Son 20 ildə Azərbaycan beynəlxalq əhəmiyyətli konfranslara, forumlara və zirvə görüşlərinə ev sahibliyi etməklə, qlobal problemlərin müzakirə olunduğu mühüm platformaya çevrilib. Bu təşəbbüslər sayəsində ölkə yalnız regionda deyil, həm də qlobal miqyasda diplomatik mövqeyini möhkəmləndirib. Azərbaycan BMT, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığını dərinləşdirərək, onların fəaliyyətinə və məqsədlərinə töhfə verir.
Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkənin qlobal siyasətdə daha fəal iştirakına şərait yaradır. Bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən siyasətçilər, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələrək dialoq və əməkdaşlıq imkanlarını genişləndirirlər. Bu da Azərbaycanın regional və beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi qəbul edilməsinə şərait yaradır.
Ölkənin bu istiqamətdə qazandığı ən mühüm nailiyyətlərdən biri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyidir. COP29 çərçivəsində əldə edilən yekun razılaşma, xüsusilə iqlim maliyyələşməsi sahəsində tarixi qərarın qəbul olunması, Azərbaycanın uğurunu beynəlxalq səviyyədə möhkəmləndirdi və bu tədbir iqlim diplomatiyası tarixində önəmli səhifə kimi yadda qaldı.
Ümumdünya Şəhərsalma Forumu - WUF nədir?
Urbanizasiya, iqlim dəyişikliyi və sosial bərabərlik kimi çağırışlar fonunda Ümumdünya Şəhərsalma Forumu (WUF) bu problemlərin müzakirə olunduğu ən mühüm qlobal platformalardan biridir. Forumun məqsədi şəhər mühitinin daha dayanıqlı, inklüziv və yaşanabilir olması istiqamətində təcrübə və ideya mübadiləsinə şərait yaratmaqdır. Bu platforma hökumətləri, şəhər rəhbərlərini, akademik dairələri, vətəndaş cəmiyyətini və özəl sektoru bir araya gətirir.
Forum BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil olunur. 1977-ci ildə yaradılan və 2001-ci ildən Proqram statusu alan UN-Habitat, BMT sistemində urbanizasiya və yaşayış məntəqələrinin inkişafı sahəsində əsas əlaqələndirici qurumdur. Təşkilatın əsas məqsədi dayanıqlı, inklüziv və təhlükəsiz şəhərlərin formalaşması, eyni zamanda yoxsulluğun və sosial bərabərsizliyin azaldılmasıdır.
WUF və qlobal mənzil böhranı
Mənzil hüququ insanların əsas sosial və iqtisadi ehtiyaclarındandır. Lakin sürətli urbanizasiya və artan tələbat fonunda münasib qiymətə mənzil əldə etmək imkanları bir çox ölkələrdə məhduddur. Dünya Bankının hesablamalarına görə, 2025-ci ilə təxminən 1,6 milyard insan mənzil çatışmazlığından əziyyət çəkir.
Beynəlxalq Valyuta Fondunun (IMF) məlumatları göstərir ki, bir çox ölkələrdə mənzil qiymətləri əhalinin gəlirlərindən daha sürətlə artır. Qlobal səviyyədə aparılan tədqiqatlar göstərir ki, 200 şəhərin 90 %-də orta gəlirli ailələrin münasib mənzil əldə etməsi mümkünsüzdür - bu şəhərlərdə mənzil qiymətləri orta gəlirin azı üç qatına bərabərdir. "Moody’s Analytics"in hesabatına əsasən, yalnız ABŞ-da mənzil çatışmazlığı 1,5 milyon təşkil edir - bu isə son 30 ilin ən aşağı kirayə və satış təkliflərinin müşahidə olunduğu dövrdür.
Bu çətinliklər fonunda WUF, qlobal mənzil böhranına diqqət çəkən və onun həllinə yönəlmiş strateji yanaşmaların təşviq olunduğu beynəlxalq platforma kimi çıxış edir. Forum təhlükəsiz, münasib və əlçatan mənzil təminatının sosial rifahın artırılması və şəhərlərin davamlı inkişafı baxımından strateji məsələ olduğunu vurğulayır.
Şəhərlər - tərəqqi və müxtəlifliyin mərkəzi
WUF-un əsas diqqət mərkəzi şəhərlərdir. Onlar yalnız iqtisadi və sosial inkişafın deyil, həm də mədəni müxtəlifliyin və irsin daşıyıcısı kimi çıxış edir. Submilli və yerli idarəetmə orqanları inklüziv, şəffaf və hüquqlara əsaslanan qərar qəbuletmə proseslərində həlledici rol oynayır. Bu, həm də gender bərabərliyinin təmin olunmasına və hər kəs üçün bərabər imkanların yaradılmasına töhfə verir.
Yeni Şəhərsalma Gündəliyi mədəniyyətin və mədəni irsin şəhər inkişafı üçün strateji resurs olduğunu tanıyır. Mədəniyyət yaradıcılığa və innovasiyaya təkan verir, şəhər məkanında sosial inteqrasiyanı gücləndirir və insanların öz irsləri ilə eyniləşməsinə şərait yaradır.
Forum qadınların və qızların şəhərsalma proseslərində fəal iştirakını xüsusi vurğulayır. Onların mədəni ifadə və qərar qəbuletmə mexanizmlərində iştirakını təmin etmək, cəmiyyətin daha bərabər və ədalətli inkişafına təkan verir.
