AZ

Mahir Emreli: “Bu, məni çox təsirləndirdi”

Azərbaycan millisinin və “Kayzerslautern”in hücumçusu Mahir Emreli yeni komandasında keçirdiyi ilk həftələri dəyərləndirib.

Arena.az xəbər verir ki, o, Almaniyanın “SWR Sport” nəşrinə müsahibəsində qarşıdan gələn mövsüm haqqında da danışıb:

“Bu klubun bir parçası olduğum üçün çox xoşbəxt və həyəcanlıyam. Mövsümün başlanmasını səbirsizliklə gözləyirəm, xüsusən də bu möhtəşəm stadionda oynamaq üçün. Hələ “Nürnberq”də olanda “Kayzerslautern”ə qarşı oynayarkən, buradakı azarkeşlərə və stadiondakı atmosferə vurulmuşdum. Rəqib kimi çıxış etsəm də, burada oynamaq inanılmaz dərəcədə xoş idi. Stadiona gələrkən hər yer qırmızı idi və “şeytan” loqoları ilə örtülmüşdü. Komanda yoldaşlarımla zarafat edirdim: “Biz, görəsən, cəhənnəmə gəlmişik?”

Mahir Emreli bildirib ki, Almaniya və İngiltərənin digər klublarından təkliflər almasına baxmayaraq, məhz “Kayzerslautern”i seçib:

“Klub rəhbərliyi ilə danışandan sonra onların gələcək planlarının mənim üçün də maraqlı olduğunu anladım. Ən çox isə onların iddialı olmağı məni cəlb etdi — istər futbolçular, istər idman direktoru, istərsə də prezident. Hər kəs bu klubun daha böyük uğurlara çatması üçün çalışır. Bu, məni çox təsirləndirdi”.

Millimizin hücumçusu öz oyun fəlsəfəsindən də söhbət açıb: “Mən daha çox qaçan və mübarizə aparan bir oyunçuyam. Əlbəttə, qapıya çox zərbə vurmaq istəyirəm və qollar vurmağı məndən çox sevən yoxdur. Amma mənim üçün ən önəmlisi komandanın qalib gəlməsidir. Əgər mən iki qol vursam, amma komanda məğlub olsa, o qolların mənim üçün heç bir əhəmiyyəti yoxdur”.

Mahir Emreli komandasının azarkeşləri barədə də danışıb: “Oyun zamanı azarkeşlərlə birlikdə əylənmək istəyirəm. Bəzən bir az dəli oluram, qışqırıram, onları ruhlandırıram. Qaçmalıyıq, mübarizə aparmalıyıq, azarkeşlər üçün 100 faiz gücümüzü verməliyik”.

Xatırladaq ki, ötən mövsümü Almaniyanın digər klubu “Nürnber”də keçirmiş Mahir Emreli “Kayzerslautern”ə bu yay keçib.

Seçilən
37
50
arena.az

10Mənbələr