EN

Pulunuzu itirməyin: Qızıl sərmayəsində bilinməli ƏSAS QAYDALAR

Son illər bir çox ailələr hesab edir ki, artıq vəsaitlərini qızıl zinət əşyalarına yönəltmək gələcək üçün sərfəli sərmayə formasıdır. Xüsusilə də ənənəvi düşüncədə “qızıl hər zaman öz dəyərini qoruyur” inancı bu yanaşmanı gücləndirir. Lakin ekspertlər bildirirlər ki, zinət əşyaları şəklində alınan qızıl heç də sərmayə deyil və əksər hallarda alıcıya maliyyə itkisi gətirir.

İqtisadçı ekspert Eldəniz Əmirov Editor.az-a açıqlamasında bildirib ki, bir çox ailələr düşünür ki, əllərində pul olduqda onu qızıl zinət əşyasına çevirmək “gələcəyə sərmayədir”:

“Amma bu, böyük bir yanılmadır. Mövzunun gündəmə gətirilməsinin səbəbi də onun ətrafında çoxsaylı sualların yaranması və kütləvi yanlış düşüncənin formalaşmasıdır.

Çünki zinət qızılının qiyməti ilə alış qiyməti arasında ciddi fərq var. Məsələn, bazarda qızılın 1 qramı “x” manata dəyərləndirilirsə, 3 qramlıq bir sırğa 3x-ə deyil, 8x–10x aralığında satılır. Bunun səbəbi ustanın zəhməti, dizayn, mağazanın əlavə gəliri və digər xərclərdir. Sonradan həmin sırğanı satmaq istədikdə isə alıcıya yalnız qızılın çəkisi – yəni 3x manat ödənilir. Bu halda isə insan sərmayə etmiş olmur, əksinə, itki ilə üzləşir”.

İqtisadçının sözlərinə görə, qızıla sərmayə qoymağın düzgün forması zinət əşyaları deyil, xalis külçə, sikkə, birja alətləri və ya onlayn qızıl investisiya məhsullarıdır:

“Onların alış-satış fərqi minimal olur və dəyərini qoruma gücü daha yüksəkdir. Əlqərəz, qızılı “yaman günün dayağı” kimi görmək olar, amma yalnız xalis formada. “Mən özümə sırğa aldım, gələcəyə pul yatırdım” düşüncəsi isə sadəcə illüziyadır və ən yaxşı halda bəzənmək üçün bir bəhanədir”.

//Gülnarə Abasova, Editor.az

Chosen
13
20
editor.az

10Sources