Mediasiyada psixoloji yanaşma nəyə görə vacibdir?
“Bəzən insana həll yox, sadəcə dinlənilmək lazımdır. Və onda münaqişə özü-özünə əriməyə başlayır,”
Mediasiya – bu, sadəcə bir barış prosesi deyil. Bu, bir yolçuluqdur. Mübahisəyə çevrilmiş münasibətlərin içində gizlənmiş duyğularla üz-üzə gəlmək, ağrının altındakı səsi eşitmək cəhdidir. Və bu yolçuluqda psixologiya, adətən görünməyən, amma hər şeyi dəyişən bir qüvvədir.
-Səbinə xanım, psixologiya mediasiyada necə yer tutur?
-Psixologiya mediasiyanın təməlini təşkil edir. Hər bir münaqişənin arxasında duyğular dayanır: qorxu, qəzəb, məyusluq, inciklik. Bəzən tərəflər hüquqi dillə danışsalar da, içlərində deyilməmiş sözlər və saxlanmış ağrılar var. Psixoloji yanaşma bu duyğulara yer verməyə imkan yaradır. İnsan danışanda, eşidiləndə, sakitlik gəlir.
-Bəs mediator bu zaman nə edir? Psixoloq kimi davranırmı?
-Mediator psixoloq deyil, amma onun işi dərin psixoloji yanaşma tələb edir. O, insanlara diaqnoz qoymur, amma onların münasibətini və ehtiyaclarını hiss edir. Onun vəzifəsi -tərəfləri bir-birinə yaxınlaşdırmaqdır. Yarqılamadan, tərəf tutmadan, empatik şəkildə. Bəzən düzgün verilmiş bir sual tərəfləri özünə qaytarır.
– Bu işdə ən çətin məqam nədir?
— Hissləri saxlaya bilmək. Tərəflərin ağrısı çox vaxt insana toxunur. Amma mediator kimi neytrallığı qorumaq, hər iki tərəfin səsini eyni səviyyədə eşitmək lazımdır. Həm insan kimi orada olmaq, həm də prosesin güvənli çərçivəsini qorumaq bir sənətdir.
-Və ən vacib olan nədir sizcə?
-Məncə, ən vacib olan-insani qalmaqdır. Protokolların və texnikaların arxasında unutmamaq ki, qarşında insan var. Bəzən bir cümlə, sadə bir baxış, bir susqunluq tərəflərə güvən verir. Anlamaq üçün çox danışmağa ehtiyac olmur. Sadəcə orada olmaq bəs edir.
Ağrının olduğu yerdə anlayışa ehtiyac var. Mediasiya anlayışı bərpa etmək yoludur. Psixologiya isə bu yolda sükutu dinləməyi, duyğunu hiss etməyi, barışa şərait yaratmağı öyrədir.
Bəzən isə hər şeyi dəyişmək üçün yalnız bir sual kifayət edir:
“Sənin üçün indi ən vacib nədir?”
Və bu sualın cavabı bizi ağrıdan anlayışa aparır. Orada artıq qəzəb yox, insan var. Və o insan eşidilməyə dəyər.
Səbinə İsmayılova
Psixoloq və mediator