EN

“RusiyaAzərbaycana qarşı qərəzli və ziddiyyətli siyasət yürüdür” – Sahil Kərimli – ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin önəmini vurğulayıb. Onun sözlərinə görə, bu əlaqələr hər iki xalq üçün xüsusi əhəmiyyət daşıyır və onları pozmaq cəhdləri ciddi nəticələrə gətirib çıxara bilər. "Bu dostluğu pozmaq niyyətində olanlar əvvəlcə yaxşı düşünməlidirlər. Bəzi dairələr bu münasibətlər üzərindən "əllərini isitmək" istəyirlər, amma buna dəyməz. Çünki bu dostluq bizim üçün çox önəmlidir", - deyə Zaxarova bildirib.

Maraqlıdır, Mariya Zaxarovanın bu açıqlamasını necə başa düşmək olar - bu, sadəcə dostluq mesajıdır, yoxsa Rusiyanın ikili siyasəti?

"Mariya Zaxarovanın bu açıqlaması, təəssüf ki, reallıqdan uzaqdır. Çünki əgər Rusiya Azərbaycanla münasibətləri qoruyub saxlamaq istəyirsə, bu cür aqressiv hərəkətlərə yol verməməli idi və gələcəkdə də verməməlidir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib. Siyasi şərhçi əlavə edib ki, Rusiya  Azərbaycana qarşı dostluqdan uzaq, qərəzli və ziddiyyətli siyasət yürüdür:

"Son dövrlərdə Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən repressiyalar və qanlı cinayətlər göstərir ki, Rusiya Azərbaycana qarşı qərəzli mövqe tutur. Azərbaycan isə səmimi və dostyana şəkildə siyasət həyata keçirdiyi halda, Rusiya buna adekvat addımlar atmır. Azərbaycan daim Rusiya ilə   münasibətlərdə səmimi olub və bu münasibətləri qorumaq, dərinləşdirmək və inkişaf etdirmək istiqamətində ciddi və əzmkar addımlar atıb. Lakin təəssüf və hiddət doğuran məqam ondan ibarətdir ki, Rusiya bu səmimiyyətə qarşılıq vermir. Son dövrlərdə Rusiyanın atdığı addımlar həm Azərbaycan ictimaiyyətində, həm də xalq arasında ciddi narahatlıq və hiddət doğurur.
Eyni zamanda, Rusiyanın Ermənistandakı vəziyyəti gərginləşdirməyə yönəlmiş məkrli planları da göz önündədir. Bu, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına mane olmaq cəhdləri kimi qiymətləndirilməlidir. 
Ümumilikdə, Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatları da göstərir ki, Rusiya törətdiyi əməlləri ya ört-basdır etməyə, ya da onlardan sığortalanmağa çalışır və özünü dost kimi göstərməyə cəhd edir. Amma əslində biz tamamilə fərqli bir mənzərə ilə üz-üzə qalmışıq. Ən azından azərbaycanlıların polis tərəfindən vəhşicəsinə döyülməsi, qətlə yetirilməsi və həmin bölgədə yaşayan digər azərbaycanlılara qarşı represiyaların gücləndirilməsi onu göstərir ki, Rusiya sözləri ilə əməlləri üst-üstə düşməyən siyasət yürüdür".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
21
50
olaylar.az

10Sources