Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.
Arena.az xəbər verir ki, ötən gecə 1/4 final mərhələsinə yekun vurulub.
Fransa çempionu PSJ bu mərhələdə Almaniya nəhəngi “Bayern”lə qarşılaşıb.
Atlantadakı “Mercedes-Benz Stadium”da baş tutmuş matçda hesabı 78-ci dəqiqədə parislilərin yarımmüdafiəçisi Dezire Due açıb. Fransa nəhənginin hücumçu Usman Dembele 90+7-ci dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib – 2:0.
İlk hissənin sonunda “Bayern”in yarımmüdafiəçisi Camal Musiala PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşma nəticəsində ciddi xəsarət alıb. Matçın 83-cü dəqiqəsində Fransa klubunun müdafiəçisi Villian Paço birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub, əlavə vaxtda isə onun komanda yoldaşı Lukas Ernandes meydandan qovulub.
Sonuncu yarımfinalçı “Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) matçında müəyyənləşib. Madrid təmsilçisi rəqibini 3:2 hesabıyla məğlub edərək növbəti mərhələyə yüksəlib. İspaniya nəhənginin qollarını Qonsalo Qarsiya (10), Fran Qarsiya (20) və Kilian Mbappe (90+4) vurublar. Dortmund klubunun heyətində isə Maksimilian Bayer (90+3) və Seru Girassi (90+8-pen) fərqləniblər.
“Real” yarımfinalda PSJ ilə qarşılaşacaq. Digər yarımfinal görüşündə isə İngiltərə təmsilçisi “Çelsi” ilə Braziliyanın “Fluminense” komandası ilə üz-üzə gələcək.
FIFA Klub Dünya Kuboku
1/4 final
PSJ (Fransa) – Bayern (Almaniya) 2:0
Qollar: Dezire Due, 78. Usman Dembele, 90+6.
Real (İspaniya) – Borussiya (Dortmund, Almaniya) 3:2
Qollar: Qonsalo Qarsiya, 10. Fran Qarsiya, 20. Kilian Mbappe, 90+4 – Maksimilian Bayer, 90+3. Seru Girassi, 90+8-pen.