Bakı, 21 iyul, AZƏRTAC
Media forumları fərqli formatlarda bəzi digər ölkələrdə də keçirilir. Azərbaycanın Şuşa şəhərində keçirilən Qlobal Media Forumu isə öz xüsusiyyətləri ilə onlardan fərqlənir və daha üstün görünür. Bu, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin ənənəvi olaraq Şuşa Media Forumunun iştirakçıları ilə görüşməsi, onların açıq suallarını cavablandırması ilə bağlıdır. Dövlətimizin başçısı bu il də Forum iştirakçıları ilə görüşdü. Üç saata yaxın müddətdə onları maraqlandıran sualları cavablandırdı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
Ekspert bildirib ki, Forum iştirakçıları tərəfindən Prezident İlham Əliyevə ünvanlanan suallar təkcə Azərbaycanla bağlı yox, həm də regional və qlobal siyasəti əhatə edirdi. Kifayət qədər həssas, sensasiyalı mövzuları əhatə edən bu sualların hər birinə qaneedici cavabların verilməsi, bu Forumu dünya trendinə çevirdi.
“III Şuşa Qlobal Media Forumunun digər bir mühüm xüsusiyyəti isə media üzrə müzakirəyə çıxarılan mövzuların beynəlxalq trendləri əhatə etməsi ilə bağlıdır. Rəqəmsal transformasiya, süni intellekt və onun informasiya təhlükəsizliyi üçün yaratdığı təhdidlər hazırda media üzrə ən aktual mövzular sırasındadır. Süni intellekt alətləri vasitəsilə yaradılan dipfeyklər cinayətkar mühit üçün geniş fürsətlər yaradır, eyni zamanda, etimadlı informasiya əldə etmək hüququ baxımından çətinliklər törədir. Həmçinin süni intellekt texnologiyaları “yanlış xəbər”, “saxta xəbər”, “dezinformasiya”nın dövriyyəsini yüksəldir. Qısa ifadə etsək, “süni intellekt” mütərəqqi elementlərlə yanaşı, həm də neqativ təsirlərə malikdir”, - deyə M.Ələsgərli vurğulayıb.
Onun sözlərinə görə, bizlər həm pozitiv, həm də neqativ təsirləri ilə həyatımıza daxil olan süni intellektin mütərəqqi tətbiqlərindən yararlanmağı, neqativ təsirləri ilə mübarizə aparmağı bacarmalıyıq. AI-nin neqativ təsirlərinə qarşı mübarizə necə aparılmalıdır? Mütərəqqi yönümləri necə inkişaf etdirilməlidir? Şuşa Qlobal Media Forumu bu suallara cavab tapmaq üçün optimal platforma rolunu oynayır. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr edilən Forumda peşəkar mütəxəssislərin iştirakı ilə keçirilən müzakirələr təkcə Azərbaycan auditoriyasına deyil, həm də bütün dünya informasiya məkanına mövzu üzrə örnəklər verir.