Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Tarix boyu olan hadisələr hər kəsə yaxşı məlumdur. Görünür, məlum olmayan Azərbaycan xalqının qətiyyəti olub. Torpaqlarımız işğal altında olanda topladığımız güc, bu gücün gətirmiş olduğu əzmkarlıqla tarixi ərazilərimizdən işğalçıları qovduq, separatizmin kökünü kəsdik. Bu addımlar təbii ki, yeni reallıq yaratdı, imperialist dövlətlərin qıcığına və hiddətinə səbəb oldu. Bu aktorlardan biri də İran idi. Azərbaycan isə dəfələrlə bildirdi ki, təklif etdiyi əməkdaşlıq platforması regional əməkdaşlığın daha da artırılmasına xidmət edəcək. Məsələ ondan ibarətdir ki, regionda Türkiyənin və Azərbaycanın nüfuzunun artması İranı narahat etməyə başladı və səfirliyimizə qarşı atılan addım münasibətlərdə qırılma nöqtəsi oldu. Azərbaycan dövləti isə nümayiş etdirdiyi siyasi iradə ilə ona nail oldu ki, günahkar layiqli cəzasını alsın. İran Prezidenti Məsud Pezeşkianın səfərindən sonra münasibətlərimizdə əvvəl müşahidə olunan mənfi meyllərin xeyli dərəcədə azaldığını gördük. Son günlərdə Azərbaycan əleyhinə İran-İsrail müharibəsi zamanı və ondan sonrakı dönəmdə təhdidlər olsa da, kampaniya yürüdülsə də Azərbaycan öz mövqeyindən geri addım atmır. Yürüdülən siyasət bir daha ondan xəbər verir ki, regional aktorlarla, qonşu dövlətlərlə münasibətlərin müsbət məcrada inkişaf etməsi bizim üçün prioritetdir. İran Azərbaycanın cənub qonşusudur. Bu dövlətin ərazisində yaşayan azərbaycanlılara dil, milli kimlik baxımından məhdudiyyətlər olsa da onların ölkənin inkişafına verdiyi töhfə inkarolunmazdır.
Yaşanan bütün hadisələrə baxmayaraq qapıda dayanan çağırışlar gələcəyə baxmağa vadar edir. Regional əməkdaşlıq gücləndirilməli, hər nə qədər çətin olsa da mürəkkəb kombinasiyaların öhdəsindən gəlməyi bacarmaq lazımdır. Regionumuzun iqtisadi potensialı böyükdür. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycan istər regional, istərsə də qlobal aktorlarla qarşılıqlı faydaya əsaslanan münasibətlər qurmaqda maraqlıdır. İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində İran Prezidentinin yenidən Azərbaycana, məhz Xankəndiyə gəlməsi mühüm əhəmiyyət kəsb edir. Birincisi, bu bir daha yaranmış reallığın qəbul olunması deməkdir. İkincisi isə istənilən təmas və görüş siyasi və iqtisadi gündəlikdə dayanan məsələlərin müzakirəsi, gələcək perspektivlərin dəyərləndirilməsi baxımından xüsusi önəm kəsb edir. Nəzərə alsaq ki, tədbirdə Pakistan və Türkiyə liderləri də iştirak edəcək Xankəndi İran-Türkiyə-Pakistan-Azərbaycan arasında müzakirəsi gözlənən məsələlər üçün də vacib bir platforma qismində çıxış edəcək. İranla Azərbaycan arasında ziddiyyətlər dərinləşdirilməməli, tam əksinə ortaq nöqtələr tapılmalıdır."
İbrahim Məmmədli