması, insanların doğma yurdlarına mərhələli şəkildə qayıdışı və sosial mühitin formalaşdırılması həyata keçirilən siyasətin ən mühüm nəticələri sırasındadır:
“Prezidentin çıxışında beynəlxalq təşkilatların illərlə nəticə verməyən fəaliyyəti və münaqişəyə münasibətdə ortaya qoyulan fərqli yanaşmalar da xüsusi yer aldı. Bununla yanaşı, regionda davamlı sabitliyin qorunması, sülh prosesinin irəliləməsi və xarici təsir cəhdlərinin yarada biləcəyi risklər də diqqət mərkəzində idi. Azərbaycan proseslərə daha çox praktiki nəticələr baxımından yanaşdığını nümayiş etdirir və bölgədə əməkdaşlıq imkanlarının genişlənməsində maraqlı olduğunu açıq şəkildə göstərir. Eyni zamanda Azərbaycanın beynəlxalq platformalarda artan fəallığı da diqqətdən yayınmır. Azad edilmiş ərazilərdə həyata keçirilən müasir şəhərsalma layihələri artıq beynəlxalq səviyyədə maraq doğurmaqdadır. Xüsusilə urbanizasiya, dayanıqlı inkişaf və müasir yaşayış konsepsiyaları ilə bağlı həyata keçirilən layihələr Azərbaycanın bu istiqamətdə formalaşdırdığı yeni təcrübəyə marağı artırır. WUF13 kimi nüfuzlu beynəlxalq platformalar ətrafında aparılan hazırlıq işləri də ölkənin qlobal əməkdaşlıq müstəvisində artan rolunu göstərən mühüm amillərdən biridir”.

“Bütün bunlar onu göstərir ki, Azərbaycan hazırda yalnız regionun siyasi və iqtisadi mənzərəsinə təsir edən dövlət kimi deyil, həm də postmünaqişə dövründə yenidənqurma, sosial dirçəliş və müasir inkişaf modeli ortaya qoyan ölkə kimi diqqət çəkir”, - deyə Vüqar İskəndərov əlavə edib.