AZ

Məcburi köçkünlərə sosial dəstək siyasətinin yeni mərhələsi başlayır



Vüqar Bayramov: “Qanunvericiliyə təklif edilən yeni dəyişikliklər keçmiş məcburi köçkün ailələri üçün sosial təminat tədbirlərinin davam etdiriləcəyini bir daha təsdiq edir”

Torpaqlarımız işğaldan azad olunandan sonra ərazilərimizdə geniş miqyaslı tikinti-bərpa, quruculuq işləri həyata keçirilməyə başladı, eyni zamanda da keçmiş məcburi köçkünlərin məskunlaşdırma prosesinə start verildi. Keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı dövlət tərəfindən davamlı siyasət yürüdülür.

Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik təklif edilib.

Məcburi köçkün statusu və ona tətbiq olunan xüsusi sosial dəstək mexanizmləri müvafiq qanunvericilik çərçivəsində yenidən tənzimlənir. Bu proses Böyük Qayıdış çərçivəsində daimi yaşayışın təmin edilməsi, sosial-iqtisadi reinteqrasiya, mülkiyyət hüquqlarının genişləndirilməsi və sosial dəstək mexanizmlərinin yeni mərhələyə uyğunlaşdırılmasıdır.

2007-ci ildə 12 çadır düşərgəsi və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələri ləğv edilib, 16 fin tipli qəsəbədən sonuncusu isə 2016-ci ildə ləğv edilib.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək istifadəyə verilib. Beləliklə, 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Vahid aylıq müavinət də daxil olmaqla, müxtəlif sosial müdafiə tədbirləri vasitəsilə məcburi köçkün ailələrinə uzun illər ərzində dövlət dəstəyi göstərilib.

Böyük Qayıdış prosesi çərçivəsində vətəndaşların rifahı və sosial təminatı prioritet istiqamət olaraq qalır.

"Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlara təklif edilən dəyişikliklərin böyük əhəmiyyətə malik olduğu gizlin deyil.

Məcburi köçkünlərin statusu haqqında qanun, məcburi köçkünlərin sosial müdafiəsi haqqında qanunda dəyişikliklər əslində nə deməkdir?

Ekspertlər vurğulayır ki, keçmiş məcburi köçkünlər yeni şəraitdə yeni statusla təmin olunub. Məcburi köçkünlərin sosial müdafiəsi qanuna dəyişiklik edilib və onların statusunda dəyişikliklər əslində necə başa düşülməlidir?

Ekspertlər deyirlər ki, yeni ərazilərdə məskunlaşmış keşmiş məcburi köçkünlərin sosial müdafiə siyasəti davam etdirilir.

Bu nə kimi formalarda davam etdiriləcək? Onların sosial müdafiəsi necə davam etdiriləcək, əmlak hüquqları necə təmin olunacaq?

Onu da vurğulayaq ki, bu məsələ ilə əlaqədar Məskunlaşma Fondu yaradılır. Yəni indiyə qədər keçmiş məcburi köçkünlər o evlərdə icarə müqaviləsi ilə yaşayırdılar, amma indi mülkiyyət hüquna malik olacaqlar.

Millət vəkili Vüqar Bayramov baki-xeber.com-a bildirdi ki, keçmiş məcburi köçkünlərin sosial təminatının daha da gücləndirilməsi hər zaman Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas priortitetlərindən olub. “Son 30 ildə məcburi köçkünlərin mənzil təminatı və eləcə də sosial qayğının daha da gücləndirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi həyata keçirilən siyasətin əsas istiqamətlərindən olmuşdur. Vətən müharibəsində əldə edilən zəfərdən sonra keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi üçün dövlət büdcəsindən 1 milyard 654 milyon manat ayrılıb. Belə ki, bu istiqamətə dövlət büdcəsindən 2021-ci ildə 354.4 milyon manat, 2022-ci ildə 364,9 milyon manat , 2023-cü ildə 353.9 milyon manat, 2024-cü ildə 329,2 milyon manat, 2025-ci ildə isə 252.0 milyon manat xərclənmişdir. 2026-ci ildə isə daha 280 milyon manatın ayrılması həyata keçirilməkdədir. Yalnız Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması üçün 2 milyard 702 milyon manat vəsait ayrılıb. Bu Neft Fondunun büdcə transferlərindən kənar ayırdığı 13 maliyyələşmə istiqaməti üzrə ən böyük xərc maddəsidir. Göründüyü kimi, ölkəmizdə xüsusi sosial həssaslıq nümayiş etdirilərək məcburi köçkün ailələri uzun illər dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub.

