EN

Ermənistan nə qədər tez addımlar atsa...

Avqustun 8-də Vaşinqtonda keçirilən görüş Cənubi Qafqazda uzunmüddətli sülhün təminatı üçün mühüm dönüş nöqtəsi oldu. Prezident İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda onilliklərdir davam edən gərginliyin həllinə yönəlmiş ən ciddi siyasi sənədlərdən biri kimi tarixə düşdü. Bu təşəbbüs regionda sülh prosesinin formal bəyanatlardan real siyasi gündəliyə çevrilməsi baxımından strateji dönüş nöqtəsi hesab oluna bilər. Vaşinqton görüşü illərlə davam edən qarşıdurmaların fonunda yeni siyasi reallığın formalaşdığını göstərir. Burada söhbət yalnız iki ölkə arasında münasibətlərin normallaşmasından getmir, imzalanan sənəd həm də Cənubi Qafqazın geosiyasi xəritəsində təhlükəsizlik və əməkdaşlıq mərkəzli yeni bir sistemin əsasını qoyur. ABŞ-ın vasitəçilik missiyası və prosesə birbaşa siyasi dəstək verməsi sənədin beynəlxalq legitimliyini artırır, region ölkələrinin bundan sonrakı addımlarına təsir imkanlarını genişləndirir.

Birgə Bəyannamənin əhəmiyyəti həm də ondan ibarətdir ki, bu sənəd siyasi iradənin ifadəsindən daha çox praktiki addımlar üçün yol xəritəsi rolunu oynaya bilər. Qarşılıqlı etimadın bərpası, kommunikasiya xətlərinin açılması, iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi kimi müddəalar uzunmüddətli sabitlik üçün konkret baza yaradır. Bu isə o deməkdir ki, əgər tərəflər öhdəliklərinə sadiq qalsalar, region təkcə təhlükəsizlik baxımından deyil, iqtisadi inteqrasiya və sosial inkişaf sahələrində də yeni mərhələyə qədəm qoya bilər.

Bu kontekstdə Prezident İlham Əliyevin Sammitdən sonra keçirilən mətbuat konfransında verdiyi bəyanat strateji xəbərdarlıq kimi qiymətləndirilə bilər. Dövlət başçısı Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yubanmadan icra etməsinin vacibliyini xüsusi vurğuladı. O, açıq şəkildə bildirdi ki, bu öhdəliklərin yerinə yetirilməməsi ilk növbədə ABŞ-a, xüsusilə də Prezident Donald Trampa qarşı açıq hörmətsizlik kimi qiymətləndiriləcək. Bu, diplomatik dillə deyil, birbaşa mesaj formatında səsləndi, yəni Ermənistan üçün “geri dönüş” imkanı yoxdur, yeganə yol irəli, sülh istiqamətində addımlamaqdır. Məsələ təkcə protokol etikası ilə məhdudlaşmır. ABŞ-ın prosesdəki mövqeyi və təsir mexanizmləri Ermənistanın əvvəllər tez-tez istifadə etdiyi “vaxt qazanmaq” siyasətini faktiki olaraq bağlayır. Vaşinqton artıq yalnız vasitəçi deyil, həm də təminatçı rolundadır. Bu isə o deməkdir ki, Ermənistanın götürdüyü hər bir öhdəlik ABŞ-ın nüfuzu ilə bilavasitə bağlıdır. Belə şəraitdə öhdəliklərin icrasını yubadacaq hər hansı addım Ermənistanın beynəlxalq imicinə ciddi zərbə vurmaqla yanaşı, Vaşinqtonla münasibətlərdə də gərginlik yaradacaq.

Ermənistanın üzərinə düşən əsas vəzifələrdən biri konstitusiyada köklü dəyişikliklərin həyata keçirilməsidir. Bu proses növbəti parlament seçkilərindən sonra, ya onların paralel, ya da mümkün növbədənkənar seçkilərlə birgə baş tuta bilər. Hətta qanunvericilik baxımından referendum vasitəsilə bu dəyişikliklərin sürətlə təsdiqlənməsi də mümkündür. Yəni, hüquqi maneələr mövcud deyil, əsas məsələ siyasi iradənin mövcudluğudur. Əgər iradə varsa, bu proses çox qısa müddət ərzində icra edilə bilər. Vaxtın uzadılması isə Ermənistan üçün ciddi risklər yaradır. ABŞ kimi strateji zəmanətçinin gözündə öhdəliklərin təxirə salınması beynəlxalq etimadın zəifləməsinə gətirib çıxara bilər ki, bu da İrəvanın xarici tərəfdaşlarla münasibətlərinə mənfi təsir göstərər. Daxildə isə revanşist qüvvələrin aktivləşməsi və siyasi gərginliyin artması ölkədə sabitliyi təhdid edir, Paşinyana qarşı təzyiqlər güclənir ki, bu da siyasi mübarizəni kəskinləşdirir. Bununla yanaşı, regionda formalaşan yeni status-kvo Ermənistanın manevr imkanlarını xeyli məhdudlaşdırır; gecikmə hər keçən gün İrəvanın strateji mövqeyini zəiflədir və uzunmüddətli perspektivdə ölkənin dayanıqlılığına mənfi təsir göstərir. Buna görə də Ermənistan üçün ən məqsədəuyğun və zəruri yol, siyasi iradə nümayiş etdirərək öhdəlikləri vaxtında və tam şəkildə icra etməkdir. Bu həm daxili sabitliyin qorunması, həm də beynəlxalq münasibətlərdə etibarın bərpası baxımından həyati əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Azər Allahverənov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyev Vaşinqton Samitindən sonra keçirilən mətbuat konfransında Ermənistanın üzərinə götürdüyü öhdəlikləri gecikdirməməsinin vacibliyini xüsusi vurğulayıb. Dövlət başçısı qeyd edib ki, bu öhdəliklərin yerinə yetirilməməsi ilk növbədə ABŞ-a, xüsusilə də Prezident Donald Trampa qarşı hörmətsizlik kimi qiymətləndirilə bilər. Bu, həm də Ermənistanın məsuliyyətini artıran mühüm siyasi mesajdır: “Prezidentin çıxışında iki əsas kontekst ön plana çıxıb. Birincisi, Azərbaycanın heç bir məsələdən çəkinmədiyi, əks halda, həmin sənədlərə imza atmayacağı fikridir. Bu, həm Ermənistanın üzərinə düşən öhdəlikləri icra etməsi üçün ciddi təzyiq amili, həm də ABŞ-ın prosesdə beynəlxalq zəmanətçi kimi birbaşa iştirakı baxımından əhəmiyyətlidir. Bu vəziyyət Ermənistanın baş naziri Nikol Paşinyana əlavə manevr imkanları yaradır, eyni zamanda, onu xarici müdaxilələrdən yayınmağa və öhdəlikləri icra etməyə sövq edir.

