AZ

Əqli Mülkiyyət Agentliyində milli mətbuatın 150 illiyi münasibətilə tədbir keçirilib

Bakı, 21 iyul, AZƏRTAC

İyulun 21-də Əqli Mülkiyyət Agentliyində milli mətbuatın 150 illiyi münasibətilə media nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Agentliyin İdarə Heyətinin sədri professor Kamran İmanov Azərbaycan milli mətbuatının tarixinə nəzər salıb, əsası “Əkinçi” qəzeti ilə qoyulan mətbuatımızın şərəfli inkişaf yolu keçdiyini vurğulayıb.

Professor Kamran İmanov qeyd edib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə aparılmış islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaradıb.

“Prezident İlham Əliyevin qətiyyətlə və ardıcıl həyata keçirdiyi müstəqil siyasi kurs nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilib, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilib. Vətən müharibəsi dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyub, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərib”, - deyə Agentliyin sədri vurğulayıb.

Professor Kamran İmanov diqqətə çatdırıb ki, media əqli mülkiyyət ilə sıx təmasdadır, bu, xüsusən müəlliflik hüququnda özünü göstərir. Medianın fəaliyyət məkanı – informasiya və yaradıcılıq məkanıdır və media – müəllif-hüquq və informasiya hüququ sisteminin subyektlərindən biridir.

Agentliyin rəhbəri onu da qeyd edib ki, mütəxəssislərin məlumatlarına əsasən, dünyada internet nəşrlərinin yalnız 30 faizə qədəri həqiqətən günün yeniliklərini yaradır, qalan 70 faiz isə onları sadəcə olaraq köçürür. İnternet nəşrlərinin hüquqları şəbəkədə elə internet nəşrləri tərəfindən pozulur. Həqiqətən, internetdəki adi istifadəçilərə günün yeniliyi kontenti yayım üçün deyil, yalnız özünün informasiya istehlakı üçün gərəklidir.

Mütəxəssislərin fikrincə, informasiya agentliklərində ən çox məsrəflər tələb edən də xəbərlər bazisidir, “xəbərlər formatı”dır, belə ki, bu iş çoxlu müxbirlər və infrastruktur tələb edir. Bu, həm də informasiya toplayıcıları olan jurnalistlərin ağır əməyidir.

Diqqətə çatdırılıb ki, son 15 ildə əqli mülkiyyətin əsasını təşkil edən qeyri-maddi aktivlərə qoyulan investisiyalar maddi aktivlərlə müqayisədə 3 dəfə artıb. Nəticədə 2024-cü il üçün 7 trilyon ABŞ dollarına çatıb. Özü də dünya üzrə verilən patentlərin üçdəbir hissəsi rəqəmsal texnologiyalara aiddir və generativ süni intellektə əsaslanan patentlər güclü artım göstərir. Nəticədə innovasiyalar inkişaf edir, dəyişir və sənaye innovasiyalarla birləşir. Üstəlik aparat və proqram təminatı arasındakı fərq, sərhəd silinir. Bununla belə, kitablara və müəlliflik hüququna olan hörmət azalmır. Belə ki, dərc olunan və milli depozitariyalarda deponə olunan kitabların dünya miqyasında sayı 2,5 milyon ədədə yaxındır.

İdarə Heyətinin sədri media nümayəndələrinə Əqli Mülkiyyət Agentliyində infrastrukturun təkmilləşdirilməsi, neqativ halların qarşısının alınması istiqamətində həyata keçirilmiş tədbirlər barədə də məlumat verib. O bildirib ki, Agentlikdə 24/7 rejimində fəaliyyət göstərən “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi yaradılıb. “Bu sistem şəffaflığı və məlumatlara əlçatanlığı təmin edir. İstənilən vaxt və istənilən yerdən PƏNAH vasitəsilə iddia sənədini Agentliyə göndərilməsi mümkündür”, - deyə Agentliyin rəhbəri qeyd edib.

İxtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərə dair məlumatlılığın artırılması üçün Agentlikdə “Açıq reyestrlər” yaradıldığını qeyd edən professor Kamran İmanov vurğulayıb ki, hər kəs “Açıq reyestrlər”ə maneəsiz və ödəniş etmədən daxil ola bilər: “Eləcə də patent almaq istəyən və ya əmtəə nişanını qeydiyyatdan keçirmək istəyən şəxs patentlər və əmtəə nişanları barədə məlumatları əldə edə bilər”.

Agentlik rəhbərinin sözlərinə görə, infrastruktur layihələrindən biri kimi yaradılmış Çağrı Mərkəzinə 2024-cü ildə 25 mindən çox müraciət daxil olub. 2025-ci ilin 6 ayı ərzində daxil olan müraciətlərin sayı 11 mindən çoxdur.

Görüşdə, həmçinin qeyd olunub ki, iyulun 8-17-də Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin Assambleyalarının 66-cı iclası keçirilib. Koordinasiya Komitəsi və Paris və Bern İttifaqının İcraiyyə Komitəsində qeyri-rəsmi məsləhətləşmələrdən sonra 40 dövlət Bern İttifaqı İcraiyyə Komitəsinin daimi üzvü seçilib. Onların sırasında Azərbaycan da yer alıb. Azərbaycan hələ 1995-ci ildə ÜƏMT-nin Paris Konvensiyasına və 1998-ci ildə Bern Konvensiyasına qoşulub.

Bildirilib ki, Azərbaycan, həmçinin 2027-ci ildə keçiriləcək Baş Assambleyanın növbəti sessiyasının bağlanışına qədər ÜƏMT-nin Koordinasiya Komitəsinə 194 ölkə arasından daimi üzv seçilmiş 83 dövlətdən biridir.

Azərbaycan Proqram və Büdcə Komitəsinin də üzvü seçilib.

İyulun 17-də keçirilmiş ÜƏMT Assambleyalarının vəzifəli şəxslərinin seçkilərində isə Azərbaycan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri 118 üzv dövlətin təmsil olunduğu ÜƏMT-nin Müəllif hüquqları Müqaviləsi Assambleyasının sədri seçilib.

Sonra media nümayəndələri Agentliyin Respublika Elmi-Texniki Kitabxanasında olublar. Onlara Kitabxananın fondları, burada saxlanılan nəşrlər haqqında məlumat verilib. Qeyd edilib ki, Kitabxanada XIX əsrə aid nəşrlər də qorunur.

Media nümayəndələri daha sonra Agentliyin Çağrı Mərkəzində olublar. Onlara, həmçinin PƏNAH sisteminin iş prinsipi əyani nümayiş etdirilib.

Seçilən
1
7
azertag.az

10Mənbələr