EN

Qurban Qurbanov: “Çelsi” ilə oyun bizim üçün əlavə stimuldur”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun “Çelsi” ilə oyunundan gözləntisini bölüşüb.

Arena.az xəbər verir ki, İngiltərə və Azərbaycan təmsilçiləri arasındakı görüş sabah Bakıda baş tutacaq.

Qurban Qurbanov oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun olacaq. Çox güclü, böyük tarixə malik komandaya qarşı oynayacağıq. Belə böyük klubların Azərbaycana gəlməsi, bu cür futbolçuları Bakıda canlı görmək azarkeşlər üçün əlavə stimuldur. Bu, futbolumuzun inkişafına, futbolun Azərbaycanda daha da sevilməsinə təkan verir. Matça pis hazırlaşmamışıq. Çox istəyirik ki, sabah yaxşı, mübariz oyun göstərək. Futbolçularıma güvənirəm. İnanıram ki, azarkeşlər ən azından oyunumuzdan razı qalacaqlar. Qonaqlar da Bakımıza xoş gəliblər.

“Çelsi”nin Bakıda məşqə çıxmaması, meydançanı yalnız oyun günü hiss etməsi bizim üçün üstünlük sayıla bilməz. Böyük komandalara belə halların təsir etməsinə inanmıram. Belə komandalar üçün oyun günü meydana çıxmaq elə də problem yaratmamalıdır. Bizim özümüzdə də bu cür hallar olur. Ancaq oyun günü meydanı hiss etmişik. Bəzi səfərlərimiz olub ki, belə rejimdə olmuşuq. Məşqimizi burada edib, səfərə oyuna getmişik. Bu, bizim üçün elə də stimul olmalı deyil. Onlarla saat fərqimiz çoxdur. Bu, onların işlərinə daha ciddi yanaşdığını göstərir. Böyük ehtimalla London rejimində gedirlər. Bunu nəzərə alıb, özümüzdə hansısa rahatlıq tapmalı deyilik”.

“Çelsi”yə görə öz sistemimizdən əl çəkməyəcəyik”

Qurban Qurbanov “Çelsi”nin bəzi futbolçularının zədə səbəbindən Bakıda oynamamasını da özləri üçün üstünlük saymır:

“Belə böyük komandaların 1-2 oyunçusunu müzakirə etmək güzgün olmaz. Bunlar böyük klublardır, qarşılarına böyük hədəflər qoyublar. Bir oyunçusu yoxdur, o biri var, heyətləri çox genişdir. Bu oyunçu olsa, necə olardı kimi düşünməməliyik. Onların oyun sisteminə uyğunlaşmalıyıq. 1-2 futbolçu olmasa da, oyunlarında nəsə hiss edilmir.

“Çelsi” son vaxtlarda rotasiyalara gedir. Bəzən Çempionlar Liqasında fərqli, Premyer Liqada fərqli heyətlə oynayırlar. Amma oyun üslubu sabit qalır. Sadəcə, 2 detal var. Fərqli heyətlər oynayanda icra edirlər. Sabah heyətlərinə uyğun futbolçularımıza fikirlərimizi bildirəcəyik. Bütün bunları komandaya demişik. “Çelsi” kimi rəqiblərin belə oyunlarda heyətdə dəyişiklik etməsi, onları fərqli etmir. Biz öz bildiyimizi daha yaxşı etməyə çalışacağıq. Öz sistemimizdən əl çəkməyəcəyik. Biz də oyunun gedişində xırda element, detaldan daha çox istifadə edə bilərik. Hər bir halda, bu oyundan futbolçularımz zövq almalı və sona qədər inamla mübarizə aparmalıdırlar”.

