AZ

Yüzdən çox leyborist deputat Starmeri dəstəkləyib

Partiya daxilində fikir ayrılığı dərinləşib, bəzi deputatlar isə baş nazirin istefasını tələb edib...

Poliqon xəbər verir ki, Böyük Britaniyada hakim Leyborist Partiyasının yüzdən çox deputatı partiya lideri və baş nazir Kir Starmer dəstəklədiklərini açıqlayıb. “The Guardian” qəzetinin yaydığı məlumata əsasən, deputatlar Starmerə dəstək məqsədilə xüsusi məktub imzalayıblar.

Məlumata görə, məktuba imza atan deputatlar baş nazirin rəhbərliyi altında partiyanın siyasi kursunun davam etdirilməsinin vacibliyini vurğulayıblar. Onlar ölkədə iqtisadi və sosial problemlərin həlli, həmçinin partiyanın seçki vədlərinin yerinə yetirilməsi üçün rəhbərlik ətrafında birliyin qorunmasının zəruri olduğunu bildiriblər.

Bununla yanaşı, Leyborist siyahısının hesablamalarına əsasən, partiyanın 88 deputatı Kir Starmerə qarşı çıxır və onun istefasını tələb edir. Narazı deputatlar hökumətin son dövrdəki siyasətini, sosial-iqtisadi qərarları və partiya daxilində idarəetmə üsulunu tənqid edirlər.

Siyasi müşahidəçilərin fikrincə, bu vəziyyət hakim partiya daxilində ciddi fikir ayrılıqlarının mövcud olduğunu göstərir. Analitiklər hesab edirlər ki, partiya rəhbərliyi ətrafında yaranan gərginlik yaxın aylarda Böyük Britaniyanın daxili siyasətinə və parlamentdə qüvvələr balansına təsir göstərə bilər.

Qeyd olunur ki, Kir Starmer son dövrlər həm müxalifət, həm də öz partiyası daxilində artan təzyiqlərlə üzləşir. Buna baxmayaraq, onu dəstəkləyən deputatlar hazırkı mərhələdə rəhbərliyin dəyişdirilməsinin ölkədə siyasi sabitliyə mənfi təsir göstərə biləcəyini bildirirlər.

Poliqon.info

Seçilən
5
4
poliqon.info

5Mənbələr