Forum, BMT-nin 2030 Davamlı İnkişaf Gündəliyinin, Davamlı İnkişaf Məqsədlərinin, Paris İqlim Sazişinin və Yeni Şəhərsalma Gündəliyinin həyata keçirilməsinə töhfə verir. Azərbaycan da bu qlobal təşəbbüslərin fəal iştirakçısı kimi, inklüziv və dayanıqlı gələcək quruculuğunda öz rolunu möhkəmləndirməkdədir.
Azərbaycanın qlobal məsuliyyəti: Bakı Ümumdünya Şəhərsalma Forumuna hazırlaşır
2026-cı il mayın 17–22-də Bakı növbəti dəfə beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməklə, qlobal dialoqun və şəhərsalma siyasətinin mühüm mərkəzinə çevriləcək. Söhbət dünyanın aparıcı urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından gedir.
Bakıda keçiriləcək WUF13 sessiyası BMT-nin şəhərsalma sahəsindəki fəaliyyəti üçün simvolik əhəmiyyət daşıyan bir neçə mühüm yubileylə üst-üstə düşür. Belə ki, 2026-cı ildə - 1976-cı ildə keçirilmiş və "UN-Habitat"ın əsasını qoymuş "Habitat I" konfransının 50 illiyi, 1996-cı ildə İstanbulda keçirilmiş Habitat II konfransının 30 illiyi, 2016-cı ildə qəbul edilmiş "Yeni Şəhər Gündəliyi"nin 10 illiyi qeyd olunacaq.
Bu yubileylər BMT-nin şəhərsalma sahəsindəki tarixi mərhələlərini və qlobal urban inkişafındakı mühüm nailiyyətləri əks etdirir. WUF13-ün Bakıda keçirilməsi, bu mərhələlərin beynəlxalq ictimaiyyət tərəfindən qeyd olunması və Azərbaycanın şəhərsalma siyasətindəki qabaqcıl mövqeyinin təqdim olunması baxımından xüsusi önəm daşıyır.
Forum həmçinin ölkələrə ötən dövrdəki təcrübələri təhlil etmək, gələcək üçün yenilikçi və dayanıqlı həllər formalaşdırmaq imkanı təqdim edir. Azərbaycan üçün isə bu tədbir, ölkənin qlobal şəhərsalma gündəliyindəki yerini möhkəmləndirmək və regionda “ağıllı şəhər” modelini təşviq etmək baxımından mühüm fürsətdir.
Bakı-real nəticələrlə qlobal liderlik yolunda
WUF13-ə gedən yolda Bakı şəhəri konkret və ölçülə bilən nəticələrlə fərqlənir. Yaşıl zonaların genişləndirilməsi, ağıllı şəhər texnologiyalarının tətbiqi, iqlim diplomatiyası çərçivəsində yüksək səviyyəli görüşlərin təşkili və beynəlxalq platformalarda aktiv iştirak ölkənin bu sahədə strateji baxışını və praktiki nailiyyətlərini nümayiş etdirir.
WUF13 yalnız şəhərsalma üzrə mütəxəssislər üçün deyil, eyni zamanda iqlim dəyişiklikləri, infrastruktur, texnologiya, kənd təsərrüfatı və insan rifahı sahələrində çalışan qlobal aktorlar üçün gələcəyin şəhərlərinin qurulmasına dair yol xəritəsi təqdim edəcək.
Azərbaycanın bu sahədə artan beynəlxalq nüfuzu təkcə forumun ev sahibliyi ilə məhdudlaşmır. Ölkəmiz "UN-Habitat" ilə əməkdaşlıq çərçivəsində insan mərkəzli, ağıllı və dayanıqlı şəhərlərin formalaşdırılması istiqamətində bilik və təcrübə mübadiləsinə fəal töhfə verir.
2023-cü ilin iyununda keçirilmiş "UN-Habitat" Assambleyasının ikinci sessiyasında qəbul olunmuş qətnaməyə əsasən, “BMT-nin İnsan Mərkəzli Ağıllı Şəhərlər üzrə Beynəlxalq Təlimat” sənədinin hazırlanması məqsədilə yaradılan ekspert qrupuna Azərbaycan iki nümayəndə ilə təmsil olunur. Bu qrupda 24 ölkədən 31 mütəxəssis yer alır. Azərbaycanın burada təmsil olunması ölkəmizin həm praktiki, eyni zamanda elmi və strateji sahədə də əhəmiyyətli rol oynadığını sübut edir.
Hazırlanmış təlimat sənədi 2024-cü ilin mayında Nayrobidə təqdim olunub və üzv dövlətlər tərəfindən geniş müzakirəyə çıxarılıb. Bu sənədin gələcəkdə şəhərsalmanın planlaşdırılması və idarə olunmasında qlobal standart kimi çıxış etməsi nəzərdə tutulur.
Təlimat sənədi eyni zamanda şəhərsalma ilə ətraf mühitin inteqrasiyası, xüsusilə iqlim dəyişikliyi ilə mübarizə sahəsində mühüm alətə çevrilə bilər. Şəhərsalma məsələləri 2022-ci ildə Şarm əl-Şeyxdə keçirilmiş COP27 konfransından bəri iqlim gündəliyində xüsusi yer tutur. Bu çərçivədə yüksək səviyyəli nazir görüşləri və tematik tədbirlər davamlı şəkildə təşkil olunur.
Azərbaycan da bu proseslərdə fəal iştirak edərək, şəhərlərin iqlim davamlılığı və dayanıqlılığı sahəsində qlobal müzakirələrin mərkəzinə çevrilməkdədir.
Azərbaycanın yeni urban fəlsəfəsinin qlobal təqdimatı