EN

Hesablama Palatası ASOSAI İdarə Heyətinin 62-ci toplantısına ev sahibliyi edib 

İyulun 17-də Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə Bakıda Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıya ASOSAI İdarə Heyəti və Audit Komitəsinin üzvləri, eləcə də Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) sədrliyi və katibliyinin nümayəndələri, INTOSAI İnkişaf Təşəbbüsünün təmsilçiləri daxil olmaqla, 100-dən çox iştirakçı qatılıb.

Tədbir ASOSAI sədrliyini təmsil edən Hindistanın Müfəttiş və Baş Auditorunun müavini Krishnan Sangaranın çıxışı ilə başlayıb.

Sonra ev sahibi – Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək, toplantının əhəmiyyəti barədə danışıb, qurumun beynəlxalq əməkdaşlığa verdiyi önəm və ASOSAI çərçivəsində verilən töhfələr barədə fikirlərini bölüşüb.

Vüqar Gülməmmədov bildirib ki, tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün qürurverici və məsuliyyətlidir. O, Hesablama Palatasının beynəlxalq təcrübənin öyrənilməsinə və tətbiqinə, bilik və informasiya mübadiləsinin gücləndirilməsinə, həmçinin regional əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Hesablama Palatasının ötən ilin sentyabrında Hindistanın Yeni Dehli şəhərində keçirilmiş ASOSAI Assambleyasında ilk dəfə olaraq təşkilatın İdarə Heyətinə üzv seçildiyini xatırladan V.Gülməmmədov ASOSAI İdarə Heyətinə üzv seçilməyin həm etimad, həm də gələcəkdə daha fəal iştirak üçün məsuliyyət olduğunu qeyd edib.

Sədr çıxışında əlavə edib ki, ali audit orqanları arasında bilik və təcrübə mübadiləsinin genişlənməsi əməkdaşlığın daha sistemli qurulmasına şərait yaradacaq. O, həmçinin Azərbaycanda həyata keçirilən dövlət maliyyə idarəetməsi islahatları barədə fikirlərini bölüşüb.

Daha sonra Azərbaycan haqqında təqdimat videosu nümayiş olunub.

ASOSAI İdarə Heyətinin 62-ci toplantısının rəsmi hissəsində İdarə Heyətinin 60 və 61-ci toplantılarının protokolları təsdiqlənib, təşkilatın 2024-cü il üzrə fəaliyyəti və maliyyə hesabatları, eləcə də 2026–2028-ci illəri əhatə edən büdcə planı nəzərdən keçirilib.

Toplantıda ASOSAI-nın Strateji Planı, təşkilatın digər regional qurumlarla əməkdaşlığı, işçi qrupların illik fəaliyyəti və ASOSAI Jurnalının yeni buraxılışları ilə bağlı təqdimatlar olub.

Gündəlikdə yer alan əsas məsələlərdən biri isə INTOSAI-nın İdarə Heyətinə 2025–2031-ci illər üzrə iki yeni üzvün və INTOSAI-nın kənar auditorunun seçilməsi olub. Seçkilərin nəticələrinə görə, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan INTOSAI-nın İdarə Heyətinə 2025–2031-ci illər üzrə üzv, Koreya Respublikası isə INTOSAI-nın 2026-2028-ci illər üzrə kənar auditoru seçilib.

Toplantıda Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 63-cü toplantısının 2026-cı ildə Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcəyi ilə bağlı qərar qəbul edilib. Həmçinin təşkilatın İdarə Heyətinin üzvləri tərəfindən irəli sürülmüş təşəbbüs əsasında ASOSAI-nin Qaydaları üzrə xüsusi qrupu yaradılıb. ASOSAI-nin İdarə Heyətinin üzvlərindən Azərbaycan, Pakistan, Malayziya, Tailand və Hindistan yeni yaradılan xüsusi qrupa könüllü qoşulub.

Chosen
137
31
azerbaijan-news.az

10Sources