EN

Rusiyada anti-Azərbaycan ritorikası: Kremlin susqunluğu təsadüf deyil - ÖZƏL

"Rusiyada bəzi deputatların, politoloqların və mediada çıxış edən ekspertlərin son dövrlər sərgilədiyi anti-Azərbaycan ritorika bəzi istisnalar xaric fərdi fikirlər deyil. Bu açıq şəkildə Kremlin informasiya sistemində qələmini vahid mərkəzdən gələn tapşırıqdır".

Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında bildirib. Politoloq qeyd edib ki, bu ritorika ilk baxışdan fərdi təşəbbüslər kimi təqdim olunsa da, əslində dövlətin rəsmi münasibət bildirmədən bu ritorikanı susqun şəkildə leqitimləşdirməsi, onun qeyri-rəsmi mövqeyi ilə üst-üstə düşdüyünü göstərir:

"Digər tərəfdən Rusiya kimi informasiya sahəsinə nəzarətin güclü olduğu bir ölkədə bu səviyyədə açıqlamaların müstəqil və təsadüfi şəkildə səslənməsi reallığa uyğun gəlmir. 
Məsələyə nə Kremlin sözçüsü, nə XİN, nə də digər təsirli rəsmi dairələr tərəfindən təkzib və ya sərt reaksiya verilmirsə, bu, həmin ritorikanın dövriyyədə qalmasına razılığın nümayişidir. Susmaq burada neytrallıq deyil, yumşaq şəkildə təşviq deməkdir.
Rusiyanın bu addımı başa düşüləndir. Cəmiyyətdə anti-miqrant ovqatının körüklənməsi, konkret etnoslara qarşı kollektiv nifrətin formalaşması, dövlətin mövcud sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq üçün köhnə üsullara  günah keçisi obrazına  qayıtdığını göstərir. Azərbaycana və bütövlükdə Qafqazdan olan xalqlara qarşı yönəlmiş ritorika, əslində, Rusiya cəmiyyətində artan sosial narazılığın ünvanının bilərəkdən dəyişdirilməsidir. Bu isə tarixdə çox təhlükəli nümunələrlə nəticələnmişdir.
Məsələn, 1930-cu illərdə Almaniyada yəhudilərə qarşı aparılan sistemli nifrət kampaniyası əvvəlcə media və siyasi ritorika ilə başladı, ardınca isə hüquqi və fiziki repressiyalara çevrildi. Bugünkü Rusiyada isə migrasiya məsələləri, korrupsiya, iqtisadi durğunluq və beynəlxalq təcrid kimi real problemlər əvəzində, diasporlar və "xarici mənşəli" vətəndaşlar günahlandırılır.

Rusiyadan fərqli olaraq  Azərbaycan ictimaiyyətində Rusiyaya qarşı artan etimadsızlıq, emosional deyil. Son zamanlar Kreml etdikləri Bakıya qarşı tutumu bu reaksiyaları təbii edir. Yəni arı yuvasına çomaq salırsansa çıxan arı sənə bal verməyəcək. Əgər Rusiya dövləti bu cür çıxışlara sərhəd qoymazsa, yalnız ikitərəfli münasibətlər gərginləşməyəcək, eyni zamanda Rusiya öz daxilindəki çoxmillətli struktura qarşı da inamsızlıq toxumu səpmiş olacaq. Çünki Azərbaycanlılara qarşı səsləndirilən nifrət ritorikası sabah digər etnosların da hədəfə alınacağı mesajını verir. Beləliklə, bu, yalnız Azərbaycanla münasibətlərə deyil, bütövlükdə Rusiya Federasiyasının çoxmillətli sabitliyinə qarşı da təhlükə yaradır.
Rusiyanın bu siyasəti həmçinin postsovet məkanında artan regional müstəqillik tendensiyalarına qarşı da ziddiyyət təşkil edir. Azərbaycan kimi suverenlik uğrunda mübarizə aparmış və müstəqil siyasət yürüdən bir ölkəyə qarşı nifrət ritorikası, əslində, Moskvaya tabe olmayan hər bir subyektə verilmiş mesajdır: ya bizimlə olacaqsan, ya da hədəf olacaqsan.
Bu mənzərə həm də onu göstərir ki, Rusiya daxilində bəzi dairələr Cənubi Qafqazda artan Türkiyə və Qərb təsirindən narahatdır və Azərbaycanı "cəzalandırmaq" üçün ictimai rəyin yönünü dəyişməyə çalışırlar. Amma bu, ikitərəfli münasibətlərə və regional sabitliyə fayda gətirməyəcək. Əksinə, bu ritorikanın davamı Azərbaycanın Rusiya ilə əlaqələrində daha çox ehtiyatlı və distant mövqe tutmasına səbəb olacaq. Beləliklə, bu tip isterik və aqressiv ritorika nə Rusiya cəmiyyətinin problemlərini həll edəcək, nə də Rusiyanın xarici siyasət hədəflərinə töhfə verəcək. Əksinə, Rusiya daxilində radikallığı artıracaq, beynəlxalq müstəvidə isə onu daha da təcrid olunmuş bir aktora çevirəcək". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
34
50
olaylar.az

10Sources