AZ

Xankəndi beynəlxalq diplomatiyanın yeni ünvanına çevrilir

Dünyanın diqqəti yenidən Qarabağdadır.Xankəndi şəhəri mühüm beynəlxalq tədbirə – İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi edərək, Azərbaycanın suveren ərazilərinin beynəlxalq arenada tanınmasının daha bir göstəricisinə çevrildi. Son beş ildə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində Qarabağ bölgəsi yalnız müasir infrastrukturla deyil, həm də diplomatik və iqtisadi imkanları ilə diqqət mərkəzinə çevrilib. Artıq Bakı ilə yanaşı, azad edilmiş ərazilərimiz də beynəlxalq tədbirlər üçün ideal məkan kimi tanınır.

Prezident İlham Əliyevin 3 iyul 2025-ci il tarixində Qarabağa səfəri çərçivəsində Xankəndidə və ətraf bölgələrdə bir sıra mühüm tədbirlər keçirildi. Dövlət başçısı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun açılışında, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimində iştirak etdi. Həmçinin, Xankəndi Biznes Mərkəzinin və Konqres Mərkəzinin açılışları, eləcə də Xankəndi–Şuşa kanat yolunun inşası üçün müəyyən edilmiş əraziyə baxış keçirildi. Bu tədbirlər Qarabağın gələcək inkişaf konsepsiyasının mühüm mərhələsini təşkil edir.Xankəndidə Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən birgə ziyarət edilən "Businesstex JV" tikiş fabriki isə Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın simvoluna çevrilib. Bu müəssisənin yaradılması iki ölkə rəhbərlərinin tapşırığına əsasən həyata keçirilib və həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır. Yüngül sənaye sahəsində yeni imkanlar yaradan bu layihə eyni zamanda qardaş dövlətlər arasında tərəfdaşlıq münasibətlərinin davamlı inkişafını nümayiş etdirir.

Özbəkistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində Bakıda "Özbəkistan" parkının təməli qoyulub, Özbəkistan səfirliyinin yeni binasının açılışı reallaşdırılıb və bir sıra sənədlər imzalanıb. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini göstərməklə yanaşı, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın institusional əsaslar üzərində inkişafına şərait yaradır. Türk dünyasının birliyinin möhkəmlənməsi istiqamətində bu səfər xüsusi önəm kəsb edir.Azərbaycan və Özbəkistan arasında mədəni və təhsil sahəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. 2023-cü il avqustun 23-də Füzuli şəhərində Şavkat Mirziyoyevin təşəbbüsü və özbək xalqının hədiyyəsi olaraq inşa edilən 960 şagird yerlik Mirzə Uluqbəy adına tam orta məktəbin açılışı bu əməkdaşlığın parlaq nümunəsidir. Bu addım həm də türk xalqları arasında mənəvi körpünün daha da möhkəmləndiyini göstərir.

Eyni zamanda Qırğız Respublikası ilə münasibətlər də yeni müstəviyə keçməkdədir. Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov Xankəndi Zirvə görüşü çərçivəsində Ağdam rayonunun Xıdırlı kəndində 1-ci mərhələnin açılışında iştirak etdilər. Prezidentlər yeni mənzillərə köçən sakinlərlə görüşdülər və Böyük Qayıdış Proqramı çərçivəsində görülən işlərə qardaş ölkələrin göstərdiyi dəstəyin önəmini vurğuladılar. Xıdırlıda Qırğızıstanın təşəbbüsü ilə tikilən Manas adına orta məktəb xalqlarımız arasındakı dostluğun canlı ifadəsidir.Zirvə görüşü çərçivəsində Prezidentlər Ağdamdakı Şahbulaq qalasında da oldular. Bu simvolik səfər türk dövlətlərinin mədəni və tarixi irsinə birgə sahib çıxmalarının göstəricisidir. Qırğızıstan və Azərbaycan arasında təhsil layihələri – Bişkekdəki Heydər Əliyev adına məktəb və Xıdırlıdakı Manas adına məktəb – iki xalq arasında qarşılıqlı hörmətin və birgə gələcək vizyonunun rəmzidir.

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi Azərbaycanın bu beynəlxalq təşkilat çərçivəsində nüfuzunun və rolunun artdığını nümayiş etdirir. Bu həm də Qarabağın beynəlxalq diplomatik və iqtisadi mərkəzə çevrilməkdə olduğunu təsdiqləyir. 10 dövləti birləşdirən bu platforma Cənubi və Mərkəzi Asiyadan tutmuş Orta Şərqə qədər uzanan geniş coğrafiyada iqtisadi inteqrasiya, strateji əməkdaşlıq və davamlı inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.

Beləliklə, azad Qarabağda keçirilən beynəlxalq tədbirlər, tikilən sosial obyektlər, fəaliyyətə başlayan müəssisələr və beynəlxalq əməkdaşlıq çərçivəsində atılan addımlar regionun yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası və geniş beynəlxalq ictimaiyyət üçün strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Xankəndi və ətraf bölgələr artıq nəinki dirçəlir, həm də qlobal əməkdaşlığın, türk birliyinin və davamlı inkişafın real mərkəzlərindən birinə çevrilir.

Təvəkkül Əliyev,
YAP Şuşa rayon təşkilatının sədri

Seçilən
20
50
ikisahil.az

10Mənbələr