EN

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu gün Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.

Keçmiş məcburi köçkünlər Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dən yola salınıb.

Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Kəngərli kəndinə 37 ailə - 153 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Keçmiş məcburi köçkün Rüstəmov Allahverdi Əli oğlu doğma yurda qayıtmaqla bağlı təəssüratlarını belə ifadə edib: “Bu günə çox şükür. Prezidentimizin siyasəti nəticəsində bu gün doğma yurdumuza qayıdırıq. Gedib baxmışam çox gözəl evlərdi. Çox gözəl də şərait yaradılıb. Allah bir daha bizə pis gün göstərməsin”.

Chosen
7
4
aznews.az

10Sources