"Məlumdur ki, Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya səmasında qəsdən vurulması hadisəsindən artıq uzun müddət keçməsinə baxmayaraq, Rusiya tərəfi nə bu hadisənin nəticələrini araşdırmaq, nə də istintaqı başa çatdıraraq məsələ ilə bağlı Azərbaycanın narahatlıqlarını nəzərə almaq istiqamətində hər hansı bir addım atmamışdır. Üstəlik, nə Azərbaycandan üzr istənilmiş, nə də məsələ ilə bağlı Rusiyanın qeyri-konstruktiv davranışları aradan qaldırılmışdır. Prezident İlham Əliyev də məhz bu məsələyə münasibət bildirmişdir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında millət vəkili Tural Gəncəliyev Prezident İlham Əliyevin AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı səsləndirdiyi fikilərə münasibət bildirərkən dedi.
"Bu hadisədə Rusiyanın üzərinə böyük bir məsuliyyət düşür. Azərbaycanla Rusiya arasındakı münasibətlərin həssas dövrdən keçdiyini nəzərə alaraq, Moskva bu istiqamətdə müəyyən addımlar atmalı idi. Təəssüf ki, indiyədək heç bir real tədbir görülməmişdir.
Bununla yanaşı, son zamanlar Rusiyada Azərbaycan vətəndaşlarına qarşı baş verən hadisələr də göstərir ki, Rusiya bu istiqamətdə münasibətləri normallaşdırmaq əvəzinə, onları daha da kəskinləşdirmək yolunu tutur. Lakin buna baxmayaraq, Azərbaycan gözləyir ki, Rusiya vurduğu təyyarəyə görə rəsmi üzr istəyəcək, kompensasiya ödəyəcək və Azərbaycanın bütün haqlı tələblərini nəzərə alacaq. Təəssüf ki, bu da hələ baş vermir.
Bu səbəbdən də məsələnin gündəmdə saxlanılması, Rusiya müvafiq addımlar atana qədər ondan tələb olunması həm beynəlxalq hüquqa, həm də Rusiya-Azərbaycan münasibətləri çərçivəsində mövcud müqavilə və şərtlərə əsasən Azərbaycanın tam haqqıdır. Biz bu məsələni sonadək tələb edəcəyik və ədalətin bərpa olunacağına dair gözləntilərimizi qoruyacağıq. Bu ədalət gec-tez təmin olunmalıdır", - deyə deputat vurğuladı.
Xədicə BAXIŞLI