Qurban Qurbanov “Çelsi” üzərində mümkün qələbənin əhəmiyyətindən də söz açıb:

“Belə böyük klublara qarşı qalibiyyət çox önəmlidir. Real baxsaq, bu gün biz kiçik futbol ölkəsi kimi tanınırıq. Belə ölkənin komandasının böyük kluba qalib gəlməsi gələcək üçün əlavə güvəndir. İngiltərə klublarına qarşı qalibiyyətimiz yoxdur. Hətta xal da qazanmamışıq. Çünki İngiltərə Premyer Liqası başqa səviyyədir. Həmişə demişəm, dünyanın ən güclü liqasıdır. Bütün komponentlərdə digər futbol ölkələrini üstələyirlər. Belə ölkənin komandalarına məğlub olsaq da, uduşumuz var. Biz möhkəm olmalı, ayaq üstə durmalı, inamlı mübarizə aparmağı bacarmalıyıq. Ən azından azarkeşlərimizi yaxşı, mübariz oyunla sevindirməliyik. Qələbə, məğlub olmamaq böyük avantajdır. Hər bir halda, bu cür klubların Bakıya gəlməsi uduşdur, üstəlik onlara qarşı oynamağımız da çox xoşdur”.

“Bir neçə mövqe var ki, ora da oyunçu gətirmək istəyirik”

Qurban Qurbanov indiki “Qarabağ”la 2017-ci ildəki komandası ilə müqayisə də edib:

“2017-ci illə bu ili müqayisə etsək, ümumi futbol çox inkişaf edib. O vaxt da klublar arasında fərq çox idi. Bu gün ola bilər ki, daha da çoxdur. Çünki əvvəllər bizim onlardan zəif cəhətlərimiz çox idi. Bəlkə indi təcrübəmiz çoxalıb. Amma İngiltərə Premyer Liqasında futbol çox inkişaf edib. Çox sürətlə irəli gedirlər. Biz nə qədər təcrübəli, inkişaf etmiş olsaq da, “Çelsi” daha çox inkişaf edir. Bu da bizim üçün təhlükədir. Buna baxmayaraq, bu gün burada dünya çempionuna qarşı oynamaq… Finalda PSJ-nin qapısına 3 qol vurublar. Onlara qarşı burada oynamaq bizim üçün əlavə stimuldur. Klublar arasında fərq böyük olsa da, yaxşı, mübariz oyun göstərməyə çalışacağıq”.

Qurban Qurbanov yanvarda hücumçu transferinin mümkünlüyünü istisna etməyib:

“Onsuz da, hücumçu axtarışındaydıq. Bir neçə mövqe var ki, ora da oyunçu gətirmək istəyirik. Həmişə çalışmışıq ki, transfer pəncərəsindən maksimum istifadə edək, komandamız üçün faydalı olsun. Transfer siyasətimiz elədir ki, heç bir nəticə gözləmirik. Transfer işləri daim davam edir”.

Qurbanovdan Mareskaya təşəkkür

Təcrübəli mütəxəssis “Çelsi”dəki həmkarı Entso Mareskanın onun və komandası barədə səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“Mareskaya belə fikirlərə görə, təşəkkür edirəm. Belə fikirlər bildirirsə, komandamızla yaxından maraqlanıb, bizimlə matça ikinci dərəcəli oyun kimi baxmır. Burada götürülən hər xal, qalibiyyət liderlik üçün böyük təkandır. Bu da göstərir ki, məşqçilər, futbolçular, klub çox peşəkardır. Buna görə də o səviyyələrə gəlib çıxıblar.

Sıx qrafikdə oynadıqları üçün problemləri ola bilər. Futbolçu yorğun olanda, potensialını göstərmir. Beşli oynamağı xoşlamıram. Bəlkə də get-gedə futbol bunu tələb edir. Bu günə kimi əldə etdiyimiz uğurları sistemimizə görə bacarmışıq. Hansısa oyunda daha çox müdafiəyəmeyilli oyun qurmaq, dağıdıcı futbol oynamaq olar. Amma bu sistemlə uzunmüddətli uğur olmur. Beşli müdafiə oynayıb, dominantlıq edən komandalar da var. Bu, başqadır. Amma sırf “Çelsi”nin qarşısını almaq üçün beşli müdafiə ilə oynamaq barədə düşünməmişəm. Oyunun gedişatında hansısa dəyişikliklər ola bilər. Sırf müdafiəçi ilə yox, hücumçu ilə də əvəzləmək olar. Fikrimi tam da geniş ifadə etməyəcəyəm.

Xatırladaq ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
16
24
arena.az

10Sources