Qanunvericiliyə təklif edilən yeni dəyişikliklər keçmiş məcburi köçkün ailələri üçün sosial təminat tədbirlərinin davam etdiriləcəyini bir daha təsdiq edir”.

V.Bayramovun sözlərinə görə, belə ki, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıtdıqdan sonrakı 3 il müddətində sosial təminat proqramlarından yararlana biləcəklər. “Bu o deməkdir ki, bir tərəfdən həmin vətəndaşlarımız dövlət vəsaiti hesabına mənzil ilə təmin ediləcəklər, digər tərəfdən isə sosial qayğı ilə əhatə olunacaqlar. Təhsil alan şəxslər üçün təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi təhsil müddətinin sonunadək davam etdiriləcək. Bu eyni zamanda həmin vətəndaşlarımızın sosial inteqrasiyasını daha da gücləndirəcək. Hazırda 85 mindən çox vətəndaşımız işğaldan azad olunan ərazilərimizdə məksunlaşıb, yaşayır, təhsil alır və çalışır. Bu baxımdan, məskunlaşan keçmiş məcburi köçkünlər sosial interqasiya nəticəsində cəmiyyətin inkişafında daha fəal iştirak edə biləcəklər. Zəfərdən sonra keçən qısa müddətdə isə işğaldan azad olunan ərazilərimizdə 85 mindən çox vətəndaşımızın məskunlaşması, işləməsi və təhsil alması isə Azərbaycanın gücünü bir daha təsdiq edir”-deyə V.Bayramov qeyd etdi.

V.Bayramov bildirdi ki, yeni dəyişikliklərdə mühim məqamlardan biri də mənzil hüququnun təsbit edilməsidir. “Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri kimi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək istifadəyə verilib. Bu 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılması deməkdir. Artıq 35 mindən çox keçmiş məcburi köçkün geri qayıdıb və dövlət tərəfindən mənzil ilə təmin edilib. Yeni dəyişiklik həmin vətəndaşlarımızın mənzil hüququnun təsbit edilməsinə və bu sahədə hüquqi bazanın güclənməsinə imkan verəcək. Bu o deməkdir ki, keçmiş məcburi köçkünlərə işğaldan azad edilmiş ərazilərdə verilən yaşayış sahəsi dərhal onların mülkiyyətinə veriləcək.

Göründüyü kimi, dövlətin sosial müdafiə sistemi tək bir statusa bağlı deyil, çoxsəviyyəli mexanizmlərdən ibarətdir. Buraya ünvanlı sosial yardım, məşğulluq proqramları, mənzil təminatı, təhsil və səhiyyə dəstəyi, reabilitasiya və sosial inteqrasiya proqramları da daxildir. Hər bir Azərbaycan vətəndaşı kimi keçmiş məcburi köçkünlər də həmin proqramlardan sıx şəkildə istifadə edirlər və bu imkan daha da genişlənəcək.

Bütün bunlar bir daha təsdiq edir ki, qanunvericiliyə təklif edilən son dəyişikliklər keçmiş məcburi köçkünlərin sosial təminatının daha gücləndirilməsi ilə bağlı siyasətin davam etdiriləcəyinə və mülkiyyət hüquqlarının tanınması da daxil olmaqla həmin vətəndaşlarımızın sosial inteqrasiyasını sürətləndirəcək”-deyə millət vəkili bildirdi.

İradə SARIYEVA

Seçilən
21
3
baki-xeber.com

10Mənbələr