AZ

"TürkAxını" operatoru Amsterdam məhkəməsində qalib gəlib

BAKI, 1 iyun. TELEQRAF

Niderlandın Amsterdam şəhər məhkəməsi Ukraynanın enerji şirkəti DTEK-in "TürkAxını" qaz kəmərinin operatoru olan South Stream Transport (SST) şirkətinə qarşı irəli sürdüyü tələblərin böyük hissəsini təmin etməyib.

Teleqraf xəbər verir ki, DTEK "Qazprom" qrupuna daxil olan və Niderlandda qeydiyyatdan keçmiş SST şirkətinin aktivləri və müqavilələri üzərində sərəncam verməsini qadağan etməyi, geniş səlahiyyətlərə malik müvəqqəti idarəçinin təyin olunmasını, həmçinin şirkətin mümkün restrukturizasiyasının qarşısının alınmasını tələb edib.

Ukrayna şirkəti iddia edib ki, SST arbitraj qərarı əsasında Rusiyadan vəsaitlərin tutulmasını çətinləşdirmək məqsədilə aktivlərini Niderlanddan çıxara bilər.

Lakin məhkəmə qərarında qeyd olunub ki, DTEK-in narahatlıqları əsasən "ehtimal olunan gələcək ssenarilərə" söykənir. Sənəddə vurğulanır ki, SST aktivlərin ölkədən çıxarılması və ya biznesin başqa yurisdiksiyaya köçürülməsi ilə bağlı planlarının olmadığını dəfələrlə bəyan edib və Niderland qanunvericiliyinə, eləcə də kreditorların hüquqlarına əməl edəcəyini təsdiqləyib.

Məhkəmə həmçinin bildirib ki, DTEK-in tələb etdiyi tədbirlər şirkətin fəaliyyətinə qeyri-mütənasib müdaxilə ola bilər. Qərarda qeyd edilir ki, söhbət təxminən 300 milyon avroluq iddialar fonunda dəyəri bir neçə milyard avro olan müəssisənin müstəqilliyinin məhdudlaşdırılmasından gedir.

Bununla belə, məhkəmə iddianı qismən təmin edib. Qərara əsasən, SST dəyəri təxminən 100 milyon avro olan iri aktivlərin ötürülməsi ilə bağlı həyata keçirilən və ya planlaşdırılan əməliyyatlar barədə DTEK-i məlumatlandırmalıdır.

Bu tələbin pozulacağı təqdirdə şirkətə 10 milyon avroya qədər cərimə tətbiq oluna bilər.

Seçilən
90
50
teleqraf.com

10Mənbələr