EN

Zəngəzur dəhlizinin açılması an məsələsidir

Nəsib Məhəməliyev: “Hazırkı vəziyyətdə Zəngəzur dəhlizinin açılmasının qarşısını ala biləcək qüvvə yoxdur”

Azərbaycan daha bir beynəlxalq tədbirə evsahibliyi etdi. ECO-nun 17-ci Zirvə Görüşü ökəmizdə keçirildi. Bu dəfəki tədbiri əvvəlkilərdən fərqləndirən əsas cəhət ondan ibarət idi ki, tədbirin keçirildiyi məkan Xankəndi idi. Artıq dünyaya səsləniş, bölgədəki yeni reallıqların təqdimatı Xankəndindən həyata keçirilirdi. ECO-nun 17-ci Zirvə Görüşünün yekunları, bu kimi tədbirlərin Qarabağ və Şərqi Zəngəzurda keçirilməsinin bölgənin dünyaya yaxından tanıdılması baxımından əhəmiyyəti barədə Milli Məclisin deputatı Nəsib Məhəməliyevlə söhbətləşdik.

-Nəsib, müəllim, son beş ilə yaxın müddətdə işğaldan azad edilmiş ərazilərdə müxtəlif beynəlxalq tədbirlər təşkil edilib. Bu kimi tədbirlər azad Qarabağın, orada həyata keçirilən quruculuq-abadlıq işlərinin dünyaya çatdırılması baxımından nə dərəcədə əhəmiyyətlidir?

-Beynəlxalq tədbirlərin Qarabağda keçirilməsinin əhəmiyyəti danılmazdır. Qarabağ problemi son 35 ildən artıq bir müddətdə beynəlxalq gündəmi ən çox zəbt edən məsələlərdən biri olmuşdur. Müharibədən sonra Azərbaycana, bütövlükdə regiona, işğaldan azad olan torpaqlarda gedən proseslərə marağın artması da təbiidir. Dövlət və hökumət başçılarının, müxtəlif ölkələri təmsil edən nümayəndə heyətlərinin, jurnalistlərin bölgələrə səfəri zamanı, ermənilərin törətdikləri vəhşiliklərdən sonra, Azərbaycan dövlətinin apardığı quruculuq işləri ilə yerində tanış olmaq imkanı yaranır. Müqayisəli şəkildə erməni və Azərbaycan xalqlarının Qarabağın tarixinə, torpağına, mədəniyyətinə, ekologiyasına qiymət verilir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur müsbət mənada reklam olunur. İndiyə qədər adlarının belə eşidilmədiyi şəhər və rayonlarımız dünyaya açılır. Qardaş ölkələr tərəfindən inşa olunan təhsil müəssisələri, həmin ölkələri əbədi olaraq Qarabağla birləşdirir. Bütün bunlar tarixdir və gələcək nəsillər üçün ən yaxşı miras, örnəkdir.

-Artıq demək olarmı ki, Xankəndi, yaxud Şuşa siyasi paytaxta, beynəlxalq məsələlərin müzakirə edildiyi mərkəzə çevrilir.

-Şuşada işğaldan azad olunandan sonra müxtəlif dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin iştirakı ilə beynəlxalq tədbirlər keçirilmişdi. İndi isə, Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü keçirildi. Tədbirlər xarici və yerli kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılırdı. Rəylər birmənalı, təşkilatçılıq ən yüksək səviyyədə. Qarabağın təbiəti, havası, qonaqpərvərliyi qonaqlarda yüksək təəssürat bağışlamışdır. İşğaldan sonra Şuşada, Xankəndidə inşa olunmuş otellər, konqress mərkəzləri istənilən tərkibdə və formatda beynəlxalq tədbirlərin keçirilməsinə imkan verir. Əvvəllər beynəlxalq tədbirlər əsasən Bakıda, bir iki dəfə isə, Naxçıvanda təşkil olunardı. İndi isə, siyahı genişlənməkdədir. Yeri gəlmişkən qeyd etmək istərdim ki, cənab Prezidentin apardığı abadlıq quruculuq işləri sayəsində, Azərbaycanın istənilən bölgəsi beynəlxalq tədbirləri təşkil etməyə hazırdır. Ancaq, Qarabağa olan beynəlxalq diqqət, tədbirlərin Xankəndidə, Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda, Cəbrayılda, Laçında, Kəlbəcərdə keçirilməsini şərtləndirir. Niyə də olmasın. İnfrastruktur var, lazım olan şərait var. Keçirilən hər bir tədbir, həmin bölgənin inkişafına təkan verir, vətəndaşlarımızın öz yurdlarına qayıdışını sürətləndirir, ermənilərə Qarabağı bir dəfəlik unutdurur.

-Bu kimi görüşlər, toplantılar xarici investorlarda Qarabağ və Şərqi Zəngəzura nə dərəcədə maraq artırır və onları bölgə üçün cəlbedici edir?

-İşğaldan azad olunmuş torpaqların bərpası və dirçəlməsi üçün iri maliyyə tutumlu investisiya layihələrinin icrasına ehtiyac var. Qarabağ və Şərqi Zəngəzur investorlar üçün açıqdır.

-Xankəndi zirvəsində o da bildirilib ki, Şuşa ECO-nun turizm paytaxtı elan edilib. Bu ümumilikdə Qarabağda turizmin inkişafına necə təsir göstərəcək?

-Şuşanın ECO-nun turizm paytaxtı elan olunması, bütövlükdə bölgədə turizmin inkişafına təkan verəcək. Qarabağın iqlimi, təbii şəraiti, mədəniyyəti turizm üçün son dərəcə əlverişlidir. Düşünürəm ki, yaxın gələcəkdə Şuşa, nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda turizm mərkəzi kimi məşhurlaşacaqdır.

-Sizcə, bu kimi beynəxalq tədbirlər, forum, konfranslar bölgədə nəqliyyat və logistika sahəsində əlaqələrin daha da genişlənməsi, ən əsası Zəngəzur dəhlizinin açılması prosesinin sürətlənməsinə müsbət təsir göstərəcəkmi?

-Zəngəzur dəhlizinin açılması an məsələsidir. İndiyə qədər ən böyük maneçilik qonşu İrandan gəlirdi. Hesab edirəm ki, hazırkı vəziyyətdə Zəngəzur dəhlizinin açılmasının qarşısını ala biləcək qüvvə yoxdur. İnşallah yaxın zamanlarda bunun şahidi olacağıq.

Chosen
10
26
moderator.az

10Sources