İkinci mühüm məqam odur ki, Ermənistan bu öhdəlikləri yerinə yetirməzsə, bu, Donald Trampa qarşı açıq hörmətsizlik kimi qəbul oluna bilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, burada geri addım imkanı yoxdur; yalnız irəliyə, sülh istiqamətində addımlamaq və götürülmüş öhdəlikləri icra etmək alternativsizdir. Ermənistan konstitusiyasına dəyişiklik edilməsi məsələsini də öz üzərinə öhdəlik kimi götürüb. Bu dəyişikliklər parlament seçkilərindən sonra, həmin seçkilərlə paralel və ya növbədənkənar seçkilər elan olunmaqla həyata keçirilə bilər. Bundan sonra 2–3 ay ərzində və ya eyni vaxtda konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçirilməsi də mümkündür. Ermənistan qanunvericiliyi imkan verdiyi halda bu variantlardan biri reallaşmalıdır və istənilən halda rəsmi İrəvan bu öhdəliyi icra etməlidir”.

Deputat xatırlatdı ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanmış üçtərəfli Bəyanat çərçivəsində də Ermənistan bir sıra öhdəliklərini icra etməkdən yayınırdı: “O dövrdə Ermənistan rəhbərliyi bəyanatın müddəalarını pozmaqla beynəlxalq ictimaiyyəti çaşdırmağa, manipulyasiya etməyə çalışırdı. Lakin Azərbaycanın 23 saat davam edən lokal antiterror tədbirləri nəticəsində separatçılığa son qoyuldu, Ermənistanın silahlı qüvvələri tam şəkildə ərazimizdən çıxarıldı və ölkəmizin suverenliyi bərpa edildi. Bu faktlar Ermənistanın öhdəlikləri yerinə yetirməyə məcbur edilməsində həlledici rol oynadı.

Hazırda həm Azərbaycan, həm də beynəlxalq zəmanətçi kimi çıxış edən ABŞ-ın əlində kifayət qədər təsirli mexanizmlər mövcuddur. Bu vasitələr siyasi, diplomatik və yumşaq güc elementləri ilə Ermənistanı öhdəlikləri icra etməyə məcbur edə bilər. Ermənistanda daxili siyasi mübarizə kəskinləşir, Nikol Paşinyana qarşı təzyiqlər artır. Bu kontekstdə Donald Trampın erməni cəmiyyətinə və diasporuna təsir imkanları, həmçinin erməni kilsəsi və revanşist qüvvələrə qarşı sərt mövqeyi Paşinyana əlavə siyasi dəstək verə bilər. Bu, onun öhdəlikləri daha asan və rəvan şəkildə yerinə yetirməsinə şərait yarada bilər”.

Azər Allahverənov qeyd etdi ki, hadisələrin inkişafı müxtəlif ssenarilər üzrə mümkündür, lakin istənilən halda ortada konkret sülh prosesi var: “Azərbaycan tərəfindən hazırlanmış, 17 maddədən ibarət və artıq paraflanmış sülh sənədi mövcuddur. Ölkəmizin yaratdığı yeni geosiyasi reallıq Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmininə xidmət edir. Bu reallıq ABŞ Prezidenti tərəfindən də yüksək qiymətləndirilir və dəfələrlə vurğulanır. Ağ Evin simvolik açarlarının Azərbaycana təqdim edilməsi kimi hadisələr də Vaşinqtonun ölkəmizə münasibətinin göstəricisidir.

Bütün bunlara baxmayaraq, Ermənistan daxilində öhdəliklərin icrasını gecikdirməyə cəhdlər ola bilər. Lakin Azərbaycanın formalaşdırdığı yeni status-kvo, beynəlxalq zəmanət mexanizmləri və ABŞ-ın prosesdəki rolu Ermənistanın bundan yayınmaq imkanlarını minimuma endirir. Əks halda, beynəlxalq hüquqi və siyasi təzyiq mexanizmləri işə düşə bilər. Bu səbəbdən mövcud şəraitdə Paşinyanın öhdəlikləri yerinə yetirməmək barədə düşünməsi real görünmür”.

Nigar Orucova, “İki sahil”

Chosen
113
50
ikisahil.az

10Sources