EN

"Avropa ilə İran arasında nüvə böhranı yenidən kəskinləşir" - "Deutsche Welle"

"Avropa üçlüyü"ndən sanksiya hədələri, Tehranın cavabı..."

Böyük Britaniya, Almaniya və Fransa BMT baş katibi Antoniu Quterrişə göndərdikləri məktubda İranın nüvə proqramı üzrə danışıqları bərpa etməyəcəyi təqdirdə sanksiyaların "dərhal" yenidən tətbiq ediləcəyini bildirib.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

"Avropa üçlüyü"nün xəbərdarlığı

"Financial Times"-ın 13 avqust tarixli məlumatına görə, məktubu üç ölkənin xarici işlər nazirləri imzalayıb və Tehran üçün avqustun sonunadək diplomatik razılaşma əldə etmək və ya möhlət təklifindən istifadə etmək imkanı qoyulub. Əks halda "sanksiyaların geri qaytarılması mexanizmi" işə salınacaq.

Bu xəbərdarlıq iyul ayında İsrail və ABŞ-ın zərbələrindən sonra İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırdığını elan etməsindən və Türkiyədə keçirilən çətin danışıqlardan sonra gəlib. Həmin danışıqlarda Avropa tərəfi sentyabra qədər sanksiyaları təxirə salmağa hazır olduqlarını bildirib, lakin İran ABŞ-la danışıqlar və MAQATE ilə əməkdaşlıq üçün real addım atmayıb.

Tehranın sərt cavabı

İran xarici işlər naziri Abbas Araqçı Avropanı hüquqi və mənəvi əsaslarının olmaması ilə ittiham edib, Avropa dövlətlərini gələcək nüvə danışıqlarından kənarlaşdırmaqla hədələyib və ABŞ-dan təhlükəsizlik zəmanətləri, eləcə də müharibənin vurduğu zərərin ödənilməsini tələb edib.

İran parlamentinin deputatı Manuçehr Mottaki isə daha sərt mövqe ortaya qoyaraq, BMT sanksiyaları bərpa edərsə, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NSYM) cəmi 24 saat ərzində çıxacağını açıqlayıb. Onun sözlərinə görə, bunun üçün qanun layihəsi artıq Məclisə təqdim olunub və təsdiqi sürətlə mümkündür.

Araqçı həmçinin ABŞ-ı "insanlığa qarşı cinayətlər" törətməkdə ittiham edib və Amerika sanksiyalarından zərər görən ölkələri birləşməyə çağırıb. NSYM isə nüvə silahına malik dövlətlərə onu heç bir tərəfə ötürməməyi və bütün üzv ölkələrə nüvə enerjisini dinc məqsədlərlə inkişaf etdirmək hüququnu tanıyır.

İran 2004-cü ildən bəri bu müqaviləni pozmaqda və nüvə silahı hazırlamaqda ittiham olunur. Bu addım atılarsa, Tehran yalnız Qərblə deyil, qlobal nüvə təhlükəsizliyi sisteminin özülü ilə də açıq qarşıdurmaya girəcək.

Chosen
49
50
moderator.az

10Sources