AZ

Rumıniyada PUA yaşayış binasına çırpılıb: Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

Qalats şəhərində PUA-nın (Pilotsuz Uçuş Aparatı – dron) partlamasından sonra Rusiya səfiri Vladimir Lipayev Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenicag.az bildirir ki, Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rumıniya xarici işlər naziri Oana-Silviya Tsoyu məlumat verib.
“Rumıniyanın təhlükəsizliyi bizim mütləq prioritetimizdir”, – deyə nazir bildirib.
Oana-Silviya Tsoyu vurğulayıb ki, Rumıniya tərəfi Rusiya Federasiyasını məsuliyyətsiz davranışının ölkələr arasındakı diplomatik münasibətlərə və sanksiyalar paketinə dair Avropa səviyyəsində atılacaq addımlarla bağlı məlumatlandırmaq niyyətindədir.
Rumıniyanın müdafiə naziri səlahiyyətlərinin icraçısı Radu Mirutse bəyan edib ki, qırıcı təyyarələr havaya qaldırılıb və onların atəş açmaq icazəsi olub. Lakin PUA vurulmayıb, çünki onun ələ keçirilməsi Qalats bələdiyyəsinə çox ziyan vura bilərdi.
O əlavə edib ki, dron Rumıniya hava məkanında dörd dəqiqə qalıb. Radu Mirutse həmçinin hökuməti və NATO müttəfiqlərini hadisə ilə bağlı məlumatlandırdığını bildirib. O, NATO-nun Baş katibi Mark Rütte ilə telefon danışığı apardığını da qeyd edib. Şimali Atlantika Alyansının nümayəndəsi öz növbəsində bəyan edib ki, Rütte Rumıniya hakimiyyəti ilə əlaqə saxlayıb.
Qeyd edək ki, 29 may gecəsi Qalats şəhərindəki binalardan birinin damına PUA düşüb və nəticədə yanğın baş verib. Hakimiyyət orqanları bir neçə nəfərin xəsarət aldığını və təxminən 70 insanın təxliyə edildiyini bildirib. Rumıniya prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb.
***
Rumıniyanın şərqindəki Qalats şəhərində pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb.
Yenicag.az bu barədə “Mediafax” agentliyinə istinadən xəbər verir.
Bina ilə toqquşma zamanı partlayış baş verib, bundan sonra mənzillərin birində yanğın başlayıb, nəticədə iki nəfər xəsarət alıb. Sonradan yanğını söndürmək mümkün olub./oxu.az/
Seçilən
34
50
yenicag.az

10Mənbələr