Azərbaycan cüdoçusu Vüqar Talıbov Xorvatiyanın paytaxtında təşkil edilmiş Zaqreb qran-prisində bürünc medal qazanıb.
Arena.az xəbər verir ki, bu gün Zaqreb qran-prisinə yekun vurulub.
Sonuncu yarış günündə 3 çəki dərəcəsində 5 cüdoçumuz tatamiyə çıxıb. Təəssüf ki, onların əksərinin çıxışı uğursuz alınıb.
İdmançılarımızdan yalnız Vüqar Talıbov (-90 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxmağı bacarıb. O, üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslan Kotsoyevə qalib gələrək Zaqreb qran-prisində bürünc mükafatın sahibi olub.
Aslan Kotsoyevlə yanaşı, sonuncu yarış günündə tatami üzərinə çıxmış millimizin digər üzvlərindən Əjdər Bağırov (-100 kq), Camal Qamzatxanov və Kənan Nəsibov (hər ikisi +100 kq) da medalsız qalıblar.
Xatırladaq ki, Azərbaycan Xorvatiyadakı yarışa bütövlükdə 15 cüdoçu ilə qatılmışdı. Daha öncə yığmamızın digər üzvü Hüseyn Allahyarov (60 kq) da Zaqrebdə bürünc medal qazanmışdı.

