EN

“Əliyev-Putin görüşü Azərbaycan Prezidentinin diplomatik qələbəsidir” – ÖZƏL

Azərbaycan və Rusiya prezidentlərinin görüşü iki ölkə arasında münasibətlərin tam normallaşma mərhələsinə qədəm qoyduğunu göstərdi. Görüş zamanı siyasi, iqtisadi və regional məsələlər müzakirə olunub, əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşılıqlı razılıq əldə edilib.
Rusiya Prezidentinin təyyarə insidenti ilə bağlı açıqlamaları bu məsələnin artıq arxada qaldığını və tərəflər arasında anlaşmanın bərpa olunduğunu göstərir.

Maraqlıdır, Əliyev-Putin görüşü Azərbaycan-Rusiya münasibətlərində hansı yeni mərhələni açır?
Görüşdən sonra anti-Azərbaycan ritorikasının azalacağı gözlənilirmi?

"Azərbaycan və Rusiya arasında gələcək münasibətlər baxımından son görüşlər ümidverici bir əminlik yaradır. Bu görüşlər, münasibətlərin pisləşməsini istəyən qüvvələrə çox böyük zərbə oldu. Bu, artıq Simonyanlar, Savalayanlar və Zatulin kimi Rusiyada ermənilərə dəstək verən siyasətçilərin və ictimai xadimlərin sözünün keçərliyinin düşdüyü anlamına gələ bilər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, onların həmin o təzyiq kampaniyası, hansı ki, həmçinin parlamentdən Azərbaycan əleyhinə səsləndirilən "Azərbaycana hücum etmək lazımdır" fikirlərləri, yəni bunların hamısı keçirilən görüşlə siyasət fiyaskosuna uğradı. 

Siyasi şərhçi qeyd edib ki, bu, Azərbaycan Prezidentinin diplomatik qələbəsidir. Çox böyük üstünlük əldə olundu və münasibətlərin gərginləşməsinə imkan verilmədi. Prezident böyük diplomatik ustalıq göstərərək iki ölkənin münasibətlərinin normallaşdırılması istiqamətində olduqca mühüm addımlar atdı. Yəni, bu, eyni zamanda həm Azərbaycanın, həm də Rusiyanın gələcəyi baxımından olduqca əhəmiyyətli bir hadisədir və kifayət qədər də özündə mühüm ölçülü məsələləri ehtiva edir. Gələcəkdə ola bilər ki, iqtisadi sahədə də daha yüksək canlanma müşahidə edilsin. Çünki əvvəlki dövrlərdə iki ölkənin iqtisadi və enerji sahəsində çox mühüm əməkdaşlığı var idi və mühüm layihələr nəzərdə tutulmuşdu. Həm bu layihələrin reallaşması, həm də digər əhəmiyyətli layihələrin meydana çıxması üçün çox böyük zəmin var. 

"Ümumiyyətlə, Azərbaycan və Rusiya münasibətlərinin inkişafı həm Moskvanın, həm də Bakının maraqlarına cavab verir və düşünürəm ki, bundan sonra artıq Rusiyada da Azərbaycan diasporuna qarşı qaldırılan əsassız ittihamlar, təzyiq kampaniyası sıradan çıxacaq və Azərbaycanın diasporu öz əvvəlki, güclü mövqeyinə qayıdacaq, hətta daha da güclənəcək. Azərbaycan Prezidenti böyük diplomatik sayıqlıq göstərərək, böyük diplomatik ustalıqla münasibətlərin gərginləşməsinə imkan vermədi və iki tərəfli layihələrin inkişafı baxımından artıq deyərdim ki, bu görüşdən sonra yeni bir yol açıldı", - deyə ekspert sonda əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
25
50
olaylar.az

10Sources